"Dalğa – mənim romanımda bir növ “tale” mənasında işlənib".

KÖŞƏ
07:30 21.11.2010
2596

Bugünki müsahibimiz gənc yazar Svetlana Quliyevadır.

-Svetlana xanım, zəhmət olmasa özünüz haqqında məlumat verin. Necə oldu ki, yazıçı olmaq qərarına gəldiniz?

Ailəliyəm. İki qızım var. İxtisasıma görə roman-german dilləri üzrə filoloq və İngiltərə və Amerika ədəbiyyatı üzrə mütəxəssisəm.

Deməzdim ki, yazıçı olmaq qərarına gəldim, sadəcə olaraq, mən ədəbiyyatın vasitəsilə özümüifadə tərzi tapıram.

- Necə fikirəşirsiniz, yazıçı olmaq üçün hər hansı bir ali məktəbi qurtarmaq lazımdır?

Sözün düzü, mən ali təhsillə yazarlıq arasında xüsusi bir əlaqə görmürəm. Riyazi dillə desək, biri digərinin aşkar şəkildə funksiyası deyil. Dünya ədəbiyyatının məşhur simaları arasında da ali təhsili olmayan yazarlar var. Məsələn, Sergey Dovlatov, İosifBrodski, Haruki Murakami və s. Amma yazarların intellektli olmasını vacib sayıram.

- Bu yaxınlarda “Dalğa”adlı ilk romanınız işıq üzü gördü. Bu romanı yazmaq hansı istəkdən ərsəyə gəldi?

Kitabın ilk səhifəsində bu romanın ADNA-da 30 aprel 2009-cu il terror aktı qurbanlarına həsr olunduğunu qeyd etmişəm. Bəzi oxucular bu ithafı görüb romanımın tamamilə bu hadisəyə həsr olunduğunu düşünüblər. Ona görə də romanı bu hadisənin axtarışı ilə oxumağa başlayan yeni oxucularıma demək istəyirəm ki, bu hadisə məni romanı yazmağa ruhlandırsa da, ona romanımın yalnız son səhifələrində yer ayrılıb.

- Kitab oxumağa qarşı marağın azaldığı dövrdə, hər hansı bir kitabı yazıb onu çap etdirmək hansı məqsədə uyğundur?

Məsələ kitabı çap etdirib yaymaqda, satmaqda, insanlarda maraq oyatmaqda deyil. Qeyd etdiyim kimi, ədəbiyyat mənim üçün özümüifadədir. İstər roman, istər kiçik həcmli yazılarım olsun, onları yazarkən mən nə qədər oxucu toplayacağımı düşünmürəm. Ədəbiyyatda tələb-təklif prinsipi işləmir. Mənim oxunaqlı yazıçı olub-olmadığımı isə zaman göstərəcək.

Bir də ki, ortada heç bir statistika aparılmadan kitaba marağın azaldığını əminliklə demək olmaz. Bəlkə də, müasir dövrdə insanlar ənənəvi kitab formasını deyil, daha çox elektron kitab formasını oxumaqda maraqlıdırlar?

- Niyə məhz “Dalğa”?

Əslində “Dalğa”nı yazarkən ağlımda hər şey var idi, onun süjetindən tutmuş obrazların adlarına qədər, bir tək romanın adından başqa. Romanımı bitərənə yaxın onun “Dalğa” olacağına qərar verdim. Bu ad öz-özünə romanın mətnindən çıxdı. Dalğa – mənim romanımda bir növ “tale” mənasında işlənib.

- İlk romanınızı uğurlu hesab etmək olar?

Bu haqda danışmaq hələ tezdir.

- Oxucular sizin yazdığınız bu romanı niyə əldə edib oxumalıdılar?

Mən insanlara geyim, ya da qida məhsulu təklif etmirəm ki?! Onu necə tərifləyə bilərəm?! Oxucu hansı və necə əsəri oxumaq istədiyinə özü qərar verir.

- “Dalğa”ya oxucu marağı nə dərəcədədir?

Düşünürəm ki, bu, vaxtından əvvəl verilmiş sualdır, çünki kitab hələ bu il sentyabr ayında işıq üzü görüb.

- Azərbaycanda çoxlu gənc yazarlar var. Svetlana xanım onlardan hansı xüsusiyyətlərinə görə fərqlənir?

İnsanlar bir-birindən fərqləndiyi kimi yazarlar da fərqlənirlər. Onların hər biri individualdır. Gənc yazarlarla oxşarlıqlarımız da, fərqliliklərimiz də var, məncə bu fəqr və oxşarlıqların nədən ibarət olduğunu oxucular daha aydın görür.

- Xalq arasında belə bir deyim var: “Pulun olandan sonra kitab yazıb, çap etdirməyə nə var ki”. Bu fikri bölüşürsüz?

Bu fikri, sadəcə olaraq, bölüşmək məcburiyyətindəyəm. Çünki maddi vəsaiti olmayan yazıçı öz əsərini çap etdirə bilmir. Bizdə kitabların çapı ilə bağlı işlər məhz bu vəziyyətdədir. Buna görə də hər cür kitab bazardadır. Yaxşı da, pis də.

- Maraqlıdır, siz hansı yerli və xarici yazarları oxuyursuz ?

Düşünürəm ki, bütün müraciət etdiyim yazarları saysam çox uzun alınar. Xarici yazarlardan indi oxuduğum Dina Rubinanın “…İx bin nervoso!” kitabıdır. Yerli yazarlara gəlincə, siz bunu soruşan kimi, özüm-özümə cəld bir sual verdim və ilk yadıma düşən Kamal Abdullanın “Yarımçıq əlyazma”sı oldu.

- Gələcək üçün hansı planlarınız var?

Hal-hazırda ikinci romanımın üzərində işləyirəm və ara-sıra hekayələr, esselər də yazıram.

Cəfər Mənsimi ([email protected]/* */), www.kuluar.az

OXŞAR XƏBƏRLƏR