İradə CƏLİL: "Bir mənim sevgimi qazanan sevinir, bir də bu
sevgidən canın qutaran”...
Hər zaman göz önündə olan aparıcılar, jurnalistlərlə müsahibələrə açıqlamalar rast gəlirik. Amma bizim gözdən uzaq olsa da, könüldən uzaq olmayan jurnalistlərimiz, yazarlarımız var. İradə Cəlili uzun müddətdir ki, facebookdan izləyirdim. Yazdığı yazılar, paylaşdığı şəkilləri və səmimi, içdən deyilən statusları ilə diqqətimi cəlb edirdi. İki uşaqlı ana, çalışır və övladlarını saxlayır və bununla yanaşı insanların da problemlərinə çarə axtarmağa çalışır. Bunu daha çox sputnik.az saytında hərbçi və şəhid ailələri ilə hazırladığı reportajlarda daha aydın görürdüm. Və bir gün onun özü ilə danışmağı qərar aldım.
Sadədir, yazılan mesajlara səmimi cavab verir. Sizə İradə Cəlillə
olan müsahibəni təqdim edirəm.
-Niyə İradə Cəlil?
- Cəlilova mənim soyadımdır, iki il öncə qərara aldım ki, mən də zamanla ayaq uydurum və qısaldım Cəlil etdim. Yəni bu Cəlil adı xüsusi birinin adı deyil ..
- Facebookdan sizi izləyirəm. İki oğul anası və iş qadını olmaq çətin deyil ki?
- Yox, bu artıq mənim həyat tərzimdir. Bəzən mənə elə gəlir ki, uşaqalrımla birgə doğulmuşam. Səhər 6-da dururuq, yeməklərini hazırlayıb, məktəbə aparıram. Oğullarım Pişəvəri adına Humanitar Fənnlər Gimnaziyasında oxuyur. Dərslər 9 yarısı başlayıb, saat 5-də yekunlaşır. Yəni 9-un yarısından 5 ə qədər mən özümü işimə həsr edirəm. Uşaqları məktəbə qoyduqdan sonra sevimli iş yerim Ekspreesə üz tuturam. Günün mövzuları ilə tanış olub, uyğun bir mövzu işləyirəm. Bu hardasa 2 -3 saatımı alır. Sonra isə sputnik.az saytı üçün hazır olan yazılarımın üzərində işləyirəm. Axşam da uşaqlarımı götürüv evə həlirəm, yeməklərini hazırlayıb, dərsləri ilə məşğul oluram. Həyatım monoton görünə bilər. Amma oğullarımla həyat çox gözəldir. Hər zaman Allahaıma şükür edirəm məni iki gözəl balamı verdiyi üçün, məni həyatda gözəl insanlarla qarşılaşdırdığı üçün. Ümumiyyətlə insan Şükür edərək yaşayanda həyatı daha rahat olur.
- Artıq uzun illərdir ki, jurnalistikadasınız. Ancaq siz sadəcə müxbir kimi fəaliyyətlə kifayətlənirsiniz?İş dəvəti yoxdur, yoxsa özünüz istəmirsiniz?
- Bilirsiniz iki oğlum var, onların hər şeyi dərsi, geyimi, yeməyi, tərbiyəsi ilə özüm məşğulam. Buna görə də reimli iş mənim üçün problem yarada bilər. Mən uşaqlarımı özümdən başqa heç kimə etibar edə bilmərəm. İş təklifləri olur, amma rejimli iş mənim üçün deyil. Həm azad ruhlu insanam, saat 9.00 dan 18.00-ə kimi bir yerdə qalmağa səbrim çatmaz. Azad rejimli işlər mənim üçün daha rahatdı. Ola bilsin hər zaman müəyyən KİV-lərdə müxbir olaraq işləyim, bu mənim üçün kompleks deyil. Əsas imzamın tanınmasıdır, bunun üçün də əlimdən gələni edirəm. Bəlkə kiməsə asan görünə bilər, amma iki oğul böyütmək çox böyük işdir. Onların tərbiyəsi üçün, psixoloi durumunun pozulmaması üçün, başqa uşaqlardan (yemək, geyim, təhsil, istirahət) fərqlənməməsi üçün hər şeyi edirəm.
- Uşaqlarınızı çox sevirsiniz?
- Hansı ana övladını sevməz ki? Mən onlara hər şeyi qurban verməyə hazıram. Bəzən mənə deyirlər ki, niyə özünə zaman ayırmırsan? Uşaqlar böyüyəcək onsuz da, sən isə həyata bir dəfə gəlmisən. İnanın, ürəyimdən heç nə keçmir. Heç nə düşünmürəm. İşdə olanda belə tez-tez saata baxıram ki, uşaqalrın arxasınca gecikməyim, tək qalmasınlar, gözləri yolda qalmasın. Deyirlər yaşın keçir və hər qadın kimi sənin də ailən olmalıdır. Mənim ailəm var. İki oğlum mənim ailəmdir. Mənim artıq heç nəyə ehtiyacım yoxdur. Qadının həyatında kişi olmadan da qadın xoşbəxt ola bilir. Mənim xoşbəxtliyimin sirri oğullarımın boynunun altındakı qoxudur. Tək olanda, problemim olanda qucaqlayıb qoxularını içimə çəkirəm və qəribə bir güc gəlir mənə.
- Sevgi deyiləndə nə gəlir ağlınıza.
- Sevgi... İnsan sevgi haqqında yaşının müəyyən dövlərinə uyğun olaraq müxtəlif düşünə bilir. Sevgi Heydərdi, sevgi Səməddi, sevgi onların " ana” kəlməsidir. Bu gün mənim üçün sevgi budur. Amma bu o demək deyil ki, mən sevməməmişəm. Mən də dəlicəsinə, hətta vəhşicəsinə sevmişəm. Amma sonunda anladım ki,bu sevgi tək tərəflidir. Gec olsa da, özümü ələ aldım və bütün fikirlərimi öz uşaqlarım üzərində topladım. Mən sevəndə həmin insanı dünyanın mərkəzinə qoyuram. Nə bilim, heç kimə mən tərəfdən sevilməyi arzulamıram. (gülür) Bir mənim sevgimi qazanan sevinir, bir də bu sevgidən canın qutaran. Düşünə bilirsiniz, kimisə sevəndə o insanla o qədər maraqlanıram, o qədər düşünürəm ki, özüm belə ikinci plana düşürəm. Hisslərə önəm verən insanam. Nəyinsə xatirinə həyatıma kimisə almaram. Həyatıma kimsə girə bilirsə ki, bu artıq mümkün deyil, deməli o insanı dəli kimi sevirəm. Mənim üçün hiss ya var, ya yoxdu. Mənim hisslərimdə orta hədd yoxdur.
- Xoşbəxtsinizmi?
- Xoşbəxtlik sadəcə sözdür. Hər zaman insan həyatında çatışmayan nəsə olur. Və o nəsə olduqca insan özünü tam xoşbəxt hiss edə bilməz. Mənim də həyatımda çatışmayan nəsələr var və çoxdur. Ramiz Rövşən deyir: Bəlkə də biz xoxşbəxt ola bilərdik,
Bəlkə də xoşbəxtik xəbərimiz yox.
- Yenidən ailə qurmaq barədə heç düşünürsünüzmü?
- Yox. Bunun üçün artıq gec olduğunu düşünürəm. Bir də qadın özü ayaqları üstə dura bilirsə, yaşamını özü saxlaya bilirsə, həyatını heç kimlə bölüşmək istəmir. Bundan sonra kiminsə qadağaları, kiminsə qaydaları ilə yaşamaq mənə görə deyil. Uşaq deyləm, mənim də həyatımın sərhədləri var. Kiminsə diktəsi ilə yaşamaqdansa belə yaşamaq gözəldir.
- Bəs kiminsə diktəsilə yazdığınız yazı olubmu?
Əsla! Kimsə deyə bilməz ki, İradəyə bu qədər pul verib yazı yazdırmışam. Mən gördüyümü, doğru bildiyimi yazıram. Hətta bu yaxınlarda buna görə problem də yaşamışam. Bəzi insanlar elə düşünür ki, onları etdikləri, onların düz hesab etdikləri hamı üçün düz olmalıdır. Mən isə cəmiyyətin düz hesab etdiyini demişəm. Pronlemlə qarşılaşmışam. İş yerimə gəlib məni təhdid ediblər. Amma mən belə davranışların qarşısından qaçmıram. Və bu problemləri şəxsi problemlə çevirmirəm. Belə hallarda hüquq mühafizə orqanlarına müraciət edir və dövlətin məni qorumasını xahiş edirəm. Biz hüquqi dövlətdə yaşasaq da, bəzi insanlar bunu təkzib edir və istəklərini qol gücünə həyata keçirməyə çalışırlar. Belə məqamla qarşılaşanda dövlətimə və onun mühafizə orqanlarına sığınıram. Nədən qorxmalıyam ki? O insan qorxar ki, özünə güvənməsin, dövlətinə güvənməsin. Mən özümə güvənirəm. Mən İradəyəm.
- Deyirlər insanın adı yaşadıqlarını əks etdirir.
- Elədir. Mənim də çətin zamanlarım olub. İradəli olmaq lazım olub. Nə dərəcədə bu sınaqlardan çıxmışam, bilmirəm. Amma şükür bu günümə.
İndi elə bir dövrdə yaşayırıq ki, yazan çoxdur.
- Özünüzü jurnalist hesab edirsinizmi?
- 15 ildir jurnalistika da olsam da özümü bu ildən jurnalist hesab etməyə başlamışam. Sputnik.az saytında fəaliyyətə başlayandan sonra dünyaya, cəmiyyətə, insanlara baxışım dəyişib. Orada redaktorum Tural Ağatlı çox gözəl insandır. Hər zaman əlimdən tutub. Yaxşı dostdur. Bəzən ona ikinci mən deyirəm. Çünki nə demək istədiyimi ilk cümlədən anlayır.
Ümumiyyətlə mənim hər zaman qarşıma gözəl insanlar çıxıb, lap əvvəldən Emil Tahiroğlu, Space də Eldəniz Elgün, Ekspress qəzetində Qalib Məmmədli, Azvision.az saytın Vüsal Məmmədov (hansı ki, köşə yazmağı mən ondan öyrənmişəm), aile.lent.az da Xəyalə Muradlı, modern.az da Elşad müəllim, Əfqan müəllim. Yəni bu insanlar mənim qarşıma çıxmasaydı mən bu gün mən olmazdım. Xüsusən Vüsal Məmmədovu qeyd edim ki, məni o İradə Cəlil edib, onun davranışları, yazılarıma olan münasibəti və düzgün istiqamətləndirməsi. Mənim həmkarlarımla narazılığım olmayıb. Çox gözəl dostlarım var. Bəli, mən jurnalistəm. Heç kimdən rüşvət almayan, kiminsə diktəsi ilə yazmayan, kimisə şanta etməyən, öz doğruları və vicdanı ilə hərəkət edən və yaşamağa çalışan bir jurnalist.
- Jurnalist kimi sizə stimul verən nədir?
- Aha ən maraqlı məsələ elə budur mənim üçün. Bilirsiniz KİVDF müəyyən aralıqlarla müsabiqələr təşkil edir. Mənə stimil verən bu ilin əvvəli aldığım mükafat oldu. Çox jurnalistlər bəlkət tez-tez mükafatlandırırlır. Amma Suraxanı Rayonu üzrə keçirilən müsabiqədə birinci yer almağım mənə dünyanın ən böyük hədiyyəsi idi. Söhbət maddi tərəfdən getmir. Mən o müsabiqəyə həvəsləndirici mükafat alacağımı düşündüyüm üçün getmişdim. Uzun sürən tədbir sırasında darıxmışdım da ki, görəsən tədbir neçə saat çəkəcək. Çünki uşaqlarımın məktənbdən çıxacağı saata az qalmışdı. Amma Fondun rəhbəri Vüqar Səfərli birinci yerə layiq olduğumu deyib məni mükafataı almağa dəvət edəndə, həyacandan əl-ayağım əsirdi. Bu mənim üçün uğur idi. Saq olsun Vüqar müəllim gözəl insandı, mən onu belə tanımırdım. Bu mükafatdan sonra mən sözün əsl mənasıdan ayağa qalxdım. Həvəsləndim, daha çox işləməyə başladım, daha çox yazmağa başladım. Yeni iş –sputnik.az saytı ilə əməkdaşlığa başladım. Bilirsiniz mənim o mükafatı almağa çox ehtiyacım var idi mənən. Ötən il atam dünyasını dəyişmişdi və mənim həyata olan inamın qırılmışdı. Özümü gərəksiz, lazımsız, kimsəsiz, bacarıqsız hiss edirdim. Depressiya deyilən nədirsə, onu yaşayırdım. Amma bu mükafat mənim həyata dönüşüm oldu. Çox saq olsun dəyərləndirən şəxslər, xüsusilə Vüqar müəllim (Vüqar Səfərli)
- Gələcəyə nə planınız var?
- Başqalarını bilmirəm, amma mən planla yaşayan insan deyiləm. Ekspromt yaşamağı sevirəm. Anın yaşatdığını. Amma bir layihəm var və saq olsun dostlarım, yaxında həmin layihəmi, mənə layiq olan bir layihəni təqdim edəcəyəm. Mənim də özümə məxsus, hər şeyi doğru deyən, əyrini əyri, düzü düz göstərən,rüşvətdən kənar bir saytım olacaq. Bizim öz işçi qrupumuz var və çalışacağıq ki, hər şey oxucunun könlüncə olsun.
Siz onsuz da iki KİV də çalışırsınız, bu sayt layihəsi hardan gəldi fikrinizə?
Bəzi yazılar, müraciətlər olur ki, mən onları işlədiyim KİVlərdə yayınlama gücünə malik deyildim. Amma bu saytda heç kəsin qəlbini qırmayacağıq. Xüsusi " OXUcu” rubrikamız olacaq ki, hamıya öz şikayətini yazmaq imkanı veriləcək.
- Kitab oxuyursunuzmu?
- Oxuyuram. Ən son oxuduğum kitab Dale Garneginin " Üzünütünü bırak, yaşamaya Bak” kitabıdır. Bilirsiniz Türkiyədə təhsil aldığım üçün Türkcə olan kitablara daha çox üstünlük veririəm. Piter Koutherin " İnandırma və Təqdimetmə” kitabını da türkcədən anadilimizə tərcümə etmişəm.
- Boş vaxtlarınızda nə edirsiniz?
- Boş vaxtım olmur. Olanda uşaqlarıma sərf edirəm, gəzdirirəm, dəniz kənarına aparıram. Hər zaman yaşamadığım ən yaxşıları uşaqlarıma yaşatmağa çalışıram.
- Hansı yeməkləri daha gözəl bişirirsiniz?
- Mən Bakılı qızıyam, Bakı yeməklərini düşbərə-qutab, plov daha gözəl bacarıram. Amma 7 ildir ki, uşaqlarımla tək yaşamağa öyrəndiyim üçün kabab bişirməyi də, samovar qaynatmağı da öyrənmişəm. İnşəallah bir gün qonağım olarsan.
- Sevdiyin şair?
- Ramiz Rövşən. Nəbi Xəzri.
- Sevdiyin mahnı?
- Türk 90 cı illər mahnılarını sevirəm. Harun Kolçak " Yerine sevemem”.
- Son olaraq nə demək istərdin?
Sözümü də Nəbi Xəzrinin bir şeri ilə bitirmək istərdim:
İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
"Sevirəm" söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.
Aysu Qurbanova