“Bu Azərbaycan daxili işlərinə müdaxilə cəhdidir” - Fərid Şahbazlı

SİYASƏT
17:46 04.12.2014
1696
“Avropa Parlamentinin prezidenti Martin Şultsun Avropa Parlamentinin plenar iclasındakı çıxışı tamamilə qərəzlidir və Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir. Martin Şults Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət sərgiləmək əvəzinə ölkəmizlə bağlı yalan və subyektiv mülahizələrə əsaslanan iddialar səsləndirir”.
Bu sözləri “İslahatçı Gənclər” İctimai birliyinin sədri Fərid Şahbazlı noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında Martin Şultsun Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirirkən deyib. O qeyd edib ki, M. Şults konkret cinayət əməlinə görə həbs edilmiş Leyla Yunusovanın alovlu müdafiəçisi rolunda çıxış etməklə, əslində əsl niyyət və mahiyyətlərini ortaya qoymuş olub: “Konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır, Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir.
İndiyə qədər cənab M.Şults çıxışlarında Ermənistandan deportasiya edilmiş, özlərinin Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından bircə dəfə də olsun danışmayıb, erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qoyulan müsəlmanlardan bəhs etməyib. 25 ildir təcavüzkar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları haqqında bir dəfə də olsun cənab Şultsun səsini və fikrini eşidən olmayıb, eyni zamanda Avropada hər gün dini və insani hüquqları tapdanan milyonlarla müsəlmanın diskriminasiyaya məruz qalması Avropa Parlamentinin prezidentini qətiyyən narahat etmir”.
Fərid Şahbazlının sözlərinə görə, bütün bunlar onu düşünməyə əsas verir ki, Şultsu daha çox Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmaq, Azərbaycan xalqını demokratik dəyərlərdən uzaq bir xalq kimi qələmə vermək mərəzi ilgiləndirir: “Hesab edirəm ki, Avropa Parlamentində Azərbaycana qarşı qərəzli, həqiqətə uyğun olmayan belə fikirlərin səslənməsi Qərbin Cənubi Qafqaz siyasətinin zəifliyindən xəbər verir, bu təşkilatın hələ də region dövlətlərinin bölgədəki rolunu real qiymətləndirə bilmədiyi gerçəkliyini ortaya qoyur. Biz gənclər olaraq, M.Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və obyektivlikdən uzaq fikirləri birmənalı şəkildə rədd edir və Avropa ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə səsləyirik”.
OXŞAR XƏBƏRLƏR