Bu gün Pərvini söyənlər, sabah ona "fəxrimizsən" deyəcək

Bu gün Pərvini söyənlər, sabah ona "fəxrimizsən" deyəcək
MAQAZİN
21:44 27.11.2017
3985

Hacıbəy Heydərli 

 

Azərbaycanda son illər Pərvin Abıyeva qədər müzakirə olunan, diqqət cəlb edən, filmlərdə rol alan ikinci bir aktrisa yoxdur. Demək olar ki, Azərbaycanda film çəkməyə başlayan, pul qazanmaq istəyən hər kəsin ilk müraciət etdiyi şəxsdir Pərvin. Əslində, bu qız özü də düşünmədən hər kəsin diqqətini özünə cəlb etməyi bacarır. Pərvin hansı tədbirə gedirsə, mediadan uzaq gəzməyə çalışır. Jurnalistlərə deyir ki, məndən çox yazmayın, camaatı bezdirmək istəmirəm. Buna özüm şahid olduğum üçün deyirəm.
Ölkəmizdə elə şəxslər var ki, onlar özlərini nə qədər reklam etsələr də, efirlərə, saytlara pullar yağdırsa da, məşhur ola bilmirlər, xalq o insanı qəbul etmir. Bir qisim insan da var ki, onlar xüsusi heç nə etməsələr də, bir anda ulduz olurlar. Elə son günlər videosunu yaydığımız Vüsal Rzasoy kimi. Əminəm ki, ad-soyad sizə heç nəyi xatırlamadı, ancaq bu adamın "ayə, harya gedirsən, ayə” mahnısını eşitməyən qalmayıb, bu adam bir gecədə ulduz olanlardandır. Bundan sonrası isə onun öz əlindədir, əgər istəsə aya qalxar, istəsə çaya enər. Pərvin də Vüsal kimi harasa daha da dəqiq desək Türkiyəyə getmək iddiasındadır.

Bu qızın təhqirə məruz qalmasına səbəb isə Türkiyə mediasına daha da konkretləşdirsək "Hürriyet” qəzetinə verdiyi müsahibədir. Bilməyənlər üçün qeyd edim ki, "Hürriyet” təkcə Türkiyənin yox, Avropanın ən çox ziyarət olunan saytıdır. Bizim Pərvin də qardaş ölkə mediasına müsahibəsində Azərbaycan kişiləri haqda fikir bildirib və deyib ki, bizim kişilər kobuddur, romantik deyil.
Məhz bu sözlərə görə də Azərbaycanda son günlər sanki Pərvin Abıyeva xofu yaşanır. Özünü romantik hesab edənlər oğlanlar, "tükəzban” sindromundan yaxa qurtara bilməyənlər qızcığaza hücum etməyə başlayıblar. Tanıyanlar bilir ki, vaxtilə Pərvini biz də tənqid etmişik və onun da bizə münasibəti heç də normal deyil. Ancaq bir məqamı qeyd etməyi özümə borc bilirəm ki, Pərvinlə ortaq dostlarımız çoxdur və onlar hamısı aktrisa haqda bu sözü deyirlər: "Pərvin kişi kimi qızdır, çətin günün dostudur”

Bu sitatı elə-belə qeyd etmədim.Diqqətli oxucular görür ki, son günlər həmkarlarından, ətrafdakılarından heç kim Pərvini müdafiə etmir, hər kəs əlinə”tum” alıb, onun təklənməsini kənardan izləyir. Elə bil ki, dram filminə baxırlar. Bu qızcığaz isə təkbaşına hamıyla savaşır, nə var, nə var, bizim hər birimiz romantikmişik. Pərvinin oğlan dostları, onun hesabına filmdən pul tutanlar, özlərinə sponsor cəlb edən "kişilər” sanki yoxa çıxıb. Sanki Pərvin vətən xainidir və onu müdafiə etmək qəbahətdir.

Onu da qeyd edim ki,Pərvini "Hürriyet”ə müsahibəsinə görə qınayanlar heç "İğdır xəbər” saytına da çıxa bilməyənlərdir. Abıyevanın iddiası hər kəsə bəllidir. O gənc olaraq Türkiyə sinema arenasına girmək istəyir və bu yolda öz doğrularını edir. Bir yanda "ayə, harya gedirsən, ayə”ni gündəm edən cəmiyyət isə digər yanda özünün romantik adlandırılmasını tələb edir.

Sonda isə Pərvinə xatırlatmaq istəyirəm ki, biz cəmiyyət olaraq bir zamanlar Elnur Hüseynova da "gey, mavi, üz qarası” deyirdik, ancaq o "O səs Türkiyə”də qalib olanda, "fəxrimizsən qardaşım” deyərək onu bağrımıza basdıq. "Eurovision” qalibimiz Eldarı da "kişilik dışına” atmışdıq, ancaq musiqi mədəniyyətimizə ən böyük töhfəni o verdi.

Əminəm ki, sabah Pərvin də Türkiyənin "ən iyi aktrisası” adı alanda hər birimiz ona "səninlə fəxr edirik” deyəcəyik. Ancaq həmin anda Pərvin bu gün onu təhqir edən insanları bağışlayacaqmı? Bax, əsl sual budur.

Romantik bəylərimizə isə demək lazımdır ki, hər il yüzlərlə qızımız Türkiyəyə, Avropaya, ABŞ-a ərə gedir. Görəsən, biz heç düşündükmü bunun əsl səbəbini? Pərvin bunu sözdə deyib, ancaq bu xanımlar əməldə xariciləri romantik saydığı üçün onları seçib.

Dostlar, sonda isə bu sualı düşünün: "Neçə nəfər azərbaycanlı kişi tanıyırsız ki, Türkiyə, İran, Avropa vətəndaşı ilə ailə həyatı qursun? 

Daha sonra isə bu haqda düşünün: Nə qədər azərbaycanlı qız tanıyırsız ki,Türkə,İranlıya, Avropalıya ərə gedib?

Bəlkə, Pərvini söyənə qədər bu sualı özümüzə verək: Nəyə görə qızlarımız xaricə ərə gedir, bizi isə xarici qızlar sevmir?Bir şeyi də unutmayaq ki, kişilik qızı təhqir etmək deyil, qız səhv etsə belə ona sahib çıxmaqdır. Belə kişilər isə təəsüf ki, günü-gündən azalmaqdadır...

OXŞAR XƏBƏRLƏR