Cəbhədən şəhid xəbərləri gəlir, bu kinoteatrlar isə komediya filmləri verir – FOTOLAR

SOSİAL
20:01 03.04.2016
6157

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrdə hərbi qulluqçularımızın həlak olması ölkənin əsas gündəminə çevrilib.

Son iki gün ərzində cəbhədən gələn xəbərlər həm sosial şəbəkələrin, həm də KİV-lərin əsas xəbər başlığı olub.

Bəs görəsən belə gərgin gündə paytaxt Bakıda fəaliyyət göstərən kino mərkəzləri öz repertuarlarında hansı dəyişiklik ediblər?

AZXEBER.COM bu suala cavab tapmaq üçün kiçik bir araşdırma apardı.

Əvvəlcə Nizami Kino Mərkəzindən başlayaq. Sözügedən kino mərkəzi gün ərzində repertuarda olan bütün komediya və əyləncə janrında olan filmlərin nümayişini dayandırması ilə bağlı açıqlama yayıb. Mərkəzin açıqlamasında bunun cəbhədən gələn şəhid xəbərlərinə görə verildiyi qeyd edilib.

Şəhərin ən çox ziyarət olunan “Cinemaplus” (28 cinema) kino mərkəzinin də bu günkü repertuarına göz yetirdik. Seanslarda yeni çıxan komediya filmlərinə olduqca böyük marağın olması və 3 aprel tarixinin həm də istirahət gününə təsadüf etməsinə baxmayaraq, mərkəz öz repertuarında dəyişikliyə gedib.

Belə ki, artıq bir aydır yayımı davam edən “Axırıncı Yol” adlı yerli komediya filmi bu gün nümayış etdirilməyib. Yayımına yeni başlanılan Türkiyə istehsalı “Osman Pazarlama” adlı komediya filmi böyük izləyici auditoriyası üçün maraq doğursa da, kino mərkəzi bu filmi də öz repertuarından çıxardıb. 

 “Park Cinema”nın “Axırıncı yolu” ...

İndi isə Azərbaycanın ən böyük kino mərkəzlərinə sahib olan “Park Cinema”nın repertuarına baxaq. Paytaxt Bakıda 5 kino mərkəzinə sahib olan şirkət bu gün digər rəqiblərindən fərqli olaraq hansısa bir dəyişikliyə getməyib. Belə ki, “Park Bulvar” alış-veriş mərkəzində yerləşən kino mərkəzində “Axırıncı Yol” komediyasının bu günə təyin olunmuş ən son senası gecə saat 00:40-a qədərdir.

“Metro Park” alış-veriş mərkəzində yerləşən kino mərkəzində də analoji olaraq heç bir dəyişiklik gözə dəymir. “Axırıncı Yol” komediyası gün ərzində nümayiş etdirilib və son seansı 01:40-a təyin edilib. Bundan başqa aprel ayından ölkəmizdə yayıma başlayan, Türkiyə istehsalı “Osman Pazarlama” adlı komediya filmi də gün ərzində bir neçə dəfə nümayiş etdirilib.

Alov Qüllələri Kompleksində, Amburan və Zaqulbada yerləşən kino mərkəzlərində də komediya filmləri repertuarlardan çıxarılmayıb.

AZXEBER.COM 

OXŞAR XƏBƏRLƏR