Deputat İlhamə Quliyevaya cavab verdi – ‘Bu qadın bu kimi dəyərlərdən uzaqdır’

SİYASƏT
15:26 08.07.2013
5262

Deputat Çingiz Qənizadə “Yeni Müsavat” qəzetinə açıqlamasında xalq artisti İlhamə Quliyevanın növbəti təhdidlərinə cavab verib.

Deputatın sözlərinə görə, İlhamə Quliyevanın milyonların gözü qarşısında birbaşa efirdən “mən yemirəm, yedizdirirəm ” deməsi milli dəyərlərə zidd olmaqla yanaşı, həm də Azərbaycan qadını adına yaraşmır: “Mən çox təəssüf edirəm ki, xalq artisti adını daşıyan, yaşı 70-i ötmüş bir insan həmişə olduğu kimi yenə də biabırçı şoudan kənara çıxa bilməyib. İlhamə xanım müsahibələrinin birində deyir ki, mənim statusum ondan böyükdür. Onun bu fikrinə heç cavab vermək istəmirəm və məsləhət görürəm ki, gedib kitabları, qanunları oxusun. Mən onun kimi öz adlarımı, statuslarımı saymaq fikrində deyiləm.

Mənim şou-biznesə gəlmək istədiyimə gəlincə isə İlhamə xanıma demək istəyirəm ki, mən bir ölkənin millət vəkiliyəm, bu kimi iddiam yoxdur. Mən sadəcə mənəviyyatımızın aşınmasına, əxlaqımıza vurulan zərbəyə dözə bilmədim. Özü də bu məsələdə məndən başqa 7 deputat da bu məhkəmə qərarının ədalətsiz olduğunu bildirdilər. Onda belə çıxır ki, o deputatlar da şou-biznesə gəlmək istəyirlər? İlhamə Quliyevanın telekanallar vasitəsi ilə barmaq silkələyərək heç bir etikaya, heç bir əxlaqi dəyərlərə və ən əsası, qadın adına sığmayan “mən yemirəm, yedizdirirəm ” deməsi biabırçılığın pik nöqtəsidir. O televiziyaya milyonlar baxır. Milyonların gözü qarşısında belə bir ifadə işlətməyin özü əxlaqsızlıqdan xəbər vermirmi? Bütün bunlardan sonra da Aygün Kazımovanın şəklini mətbuata yönləndirməsi və haqqında əxlaqdan kənar fikirlər söyləməsi nədən xəbər verir? Bütün bunlara bizim gənclərimiz, uşaqlarımız baxır. Milyonların gözü qarşısında xalq artisti adını daşıyan bir xanıma bu kimi şeylər yaraşarmı?"

Ç.Qənizadənin sözlərinə görə, onun səsini qaldırmağı məhz bu məsələ ilə bağlıdır. “Müğənni tək səsi ilə deyil, həm də mənəvi, əxlaqi dəyərləri ilə xalqa nümunə olmalıdır” - deyən deputata görə, sənətkar öz davranışlarına kontrol etməyi bacarmalıdır: “Bu qadın isə bu kimi dəyərlərdən uzaqdır. Bu gün onun qarşısına heç kim çıxa bilmir, hamını şərləyir, hamıya böhtan atır. Çox cılız şəkildə də bütün müsahibələrinin sonunda Ulu öndərimizin, prezidentimiz İlham Əliyevin adını çəkir. Deyir mən prezidentin əsgəriyəm. Əvvəla, bildirmək istəyirəm ki, biz hamımız cənab prezidentin əsgəriyik. Çünki bu dövləti o idarə edir. Bu baxımdan İlhamə xanımın hər addımbaşı Ulu öndərin və cənab prezidentin adını çəkməsi ondan xəbər verir ki, bu qadın həmişə olduğu kimi öz rəqiblərinə qarşı şantaj xarakterli metodlardan, hədə-qorxulardan istifadə edir.

Titullarına gəlincə isə bildirmək istərdim ki, onun xalq artisti və “Şöhrət” ordenindən başqa heç bir titulları yoxdur. “Türk dünyasının sənət kraliçası”, “Dünya sülh səfiri” və s. kimi titulları o, özü özünə verib. Heç kim bu qadına “Türk dünyasının sənət kraliçası” titulunu verməyib. Bu titulların hamısı saxtadır. Görünür darıxdığından özü özünə titul verməklə məşğuldur. Mən bu haqda Mədəniyyət Nazirliyinə müraciət edəcəm, onun rəsmi titulları nədir, qoysunlar ortaya. Ondan sonra görək nə deyəcək, nə ilə öyünəcək".

Ç.Qənizadə “mən İlhamə Quliyevaya məsləhət görürəm ki, gedib əsəblərini müalicə etdirsin, yaşlı qadındır, psixoloji problemləri var. Yaşının bu vaxtında ona yaraşmaz belə səviyyəsiz, əxlaqa sığmayan sözlər” ismarışını da yolladı. Deputat müğənninin bahalı maşınından da danışdı: “Sosial şəbəkələrdə baxıram ki, 93 min manatlıq maşınının qapısını açıb özünü reklam etdirir. Yaşı 70-i ötmüş, xalq artisti adını daşıyan ağbirçək bir qadına yaraşarmı bu cür reklam? Bu cür hərəkətlər, mənə elə gəlir ki, onun öz imicinə zərbə vurmaqdan başqa bir şey deyil. Bu gün İlhamə xanımın nə verdiyi müsahibələr, nə davranışı, nə də hərəkətləri bizim mənəvi, hüquqi dəyərlərimizə uyğun gəlmir”.

Həmsöhbətimiz Nazpəri ilə İlhamə arasındakı məhkəməyə də toxundu: “Məhkəmənin qərarını tamamilə ədalətsiz hesab edirəm. Məhkəmənin belə bir qərar qəbul etməsində hər hansısa şəxsin göstərişi var. Hesab edirəm ki, bu məhkəmə qərarı sifarişə əsasən verilib. İlhamə Quliyeva necə ki Nazpəri xanımı və Məleykə Əsədovanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qanunsuz olaraq çağırtdırmağa nail olmuşdursa, məhkəməni də qanunsuz olaraq o cür udub. Mən çox istərdim ki, belə bir ədalətsiz hökm çıxarmış o hakimlə qarşılaşam. O mənə anlatsın görüm burda hansı mənəvi zərərdən söhbət gedir? Ümumiyyətlə o hakim mənəvi zərərin nə olduğunu bilir?

Nazpəri xanım ona hansı mənəvi zərəri vurub? Nazpəri xanım deyir ki, mən xalq artisti İlhamə Quliyevanı tanıyıram. Amma dünya sülh səfiri, türk dünyasının sənət kraliçası kimi təqdim olunan İlhamə Quliyeva tanımıram. Buna görə insanı 50 min manat cərimə eləməyə dəyərmi? Bu məhkəmə qərarı tamamilə ədalətsiz və biabırçıdır. Məhkəmənin bu qərarı ilə bağlı çoxsaylı millət vəkilləri, hüquq müdafiəçiləri də öz mövqelərini bildirəcək. Biz Apelyasiya Məhkəməsinin ədalətli qərar qəbul etməsinə nail olacağıq. Bu, biabırçılıqdır. Azərbaycan tarixində mən belə bir biabırçı məhkəmə qərarı görməmişəm".

Qeyd edək ki, bir müddət bundan öncə Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərara əsasən N.Dostəliyeva İ.Quliyevaya vurduğu mənəvi zərərə görə 50 min manat cərimə edilib. Başda Çingiz Qənizadə olmaqla bir qrup deputat və hüquq müdafiəçisi isə bu qərarın ədalətsiz olduğunu hesab edirlər. Bu isə öz növbəsində xanım Quliyevanın qəzəbinə səbəb olub. O, mətbuata açıqlamasında Çingiz Qənizadənin ünvanına sərt ittihamlar səsləndirir.

OXŞAR XƏBƏRLƏR