Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan bütün dünyaya öz gücünü göstərərək 30 ildir ki, düşmən tapdağında olan tarixi torpaqlarını işğaldan azad etdi. Bu qalibiyyət Azərbaycan dövlətinin, xalqının nə qədər məğrur olduğunu bir daha sübut etdi. Ermənilərin sülh və insanlıq əleyhinə törətdiyi cinayətlər də bir daha dünyanın gözü önünə gətirildi. 44 günlük Vətən müharibəsində Azərbaycan dövlətinin, xalqının bir yumruq kimi birləşməsi dünya ölkələri və xalqlarına örnək oldu. Xalqımız sübut etdi ki, azərbaycançılıq ideyası, dövlətçilik bizim üçün hər şeydən üstündür. Şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına geri qaytardığımız torpaqlarda bu gün çiçəklənmə dönəmidir. Hər kəs anlayır ki, biz bu gün həmin torpaqlara ayaq basa bilirksə, bunu şəhid və qazilərimizə borcluyuq.
Milli Məclisin deputatı Cavid Osmanov AZXEBER.COM-a açıqlamasında deyib ki, dövlətimiz şəhid ailələri və qazilərə hər zaman dəstək olub:
"Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın bütün dövlət strukturları qarşısında bir nömrəli prioritet vəzifə həssas qrupa aid olan şəhid ailələrinin üzvləri və qazilərimizi diqqət mərkəzində saxlanılmasıdır. Azərbaycan dövləti tərəfindən şəhid ailələri, o cümlədən qazilərimizi narahat edən problemlərin həlli istiqamətində çox mühüm addımlar atılmışdır. Ölkə başçısının sərəncamı ilə 2021-2025-ci illər ərzində bu həssas qrupa aid olan insanların fərdi evlər və mənzillərlə təminatı dövlət proqramı qəbul olunmuş və nəticə etibarilə bu günə qədər 13 mindən çox insan ötən illər ərzində mənzillərlə təmin olunmuşdur. Bunun 3 min 500-ü təxminən Vətən müharibəsindən sonrakı dövrü əhatə edir. Eyni zamanda qazilərimizin nəqliyyat vasitələri ilə təminatı prioritet məsələlərdən biridir ki, bu gün kimi qazilərimiz 7 min 400-dən çox nəqliyyat vasitələri ilə təmin edilib. Ölkəmizin iqtisadi gücü artıqca onlara ödənilən sosial ödənişlərin, pensiyaların məbləği də artırılır. Bununla bağlı ölkə başçısı tərəfindən bir neçə dəfə sərəncamlar imzalanıb. Ən müasir və bahalı protezlərlə qazilərimizin təminatı prosesi həyata keçirilir. Onların sağlamlığına qovuşması üçün istər ölkə daxilində, istərsə də xaricdə müalicələr aparılır. Özünəməşğulluq proqramı çərçivəsində qazilərimizin məşğulluqla əhatə olunması kimi layihələr həyata keçirilir.
Dövlət başçısının sərəncamı ilə "Yaşat Fondu" da yaradıldı. Fondun bir illik hesabatında da biz gördük ki, bir sıra vacib və əhəmiyyətli məsələlərin həllində "Yaşat Fondu" da çox böyük işlər görüb. Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir. Sözügedən şəxslərin sağlamlığı istiqamətində mühüm addımlar atılır. Bütün bunlar Azərbaycan dövlətinin bu həssas qrupa aid olan insanların qayğılarının əhatəli şəkildə həll olunması istiqamətində atılmış mühüm addımlardır".

Cavid Osmanov deyib ki, bəzi qüvvələr qazilərimizdən istifadə edərək, çirkin kampaniyalar həyata keçirir:
"Bəzi qazilərimizdən, onların psixoloji durumundan istifadə edərək daxilimizdə olan düşmənlər, ermənipərəst qüvvələr öz çirkin niyyətlərinə çatmaq üçün sanki müxtəlif uydurmalar uyduraraq təhrik edirlər ki, onlar bir qarşıdurma yaratsınlar. Nəticə etibarilə də bu, onların psixoloji durumuna çox ciddi təsir edir”.
Deputat qeyd edib ki, dövlət tərəfindən şəhid ailələri və qazilərimizi narahat edən problemlərin həlli istiqamətində çox mühüm addımlar atılır:
"Amma çox təəssüf ki, biz görürük ki, bəzən bizim qazilərimiz intihar edirlər. Əlbəttə ki, bu, çox təəssüfedici haldır. Növbəti dəfə biz gördük ki, Sabirabadda belə bir hal baş verdi. Bütün bunlar çox üzücü haldır. Biz dünya tarixində baş vermiş istənilən müharibələrin yekunlarına baxanda görürük ki, belə hadisələr baş verir. Bu, ilk növbədə psixoloji durumun nəticəsidir. Əsas məqam bundan ibarətdir. Biz eyni zamanda görürük ki, bəzi qazilərimizdən, onların psixoloji durumundan istifadə edərək daxilimizdə olan düşmənlər, ermənipərəst qüvvələr, anti-milli qüvvələr, 5-ci kolon, xəyanətkarlar şurası öz çirkin niyyətlərinə çatmaq üçün sanki müxtəlif uydurmalar uyduraraq təhrik edirlər ki, onlar bir qarşıdurma yaratsınlar. Nəticə etibarilə də bu, onların psixoloji durumuna çox ciddi təsir edir. Əlbəttə ki, bunun da çox böyük təsirləri var. Çox təəssüf ki, anti-milli qüvvələr tərəfindən belə addımlar da atılır. Onlar bununla birbaşa ermənipərəst dairələrə xidmətini həyata keçirirlər”.
C.Osmanov qeyd edib ki, intiharların hər birinin hüquqi araşdırılması aparılır:
"Daha bir amil əlbəttə ki, kiminsə bir laqeydliyi ucbatından da baş verə bilən hadisələrdir. Bütün hallarda intiharların hər birinin hüquqi araşdırılması aparılır və hər birinə hüquqi qiymət verilir. Bu məsələdə günahkarlar olduqca da onlara hüquqi qiymət veriləcək”.

Milli Məclisin deputatı Kamal Cəfərov AZXEBER.COM-a açıqlamasında deyib ki, şəhid ailələri və qazilərin sosial problemlərinin həlli dövlətimizin əsas prioritet istiqamətlərindəndir:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Ordumuzun tərkibində döyüşərək, düşmənin 30 illik işğalına son qoyan, tarixi torpaqlarımızı azad edən qəhrəmanlarımızından biri Elvin Cəfərovun intiharı hər birimizi dərindən sarsıtdı. Ərazi bütövlüyümüzü bərpa, suverenliyimizi bərqərar edən Vətən övladlarına, onların ailələrinə dövlətimiz tərəfindən hər cür köməklik göstərilir. Şəhid ailələri və qazilərin sosial problemlərinin həlli dövlətimizin əsas prioritet istiqamətlərindəndir. Eləcə də hər birimiz öz növbəmizdə onların çətinliklərinin həlli istiqamətində bütün mümkün olan addımları atmalıyıq".
Bütün bunlar müharibələrin nə qədər ağrılı, fəsadlı olduğunu bir daha sübut edir. Amma Azərbaycan xalqı bu çətinliyi də geridə qoyaraq döyüş meydanında parlaq qələbə qazandı. Müharibənin özündən sonrakı buraxdığı fəsadları da dəf etmək bizim üçün ən vacib məsələlərdəndir. Çünki hər birimiz Azərbaycan xalqını məğrur və xoşbəxt görmək istəyirik. Ona görə də müharibədə qazandığımız qələbəni bundan sonra da davam etdirməliyik.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda dərc edilib.
