“Bu amnistiya aktında bütün şərtlər nəzərə alınıb” - Tənzilə Rüstəmxanlı

“Bu amnistiya aktında bütün şərtlər nəzərə alınıb” - Tənzilə Rüstəmxanlı
SİYASƏT
17:23 16.12.2025
162
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib. 

Milli Məclisin bugünkü plenar iclasında gündəlikdəki məsələlərə münasibət bildirən deputatlar Prezidentin amnistiya təşəbbüsünü yüksək qiymətləndirib.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı AZXEBER.COM-a açıqlamasında deyib ki, amnistiya çox böyük və mühüm hüquqi tədbirdir:

"Bu, ölkə başçısının atdığı son dərəcə humanist addımdır və Azərbaycanda humanizmin hansı səviyyədə olduğunu bir daha nümayiş etdirir. Bu amnistiya aktında bütün şərtlər nəzərə alınıb. Vətən müharibəsinin iştirakçıları və antiterror tədbirləri zamanı döyüşlərdə iştirak etmiş şəxslərin birinci dərəcəli yaxın qohumlarının da bu amnistiyadan yararlanması nəzərdə tutulur. Lakin bunun da müəyyən şərtləri var və həmin şərtlər sənəddə hərtərəfli şəkildə göstərilib”.

Deputat qeyd edib ki, bütün hallarda bu qərar böyük humanizmin nümayişidir:

"Düşünürəm ki, amnistiyadan yararlanan şəxslər cəza çəkdikləri müddətdə törətdikləri əməllərdən lazımi dərs çıxarıblar və gələcəkdə bu cür halların təkrarlanmaması üçün nəticə çıxaracaqlar. Xüsusilə 60 yaşdan yuxarı şəxslərin, eləcə də cinayəti törədərkən yetkinlik yaşına çatmayan gənclərin bu amnistiya aktından yararlana bilməsi cəmiyyətə verilən mühüm mesajdır. Mən bu qərarı alqışlayıram və yüksək qiymətləndirirəm”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR