İyun 25-də Cəlilabad rayonunda "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin yerli filialının rəsmi təqdimat mərasimi olub. Tədbirdə İctimai Birliyin sədri Bəhruz Məmmədzadə yeni təsis olunan Cəlilabad rayon filialının rəhbəri Famil Fərəcovu rayonun icra hakimiyyətinin başçısı cənab Rafiq Cəlilova təqdim edib.
Təqdimat zamanı Bəhruz Məmmədzadə birliyin yaranma məqsədi, əsas fəaliyyət istiqamətləri və qazilərlə şəhid ailələrinin hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə geniş məlumat verib. O, şəhid ailələrinin və müharibə iştirakçılarının üzləşdiyi sosial və hüquqi problemlərdən danışaraq, bu problemlərin həlli istiqamətində birliyin göstərdiyi təşəbbüsləri diqqətə çatdırıb.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov öz növbəsində bu təşəbbüsü yüksək qiymətləndirərək, rayon ərazisində belə bir ictimai birliyin fəaliyyətə başlamasını tərifəlayiq hal kimi dəyərləndirib. O, qeyd edib ki, şəhid ailələrinin və qazilərin problemlərinə həssas yanaşmaq, onların sosial müdafiəsini gücləndirmək dövlət siyasətinin prioritet istiqamətlərindəndir və bu sahədə yerli strukturların da üzərinə mühüm vəzifələr düşür.
Sonda birliyin sədri Bəhruz Məmmədzadə səmimi qəbul və dəstəyə görə Rafiq Cəlilova təşəkkürünü bildirərək, gələcək əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbirin davamında Cəlilabad rayonundan olan müharibə iştirakçıları ilə görüş təşkil olunub. Silahlı Qüvvələr Günü münasibətilə keçirilən bu görüşdə vətən qarşısında göstərdikləri şücaətə görə qazilərə fəxri fərmanlar təqdim olunub. Görüş həmrəyliyin, minnətdarlığın və vətənpərvərliyin təntənəsi kimi iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb.







