Əkrəm Əylislinin “Drujba narodov” jurnalının 2012 dekabr nömrəsində çap edilmiş “Daş yuxular” romanı cəmiyyətdə geniş rezonans doğurub. Əsər kəskin ictimai etirazla qarşılanıb, bir çox ictimai xadimlər, yazıçılar, siyasətçilər əsər əleyhinə çıxışlar ediblər. Ölkənin müxtəlif yerlərində yazıçının əleyhinə aksiyalar keçirdilib, kitabları yandırılıb. Prezident İlham Əliyev imzaladığı fərmanla Əkrəm Əylislini Xalq Yazıçısı fəxri adından məhrum edib.
Lakin bu günə qədər Azərbaycan oxucularının əksəriyyəti rus dilində çap edilmiş romanla tanış ola bilməyiblər. Əkrəm Əylisli 2006-cı ildə bitirdiyi romanın orijinal (azərbaycan dilində olan) versiyasını çap etdirməyib üstəlik tərcümə üçün də heç kimə icazə verməyib. Bununla da azərbaycandilli oxucular roman haqqında məlumatı birbaşa romandan yox, ona verilmiş şərhlərdən almaq məcburiyyətində qalıblar.
Strategiya.Az saytı romanı tam şəkildə tərcümə edərək oxuculara təqdim edib. Orijinalı azərbaycan dilində olan bu əsər təəssüf ki, rus dilindən tərcümə ilə oxuculara çatdırılır. Kulis.Az tərcümənin yayılması və “Drujba narodov”dakı variantına adekvatlığı üçün heç bir məsuliyyət daşımadığını bəyan edir.
“Drujba Narodov”un təqdimatı
Əkrəm Əylisli - Azərbaycanın Xalq Yazıçısı, Əməkdar İncəsənət Xadimidir. Ölkəsinin ən ali "İstiqlal" (2002) və Azərbaycan ədəbiyyatına göstərdiyi böyük xidmətlərə görə "Şöhrət" ordeninə layiq görülüb. Ötən əsrin 60-cı illərindən jurnalın dost müəllifləri sırasındadır (bir müddət redaksiya heyətinin üzvü olub). Vaxtı ilə qələmə aldığı "Adamlar və ağaclar" trilogiyası Ümumittifaq şöhrəti qazanıb, əsərləri bütün SSRİ və Şərqi Avropa xalqlarının dillərində işıq üzü görüb. Eyni zamanda Əkrəm Əylislinin nəsri ingilis, fransız, alman, ispan dillərinə tərcümə edilib. O, Azərbaycanın bir çox teatrlarında səhnəyə qoyulan pyeslərin müəllifidir, ssenariləri əsasında kinofilmlər çəkilib. Turgenev, Korolenko, Çexov, Paustovski, Böll, Şukşin, Aytmatov, Markes, Rüşti kimi ədiblərin yaradıcılığından örnəkləri tərcümə edərək azərbaycanlı oxuculara çatdırıb. Hazırda Azərbaycanda yazıçının "Əylisdən Əylisə" memuarları çox oxunur. "Daş yuxular" roman-rekviyeminin nəşri ədibin 75 illik yubileyinə təsadüf edir. Ad günü münasibəti ilə Əkrəm Əylislini hərarətlə təbrik edirik. Əkrəm Əylislinin "Daş yuxular" roman-rekviyemi sadəcə bədi mətn deyil, bu, həqiqətən vətənini sevən bir yazıçının öz xalqının şərəf və ləyaqəti naminə ən acı həqiqətləri fövqəladə bir cəsarətlə demək cəhdidir. İnsanların vətən sevgisinə zərrə qədər şübhə olmasa da yazıçının həmvətənlərinə üz tutaraq dedikləri olduqca gərəkli və xeyirlidir. Ruslar, ermənilər, gürcülər, serblər, albanlar, ərəblər... bir sözlə ümumi dil tapmaq naminə məşəqqət çəkən hər kəs üçün xeyirlidir.
Lev Anninski lbu əsər haqqında resenziyada yazır:
"Hər iki tərəf etiraf etməli, hər iki tərəfin adamları qəlblərindəki kin və nifrətin nədən qaynaqlandığına nəzər salmalıdırlar. Ə.Əylislinin sətrlərindən qan axan romanının əsas mövzusu budur. Bu bədbəxtliyin sonu varmı? Yerin yalnız bir əlcəsini cənnət bilərək, çaqqallar və ilanlar məskən salan dağlar arasında kimsəylə ünsiyyət saxlamadan, heç kəsə toxunmadan, bir kimsəyə qaynayıb qovuşmadan yaşamaq mümkünmü? Yox, əlbəttə, yox! Təmaslar qaçılmazdır. Ən azı yer üzündə sevgi deyilən bir qüdrət var. Elə bir qüdrət ki, hansı tərəfin haqlı, hansı tərəfin haqsız olduğunun fərqinə varmır. Ən azı qarışıq sevgilərdən doğulan insanlar var. Və nəhayət adamların bir-birindən ayrı yaşaya, bir-birindən qaçıb gizlənə bilmədiyi məhkumluq var. Bütün bunları bildiyinə görə susmağı bacarmayan, səsini içində boğmağa gücü çatmayan yazıçının həqiqəti deməkdən ayrı bir yolu varmı?
Əkrəm Əylisli ən doğru yolu tutaraq nifrəti yerində oturdub."
Urvatsız ölən həmvətənlərimin xatirəsinə
BİRİNCİ HİSSƏ
Qarderobcu qarının müəmmalı ölümü, məşhur artistin
ölüm təhlükəli zarafatı və partbilet-pistolet.
Bakının böyük xəstəxanalarının birinin əzik-sınıq bölümünə indicə çatdırılan xəstənin halı ölümcül idi. Huşunu itirən xəstəni əl arabasına uzadıb xəstəxananın o biri başına qədər uzanan yarıqaranlıq koridorun tən ortasıyla ayrı bir korpusdakı əməliyyat otağına aparırdılar. Ağ xalatlı iki qadın idi, eynən onlar kimi ağ xalat geyinmiş iki kişi idi, bir də arıq, ota boylu, təmkini, ciddi üzü, xalatının təmizliyi və şaxlığı ilə digər dörd həmkarından seçilən cərrah idi ki, əl arabasının yanınca addımlayırdı.
Xəstəxana həyatı üçün adi sayılan bu mənzərəyə özəllik verən artıq bir şey vardısa, o, xəstəni klinikaya gətirən kişinin görünüş və davranışındakı faciəvi komizm idi. Əlli beş-altmış yaşında balacaboy, durduğu yerdə oynayan, əl boyda üzünün dəyirmisi şişman qarnına qətiyyən uyuşmayan bu kişi həkimlərin dörd bir yanında tullana-tullana eyni sözləri doğrayıb tökürdü:
- Doktor, başına dönüm, doktor...öldürdülər. Günün günorta çağı, belə bir adamı
basıb əzdilər, həlak elədilər. Onların hamısı yerazlardı, həkim! Beş-altı nadan yeraz. Bu qaçqın köpəkuşağı insana hörmət qoymurlar, qadan alım, ay həkim. Nə artist sayırlar, nə şair, nə yazıçı bilirlər. Birinin üstünə barmağını tuşla ki, bu ermənidi, deməli, onun işi bitdi. O saat vəhşiyə dönüb salırlar ayaq altına, tapdalayıb başını əzirlər. Tikə-tikə parçalayırlar, denən kişi olan bir kəs irəli durmağa hünər eləyir, eləmir... Onlara deyirəm: vurmayın, bu adam erməni deyil, özümüzünküdür, xalqın oğludur, millətimizin fəxridir, vicdanlı adamdı. Kimdir qulaq asan? Heç adını da soruşmadılar, a balam, sən kimsən, nəçisən, nə səbəbə bu işə qatışırsan... Böyrümdən elə bir təpik ilişdirdilər ki, az qaldı canım çıxa. Bax, burama vurdular, doktor, sağ böyrümə. İndi də ağrısına dözə bilmirəm.
Həkim xəstəni gətirən adamın nə üyüdüb tökdüyünü o qədər də aydın başa düşmürdü. Bəlkə də heç başa düşmək istəmirdi. Hətta ola bilsin həkim, cəhrayı rəngli, dama-dama köynəyin üstündən sarı qalstuk bağlamış bu cıbırıx və məzəli kişinin dediklərini ümumiyyətlə eşitmirdi. Amma bununla belə diqqətli adam həkimin hərdənbir bığaltı gülümsəməyini də nəzərdən qaçıra bilməzdi. Bəli, o, hərdənbir açıq-aşkar bığaltı gülümsəyirdi. Ona görə yox ki, xəstəni gətirən adamın hər sözü, hər hərəkəti gülməli idi. Əslində həkimin həmin o sayaq bığaltı gülümsəməyinin yeganə səbəbi yaxasını yırtan töşmərək "xəstə yiyəsi" ilə müqayisədə əl arabasına uzadılan ağbaş kişinin arıq və kifayət qədər uzundraz olması idi. Yəqin ki, bu iki adamın görünüşündə nəzərə çarpan kəskin fiziki fərq, həkimə Don Kixotla Sanço Pança əhvalatının kədərli mənzərəsini xatırladırdı.
Onlar əməliyyat otağının qapısına çatanda ağ xalatlı kişilərdən biri sarı qalstuklu ipləmənin qarşısını kəsib onu dayandırmaq istədi.
- Burax gəlsin, - həkim dedi, - nəsə deyiləsi sözü var. Qoy ürəyini boşaltsın.
Koridorun darısqallığına baxmayaraq əməliyyat otağı hündür tavanı, iri aynaları olan geniş tikili sahəsi idi. Tən ortada üstünə yalnız mələfə çəkilən xəstənin uzandığı əl arabasına bənzər əməliyyat stolu qoyulmuşdu. Xəstəni əl arabasında gətirən iki ağ xalatlı kişi onu əməliyyat stolunun üstünə qaldırdı, dinməzcə gözləri ilə həkimdən getmək izni aldılar və sakitcə əməliyyat otağından çıxıb getdilər.
- Həkim xalatının qolunu geri sivirib uca səslə tibb bacısına - Peroksid gətirin,sifətini təmizləyin, - dedi, üzünü qan bürüyən xəstəyə baxdı, kiminsə qarasına qəzəblə mırtdadı və artıq sizin də tanıdığınız "xəstə yiyəsi"ndən soruşdu - Bunu kim bu hala salıb?
- Axı mən sizə dedim, doktor, yerazlar. Ermənistandan gələn qaçqın köpək-
uşaqları. Heç veclərinə də deyil ki, sifətini darmadağın eləyiblər. Hələ bu harasıdı, vəhşilər onu yerə yıxıb qarnına-qarnına döydülər. Hə, doktor, yaxşı ki, mən vaxtında yetişdim. Allah qoymasa, səhərdən çıxmışdım ki, bir az havamı dəyişim. Xaraba qalmış Parapetə çatanda, gördüm ki, fəvvarənin o başında beş-altı alçaq bir nəfəri əzişdirir. Adamlar...adamlar bir qıraqda durub, mal kimi dinməzcə baxırlar... - Bu yerə çatanda o, qəfil susdu. Əslində dodaqları tərpənirdi, amma demək istədiyi sözlər xirtdəyindəcə ilişib qalır, eşidilmirdi.
- Perekis qurtarıb, həkim - Tibb bacılarından hansısa (onlardan biri yaşlı, o biri tamam gənc idi) az qala pıçıltıyla, üzür diləyən səslə bildirdi.
Cərrah ümidsiz halda:
- Deyəsən, spirt olmalıdır, - dedi.
- Yox, həkim, nə vardı, hamısı dünən işlənib.
- Yaxşı, suyla yuyun. Marqansını az eləyin. - Həkim otağın küncündəki
əlüzyuyanda əllərini sabunlayıb suya tutdu və sonra gəlib durdu əməliyyat stolunun qabağında. - Əynində nə var soyundurun. Bir dənə tursik qalsın.
Üzü, burnu, çənəsi, qəhvəyi köynəyinin boyunluğu, göyümtül pencəyi al qanın içində olan xəstə əməliyyat stolunda elə sakit uzanmışdı, deyirdin bəs Parapet xarabada bunu yox, əksinə onu bu hala salan o zalım düşmənləri əzişdiribilər. O, sanki dərin bir yuxuya dalmışdı, amma bununla belə ölüm-zülüm qalxıb-batan köksündən titrək, boğuq bir inilti ayrılırdı. Yatıb, amma elə bil heç yatmayıb, hələ üstəlik yuxu görür və qəribəsi o idi ki, təpədən-dırnağa qədər qana bələnmiş bu adam sanki gördüyü yuxudan ləzzət alır.
Qadın xəstənin sifətini bürüyən qanı sildi, həkim nəbzini yoxladı. Tibb bacıları onun pal-paltarını soyundurandan sonra o, diqqətlə xəstəni nəzərdən keçirib sanki özü-özünə hesabat verdi və yaxud kiməsə diqtə elədi:
- Alt dodağında iki çapıq müşahidə olunur. Çənə sümüyü salamatdı. Sağ
qolunun iki yerində çıxıq var - dirsəkdə və biləkdə. Sağ əlin baş və orta barmağı çıxıb. Sol ayağın əzələsi bərk əzilib. Sağ ayağın diz qapağı sınıb. Kürək nahiyəsində döş qəfəsinin ciddi fəsadı qeyd olunur. Kəllə sümüyündə əzik yoxdur. - Həkim susdu, ürəyində söydü. - Sotpjasenie mozqa! - Nədənsə o, son kəlməni rus dilində, həm də ucadan söylədi, sonra şalvarının cibindən dəsmal çıxarıb tələsmədən alnının tərini sildi və bu dəfə də rus dilində nitqini tamamladı: - İzbienie zverskoe!
Həkimin dilindən çıxan hər kəlmə xəstəni bura gətirən adamın sifətində həyəcan, ağrı və əzab şəklində yenidən təzahür eləyirdi. O, özünü hönkürüb ağlamaqdan güclə saxlayırdı. Həkim müayinəni bitirəndə, "xəstə sahibi"nin səbri də bitdi. İncidilmiş uşaq kimi hönkürərək ağladı.
Əməliyyat stolunun yanındakı qadınlardan birinin (gənc qadının) gözləri doluxsundu. Yaşlı tibb bacısı qəhərləndi və üzüntü içində başını buladı. Hönkürən "xəstə yiyəsi"nin halı həkimin ürəyinə od qoyurdu, həkim bu qəribə adamı sakitləşdirməyə çalışırdı:
- Sizin deməyinizdən belə çıxır ki, bu bədbəxt ermənidir.
Gülməli qəhrəmanımız heyrət içində gözünü bərəltdi.
- Nə təhər ola bilər ki, siz onu tanımayasınız? Siz bilmirsiniz ki, Saday Sadıqlı
kimdir? Azərbaycan teatrının fəxri, bir nömrəli aktyor! Siz doğrudanmı belə bir ustad sənətkarı tanımırsınız, doktor? Televiziyada da görməmisiniz? Yəni bircə dəfə məni də görməmisiniz televiziyada, doktor? Bəlkə də görmüsünüz, amma indi yadınıza düşmürəm. Nuvariş Qarabağlıyam mən - komik rollar ifaçısı. Məni tanımaya bilərsiniz. Buna görə incimirəm sizdən. Amma inanmıram ki, Saday Sadıqlını tanımayan olsun. Axı dünya səhnəsində heç kim Hamlet, Otella, Aydın, Kefli İsgəndəri onun qədər məharətlə oynamayıb...
- Mən sizi dərhal tanıdım - gənc tibb bacısı ürəyinin ən dərin guşəsindəki fərəh
hissini gizlətmədən dilləndi.
- Səni də, onu da televizorda çox görmüşəm. - Onun yaşlı tibb bacısı nə səbəb-
dənsə nazlana-nazlana söhbətə qoşuldu. - Amma xəstəni tanımamaqda Fərzani doktorun günahı yoxdu. Otuz il Moskvada yaşayıb. Bakıya qayıtdığı cəmi-cümlətanı üç ildir. Doktorun Saday Sadıqlını tanımamağının gerçək səbəbini bilən kimi artist qardaşımız sakitləşdi. Sonradan onları tanıdıqlarını etiraf edən tibb bacılarının əvvəl-əvvəl özlərini bilməzliyə vurmalarını Nuvariş Qarabağlı belə yozdu ki, onlar doktora görə ehtiyyat eləyiblər. Qorxublar ki, qabaqdangəlmişlik həkimin xətrinə dəyər. Nuvariş Qarabağlıya elə gəlirdi ki, bayaqdan bəri söylədikləri həkimə çatmayıb. Ya həkim çox-çox fikirli olub, ya da Nuvariş Qarabağlı əsəb gərginliyi səbəbindən lazım olan sözləri tapıb deyə bilməyib. Ona görə də nə qədər mümkündürsə fikrini cəmləmək, Parapetdə baş verən müsibəti daha sadə və aydın şəkildə çatdırmaq qərarına gəldi:
- Əhvalat belə oldu, doktor; mən səhər tezdən şəhərə çıxdım. İndi dəqiq
yadımda qalmayıb, saat on olardı, bəlkə də on bir olardı. Parapetdə Fəvvarələr deyilən yer var, görməmiş olmazsınız. Bax orda qəfil qışqır-bağır qopdu. Elə bil kiminsə ətini kəsirdilər. Heç demə, bir qoca erməniymiş ordakı. Bədbəxt çörək almaq üçün evdən çıxıb və elə həmin dəqiqə keçib yerazların əlinə. Ev paltarındaymış, çəkələkdə...
Mən ora çatanda bədbəxti öldürüb hovuza tullamışdılar. Gözləri açıq idi, doktor, dübbədüz mənə baxırdı. Açığı, mən onun necə qətlə yetirildiyini görmədim. Əvvəldən orda olanların söylədiklərinə görə, lap siftə ermənini hovuza tullayıblar, buzlu suyun içinə. Bu da qoca kişii, soyuğa dözməz, istəyər sürünüb sudan çıxsın. Həmən cavan oğlanlar hovuzun başında dayanıb yazıq kişini təpikləyə-təpikləyə təzədən salıblar hovuza, ta canı çıxana qədər. Allah saxlamış bu Saday Sadıqlının da ki, başından ömür-billah qada-bala əskik deyil. Yoxsa ki, heylə zıppıltıda sənin nə itin azıb. Sadəcə, arına gəlib, özün saxlaya bilməyib. Bu da nəticəsi. Axı o aktyordur, ürək adamıdır. Ürəyi çəkib aparıb onu ora, qabağa durub kömək eləsin. Yerazlar hardan bilir bu kimdir, nəçidi? Axı onlar gəlmədilər, yerli deyillər. Elə buna görə də bədbəxt Sadayı erməni bilib, vəşiləşiblər, tökülüşübər üstünə. Mən ora bircə dəqiqə yubansaydım onlar bunu da qoca erməninin getdiyi yerə göndərəcəkdilər. Allah üzünə baxdı, sağ qaldı. Başına dönüm, doktor, xilas elə onu. Bu böyük insanın həyatı sizin əlinizdədir, - dedi və artist nəhayət ki, indicə eşitdiyiniz gurultulu, həyacanlı nitqini başa vurdu.
Həkim əməliyyata tələsirdi. Amma bunun üçün elə bil nəsə çatışmırdı. Görünür, artistin nitqindən təsirlənmişdir. O, əməliyyat stolunda tirrənən Hamlet-Otello-Kefli İsgəndərin ayrı-ayrılıqda və hamısı bir yerdə qoca ermənini xilas eləmək istəyində qeyri-adi bir əlamət görmürdü. Həkimə görə bir tikə adamlığı olan hər kəs elə bu sayaq hərəkət edərdi, basqa sayaq yox. Amma bu şəhərin adamları elə bil əvvəlcədən sözləşib əlbir olublar ki, adamlıq deyilən o idbarı yaxın buraxmasınlar. Hətta yüz faiz əmin ola bilərsiniz ki, adam sifəti görmək bu məxluqlara sərf eləmir.
Cəmi on-onbeş gün bundan irəli doktor Fərzani bu otaqda hansısa möcüzə sayəsində kilinikaya çatdırılan on dörd-on beş yaşlı erməni qızcığazın üstündə olduqca ağır cərrahi əməliyyat aparmışdı.
Metronun basabas vaxtı bir neçə azərbaycanlı arvad üstünə cumub yüzlərlə məxluqun gözü qarşısında həmin qızcığaza divan tutmuşdu. Hələ bundan da bir neçə gün irəli bir başdanxarab şair xəstəxanaya basqın edib qırx ildən bəri kordologiya şöbəsində can qoyan həkimi təpəqapaz eyəyib halal-hünbət kobinetindən bayıra atmışdı, nədi-nədi erməninin qarnından çıxıb. Bu biabırçılıqdan sonra xəstəxanada dərmana bir nəfər erməni qalmadı, nə həkim, nə xidmətçi. Kimi evinə girib bayıra çıxmadı, kimi Bakıyla əbədilik vidalaşdı.
- Hər şey aydındı, Numayiş müəllim, fars demiş, məsələ məlum. - Həkim ovqatının açıq-aşkar pərtliyinə uyuşmayan gümrah səslə dedi və cərrah alətlərini əlinin altında yerbəyer etməyə başladı. Nuvariş Qarabağlı doktorun gül kimi adını təhrif eləməsindən incimədi (bu insan otuz il Moskvada yasayib, belə xırda-para yanlışlığa yol verməkdə tam səlahiyyətlidir), amma bu xırda yalnışlığa düzəliş verməyi də unutmadı.
- Deyimmi Nuvariş Qarabağlı kimdir, doktor - sözə başladı - Adi bir artist. Yüzlərlə Nuvariş Qarabağlı Saday Sadıqlinin çölə atılan bircə dırnağına dəyməz. Nadan uşaqları, kaş onun yerinə məni vuraydılar.
- Bu da Qarabağlıdır? - Həkim soruşdu və növbəti dəfə xəstənin nəbzini yoxladı.
- Yox ey, yox, doktor. Hec mən də Qarabağlı deyiləm, Kürdəmirdənəm. Qarabağlı mənim ləqəbimdir. Saday Sadıqlı Naxçıvandandı, Ordubadda Əylis deyilən bir kənd var, oralıdı. Düzdü, mən orda olmamışam, amma bilirəm ki, Nuh Nəbidən qalma bir kənddi. Vaxtilə , deyirlər, orda çoxlu erməni yaşayırmış. Onların deyəsən yeddi ya səkkiz kilsəsi indiyəcən durur. Görünür o ermənilər ağıllı, xeyirxah insanlar imiş. Bu Saday Sadıqlı da onlar kimi düz adamdır, doktor, istəyir lap dünya dağılsın, ağa qara deməz. Neçə ildir düz sözə görə başı bəla çəkir, yenə də özünə yığışmır. İki aydan sonra yaşı əlli olacaq, di gəl on yaşlı uşaq kimidi. Ürəyi dilindədi. Belə qarışıq zamanda da dilini dinc qoymur. Erməni yox ey, pis biz özümüzük, deyir. Qorxub çəkinmir. Hər yerdə deyir bunu - teatrda, çayxanada.
Doktor Fərzani gözlərini geniş açıb bu dəfə xəstənin sifətinə məxsusi bir nəzər yetirdi. Elə bil onu ilk dəfə görürdü. Bayaqdan başdaşı kimi tərpənməz dayanıb, susan tibb bacıları da tərpəşib xısınlaşdılar. Fərzani Nuvariş Qarabağlının əlindən möhkəm yapışıb onu qapıya sarı çəkərək dedi:
- Hə, di tərpən, cavan oğlan, burda daha sənlik bir iş qalmadı. Dəhlizdə əyləş, dincini al. Ya da get evə, necə ki, lazımdı dincəl, yüz vur bədənə, başını bastır yat. Əgər istəsən, sonra gələrsən. Bu sənin üçün apensit deyil ki, tezcənək kəsib atasan, kapitalnı remont teləb olunur burda, ən azından üç-dörd saat çəkəcək, fikir eləmə. Dostun yaşayacaq. Mən ondan elə Otello düzəldəcəyəm, Dezdomona hayıl-mayıl olacaq, bircə kərə görən kimi, ürəyi gedib yıxılacaq.
Elə belə, danışa-danışa həkim artisti dəhlizə ötürdü və ardınca qapını bağladı.
Həmin an, yəni əməliyyat otağının qapısı bağlananda, Nuvariş Qarabağlı dəşətli tənhalıq, təklik hiss elədi. Elə bil işıqlı dünya indicə üzünə örtülən qoşatay qapının o üzündə qalmışdı. Uzun, yarıqaranlıq koridoru qəbirstanlıq sıxıntısı bürümüşdü. İşıq yanmırdı. Ətrafda ins-cins gözə dəymirdi. Koridorun əks tərəfində, başdakı iki lay pəncərənin şüşələri kor gözlər kimi qaralırdı. Bu, iki səbəbdən ola bilərdi, ya aynaları bəs deyincə toz basıb, ya da bayırda şər vaxtıdır, qaranlıq qovuşub.
Tək bircə yerdə, aynəbəndin yaxınlığındakı qapı səmtdə oturacaq görunurdü. Bundan ayrı bu qüssəli koridorun harasındasa bir hovur əyləşmək imkanı sıfıra bərabər idi. Nuvariş Qarabağlı asta-asta oturacağa tərəf addımladı. Başgicələnmə və ürək bulanması nəfəsini kəsirdi. Bayaqdan siqaret tüstüsü üçün içi yanırdı, amma əlini cibinə salmağa və ordan siqaret, kibrit çıxarmağa belə heyi qalmamışdı. Oturacağa yaxınlaşdı, qapının lap böyründə alt-alta vurulmuş iki lövhə gördü. Üst lövhədə iri qara həriflərlə yazılmışdır: "Travmatologiya və cərrahiyyə" şöbəsi, aşağıda xırda həriflərlə "Şövbə müdiri Cərrah Fərzani Fərid Həsən oğlu." Doktor Fərzaninin kabinetinin qapısı açıq idi.
Məşəqqətli gün Nuvariş Qarabağlını üzüb əldən salsa da, bircə hovur dizini qatlayib əyləşmək istəsə də, qapının yanındakı oturacaqda əyləşmədi.
Ona elə gəldi ki, əgər indi burda otursa bir də heç zaman ayağa qalxa bilməyəcək. Ehmalca açıq qapıdan kabinetə nəzər saldı: stol, iki köhnə stul, divan, seyf, soyuducu, köhnə televizor, elektirik çaydan, əlüzyuyan... O, cibin eşələyib siqaret tapdı çıxartdı, amma yenə də çəkmədi. Güclü ürək bulanmasının təsiri altında pəncərəyə sarı gəldi və heç ora çatmamış əməliyyat otağının yanından digər istiqamətə də eynən belə bir koridorun uzanıb getdiyini gördü. Doktor Fərzaninin kabineti yerləşən bu koridorun həmən o boş, kimsəsiz kolidordan fərqi bu idi ki, burda çoxlu pəncərələr vardı və dəhliz boyunca sıralanan göyümtül palata qapıları tutqun şüşəli, kül rəngli pəncərələrə baxırdı. Pəncərələrdən birinin önündə ayağı gipsə salınan oğlan qoltuq ağacına söykənib siqaret çəkirdi. Ona yaxın, qapısı açıq palatanın qarşısında qolu sarıqlı bir qadın durmuşdu. Koridorda o iki nəfərdən savayı ayrı bir inli-cinli yox idi.
Nuvariş Qarabağlı bayaqdan barmaqları arasında saxladığı siqareti yandırdı. Elə ilk qullabdaca gözlərinə qaranlıq çökdü. İndicə yerə yıxılacağından qorxdu. Divardan tutub, birtəhər özünü oturacağa çatdırdı. O vaxta qədər oturmalıydı ki, gözünün qabağını kəsən qara pərdə çəkilsin. Gözünün pərdələnməyi cəhənnəm, bu saat onu hər şeydən daha çox bütün bu olanları Saday Sadıqlının arvadı Azadə xanıma necə çatdıracağı qorxudurdu.
Nuvariş Saday Sadıqlının evinə tez-tez gəlirdi. Onun arvadının harada işlədiyini də bilirdi. İndi isə belə bir vəziyyətdə burdan qalxıb Azadə xanımın iş yerinə yollanmaq onun nəzərində demək olar ki, mümkünsüz iş idi. Hələ bilmir ki, kişinin başına gətirilənləri necə, nə təhər danışacaq. Yaxşısı budur, tərpənməsin burdan, əməliyyatın sonuna qədər gözləsin. Əməliyyat bitər, Sadayın yaraları sarınar, huşu üstünə gələr, ancaq bundan sonra baş verənləri Azadə xanıma çatdırmaq o qədər də çətin olmaz. ( Unudub ki, bu gün bazardır və təbii ki, Azadə xanım da işdə deyil.)
Nuvariş Qarabağlı üç dəfə evlənsə də, bu müdhiş gecədə bütün şəhərdə yolunu gözləyən bir kimsə yoxdur. Birinci dəfə ailə qurmaq qərarını verəndə 19-20 yaşı vardi: heç nə, gözü tutan qızı nişansız, toysuz, xeyir-duasız bir taksiyə basıb ata evinə gətirdi. Toy cəhənnəm, olur olsun, olmur olmasın. Məsələ burasında idi ki, Nuvarişin anası xeyir-duasız ər evində peyda olan gəlini heç cur bağışlaya bilmirdi. Ay yarımdan sonra qaynana ilə davadan sonra qız şey-şüyünü yığışdırıb evdən çıxdı, bir də heç zaman geri qayıtmadı. Onda cavan vaxtlarıydı, tamaşalarda epizodik rollara çıxırdı, o zaman teatırın qocaman bir işçisinin "mənzil şəraitini yaxşılaşdırdılar", onun Montindəki rütubətli yarızirzəmi otağını Nuvarişə verdilər. O, bu mənzildə ciyəri xərçəngə tutulması səbəbindən rəhmətə gedən ikinci arvadı ilə cəmi doqquz ay yaşadı. Üçüncü arvadı Cülyetta teatrın tanınmış aktyorlarından birinin qarımış qızı idi, ona ərə gələndə bəlkə də 36 yaşı olardı. Beş il uşaqları olmadı. Sonra oğlan doğuldu. Bir dəfə, hələ heç uşaq üçaylıq da deyilmiş , başı daşlı ana körpəni əmizdirərkən bunu tərs yuxu basır, səhər oyananda görür ki, uşaq iki döşünün arasında boğulub ölüb. Dəhşətli burasıydı ki, anaya görə qucağında boğulan tifil guya heç ölməyib, diridi, amma kirimir, ağlayır, elə hey süd istəyir... Bundan sonra ana yeməkdən kəsildi, yuxu gözündən qaçaq düşdü. Uşaqdan sonra on gün qalmadi. Arıqlayıb çöpə döndü, şam kimi əriyib, kölgə kimi çəkilib getdi, elə bil heç bu dünyada o adda adam yox imiş.
İndi, on ildən çoxdu ki, şəhərin mərkəzində Nuvarişin iki gözlü mənzili vardı. Bu fevrala qədər, tək qalmağına baxmayaraq irəliki vaxtla müqayisədə dinc, hətta hədsiz dərəcədə xoşbəxt və düzgün həyat yaşayırdı. Fələyin işinə bax ki, Nuvariş Qarabağlı öz mənzilinə gecələr, həm də getməyə başqa bir yeri olmadığına görə dönürdü. Halal-hünbət mənzilində o, bir dəqiqə də olsun dinclik tapmır, yuxunun, istrahətin nə olduğun bilmirdi. Səbəb də bu idi ki, vəzifə baxımından əhəmiyyətsiz, amma gəlir baxımından çox mötəbər vəzifə tutan bir nəfər - Baksavetin yekəqarın, uzundraz əməkdaşı günlərin birində teatrın qocaman işçisi, qarderobçu Qreta Sərkisovna Minasovanın mənzilini ələ keçirmiş, axırıncı, onuncu mərtəbədə Nuvarişə qonşu olmuş və bu yaşayış sahəsini əsl əyyaş yuvasına çevirmişdi. Divarın o üzündəki mənzilin kəhilti və nırıltısı bütün gün əsib-səngimək bilmirdi. Qoca təcrübəli sürtük qəhbələrin çığırtıları köhnə sənətə yenicə qədəm basan xırda qızların həqiqi və ya yalançı kef iniltiləri ağılı başdan çıxarır, artisti gündüz rahatlığın, gecələr yuxunun uzunə həsrət qoyurdu. Deyilənə görə həmin uzundıraz heyvərə şuşalıdır. Bakıya sonradan təşrif buyurub. Baksovetde işə duzəlib. Nuvarişgilin evinin qonşuluğundakı koperativ binada dördotaqlı mənzil alıb. Bu adamın bədən quruluşu kvadrat şəkilindədir. Nataraz kürəyinin enini hər hansı bir ölçü stanrdartına uyğunlaşdırmaq, sadəcə mümkün deyil. Onun göyümtül, qara rəngli qalın saçları, bununla bahəm, qara və qalın qaşları, əhəmiyyətli dərəcədə uzun bığı, büsbütün boş və heç nə ifadə etməyən krokadil gözünə bənzər donuq gözləri vardı. Hətta onun adı və familyası da Nuvariş Qarabağlının qulaqlarında zalımlıq və allahsızlıq rəmzi kimi səslənirdi: Şahqacar Ərmağanov. Adam ona bu adı verənin yerinə xəcalət çəkir.
Səhər açılar-açılmaz, hələ heç hava tam işıqlanmamış həyətdə səs-küy qalxmış və dərhal çox güman ki, camaat eşitsin deyə, xəbər yayılmışdı ki, guya hansısa bir erməni qadın özünü eyvandan atıb. Qreta Sərkisovnanın parçalanmış vücudu hələ böyük qan gölməçəsində üzərkən şəhərə daha bir şaiyyə çıxdı ki, guya özünü eyvandan atan erməni qadın ölüm qabağı tövbə məktubu yazıb qoyub. "Mən ermənilərin törətdikləri bütün bu cinayyətlərə görə özümə nifrət edirəm. Mən öz xalqıma nifrət edirəm, ona gorə də bundan sonra bu dunyada yaşamaq istəmirəm. Qarabağ Azərbaycanındır. Yaşasın Azərbaycan".
Nuvariş onda da, elə indi də zərrə qədər şübhə etmirdi ki, bu intihar başqa bir kəsin yox, həmin o şuşalı heyvərənin "əl işidir". Tamamilə mümkündür ki, Şahqacar Ərmağanov şəxsən özü, şəxsən öz əli ilə Qreta Sərkisovnanı eyvandan tullayıb aşağı. İndiki zaman belə zamandır. İstəsən eyvandan gündə yüz erməni tullaya bilərsən. Fərq etməz, lap müsəlman at, bir kimsə gözün üstə qaşın var deməyəcək. Arxasi-köməyi olmayan hər hansı bır insanı bir göz qırpımında yer üzündən silmək heç nədi. Bəlkə bu duruma görə artist şuşalı heyvərədən hər gün bir az da artıq qorxub üşənməyə başlayırdı. Nə qanun var, nə məhkəmə, bir günlü-günəvərli göyçək gündə onu, Nuvarişi eyvandan tula kimi tullayarlar aşağı, adını da qoyarlar intihar, özünəqəsd! Kimdi onun əməlini araşdıran, kim sübut edəcək ki, Baksavetin soyuqqanlı, allahsız, insafsız məmuru əməlli başlı quldurdur?..
Yaşanan gərginlik, laqeydlik və zalımlıqdan aldığı zərbələr hələ ki, onun ürəyini üzüb bitirməmişdi, amma bununla belə artistin emosianal və zərif təbiəti sarsılmış, içi nifrət və ikrahla dolmuşdu. Axı gündə neçə dəfə milisioneri, sahə müvəkkilini dəng eləmək olar adam balasısan, vicdanın olsun bu bardeli yığışdır, yoxsa bir azdan bütün şəhər dönüb olacaq qəhbəxana. Bununla əlaqədar aktyor dəfələrlə milis rəisinin də qəbuluna getmişdi, raykoma, Mərkəzi Komitəyə, hətda Baksovetə məktublar yazıb yollamışdı. İşin ağır qaya kimi yerindən tərpənmədiyini görəndə isə əmin olmuşdu ki, ya bu ölkədə hakimiyyət yoxdur, ya da hakimiyyətdəkilərin hamısı ucdantutma Şahqacar Ərmağanov kimi cəlladdır. Son zamanlar Qreta Sərkisovnanın mənzilində nə Pəsgah açıldığını teatrda da qabağına çıxan hər kəsə danışırdı. Yalnız Saday Sadıqlıya bu biabırçılıq barədə bir kəlmə də deməmişdi. Düşünmüşdü ki, öz dünyasında yaşayan, öz göyüzündə qanad çalan bir adama bütün bunlaru açıb-ağartmaq günahdı. Elə bu səbəbdən də Nuvariş Qarabağlı dahiliyinə varlığı qədər inandığı bir insanı bütün bu çirkablara bulaşdırmaq istəməmişdi. İşə bax, yayın cırcıramasında, aləmin od tutub yandığı günlərdə belə artist qapı-pəncərəni bərk-bərk bağlayır, səhərin haçan açılacağının intizarlarını çəkə-çəkə Allah bilir necə milçəyi qanına qəltan eləyir. Bax elə həmin məşəqqətli gecələrin birində qərara gəldi ki, nə təhər olur olsun pistolet əldə etməlidir. Bu istəyini yerinə yetirmək üçün neçə-neçə tanış milisonerə, voyankomat işçisinə ağız açdı. Onsuz da vid-fasonu gülməli idi, onun pistolet tapmaq arzusu təbii ki, üz tutduğu tanışlarında gülüşdən başqa ayrı bir hissiyyat yaratmadı. Elə ki, artist silah əldə edə bilmədi, haçansa öz halal evində bir gecə rahat yatmağın mümkünlüyünə inamını büsbütün itirdi. Həmin vaxtlar artistin çalışdığı teatrda üç pyesi birdən səhnələşdirilən məhşur yazıçı ona vəziyyətdən çıxmağın ən sadə yolunu göstərdi ( cəmi iki gün irəli). Yazıçının dediyinə görə bu saat Xalq Cəbhəsinin üzvü olan hər kəsin bir, yaxud iki pistoleti var. Həmin cəbhəçi uşaqların əli ilə nəinki tapança, yaxut "Koloşnikov", hətta gerçəkli plomyot almaq olar. Yenə bax elə o nüfuzlu yazıçının dediyinə görə Nuvariş Qarabağlı kimi bir artistin Xalq Cəbhəsinin qərərgahına gedib, Böyük Bəyin qulağına bir-iki söz pıçıldaması məsələni çox asanlıqla yoluna qoya bilər.
Bəyi çoxdan, həm də lap yaxından tanıyırdı. Yalan olmasın yüz dəfə Bakının çayxanalarında, Bulvarda, Malakan bağında, Azneft meydanında çay içmişdilər və cibində pulunun azlığına, çoxluğuna baxmayaraq həmişə can atmışdı ki, caypulunu şəxsən özü ödəsin.
Budur, bu gün günorta artist evdən çıxıb birbaşa Xalq Cəbhəsinin qərərgahına gəldi. Bəy hələ yox idi. Artist demək olar, bir saat ərzində qərərgahın qarşısında bitib onun yolunu gözlədi. Sonra gördü acıb, yaxınıqdakı "Araz" kafesinə girdi və iki pors sosiska, yüz qram araqla günün ilk yeməyini yedi. Kafedən çıxan kimi ora - həmən o lənətə gəlmiş fontanın bir addımlığında yerləşən Xalq Cəbhəsinin qərargahına tərəf getdi və sizə də məlum olan mənfur tarixçənin iştirakçısına çevrildi.
İndi xəstəxana koridorundakı yeganə oturacaqda əyləşən Nuvariş Qarabağlı Böyük Bəylə hələ ki, baş tutası görüş barədə irəlicədən düşünür və o görüşü təsəvvüründə belə canlandırırdı:
- Xoş gördük bəy! Səni gördüyümə görə xoşbəxtəm.
Ən əsası Bəy də ( artistin təsəvvürünə görə) qədim çayxana dostunu böyük ehtiram və nəzakətlə dindirir:
- İşlər necədir, əzizim? Təeatrda nə yenilik var? Kimin pyesini qoyurlar? Bax elə
uşaqlardan sizi xəbər aldım. Niyə o gəlmir, niyə onu görmürəm? Maraqlanın görün səhnəmizin ustad sənətkari haralardadır, bəlkə bir ehtiyacı var...
Artist "ehtiyac" kəlməsini eşidən kimi pistolet məsələsini ortaya atdı. O, hələ istəyirdi ki, Böyük Bəyə qonşu mənzildəki pozğunxananın aktiv fəaliyyəti barədə də məlumat versin, amma Bəy bütün böyük adamlara məxsus dəqiq hissiyyatla köhnə dostunu Xalq Cəbhəsinin qərərgahına çəkib gətirən əsas mətləbi anladı və onu artıq digər xırda-mırda təlaşlardan xilas etməyə tələsdi:
- Bu xırda məsələdir, bəy! - Böyük Bəy bu arada yüngülcə saqqalına sığal çəkdi.
Sonra ucadan və ilhamla bəyan elədi; - Bizim borcumuz xalqa gərək olan oğulları qorumaqdır. - Və bundan sonra o telefonun dəstəyini qaldırıb kiməsə göstəriş verdi: - Artistə bir dənə təzə pistolet gətirin. Mənim dostumdur. Böyuk artistimizdir. Hə, indi çətin vaxtdır, təhlükəli dövrandır. Biz hər cəhətdən sadiq adamlarımızı qorumalıyıq.
Böyük Bəy ( artistin xəyalına əsasən) məhz bu kəlmələri izhar elədi və Nuvaşirin üzünə nəzakətlə gülümsəyib, sakitcə demisinə tənbəki basdı:
- Patronu çox götür, - deyə sözünü tamamladı.
Nuvaşir Qarabağlı lap yaxınlarda şəxsən Böyük Bəyin sayəsində pistplet əldə edəcəyinə qəti əmin oldu və dərin bir qüssə icində il yarım qabaq o gözəl çayxanalarda üzbəsurat oturub qabırğa söhbəti eləmələrini yada saldı.
Və birdən 1979-cu ilin may ayını xatırladı, onda bütün Azərbaycanın birincisi qəflətən teatra təşrif buyurmuş və elə həmən o gözlənilməzliklə də ona şəhərin mərkəzində mənzil vermişdi. Hələ 60-cı illərin sonuydu, onda əməllicə mıxlamışdı, düppədüz olmuşdu və aşa-aşa, kef havasına avtobus dayanacağına doğru gedirdi. Zevin küçəsinin tinində camaatın Xozeyin adlandırdığı həmən o şəxsə ürcah oldu. Bu o zaman idi ki, Nuvariş Qarabağlı atasıyla birgə yaşayırdı, teatrda yenicə epizodik rollara çıxmağa başlamışdı. İşə bax, (həqiqətən də yer üzü möcüzələrdən xali deyil) heç demə o vaxtkı Xozeyin Nuvarişin cuppulu rolunu görüb, nəinki görüb, hətta yadında saxlayıb.
Həmən o axsam deyesen Xozeyin də hardansa yeyib-içməkdən qayıdırmış və keyfi yaxşıymış (onun böyründə iki qüvvəli adam, cangüdənlər varmış).
- Bu sənsən, əə, artist, gəl bura görüm, qardaş, - o deyib, - deyəsən sən də
babatsan. Harda vurmusan bu qədər? - o, böyründəki adamlardan birinə yüngülcə göz eləyib. Mən də vurmuşam, amma görürsən, ayaq üstə dura bilirəm, daha yeddi yana əsmirəm.
Təbii, o anda Nuvariş respublikanın birinci şəxsi ilə tanış deyildi, əgər ki, Birinci
ona əl uzadıb: - "Gəl tanış olaq" deməsəydi, o , heç zaman bilməyəcəkdi ki, həmən o kef havalı axşamda Zevin küçəsinin tinində təmasa bağladığı şəxs kim imiş.
- Tanış olaq. - O, adını söylədi - Səni isə mən tanıyıram, artistsən. Teatrda
yaxşı rollar oynayırsan. Hə, de görüm hara gedirsən?
Nuvariş dili topuq çala-çala güclə deyə bildi:
- Xı...xı...Xırdalana. Avtobusa minməyə gedirəm.
Uzunsifət adam bir müddət artisti ayaqdan-başa süzdü.
- Yaxşı, di yeri, - o, qorxuya düşmüş adama bir növ əmr elədi: - Gecdir,
tərpən, bir də belə nallama.
"Sən yenə də Xırdalanda yaşayırsan?" - sonralar onun Birincinin dilindən
eşitdiyi bu sözlər qulaqlarında o qədər diri, o qədər canlı səsləndi ki, indi sanki bu sözləri xəstəxananın dilsiz və kar divarları da eşitdi.
- İndi mən Montin qəsəbəsində yaşayıram, yerdən bir mərtəbə aşağıda - artist
köhnə tanışıyla cəsarətlə zarafatlaşdı.
- Sabahdan şəhərin mərkəzində, yerdən on mərtəbə yuxarıda yaşayacaqsan -
Birinci zarafata zarafatla cavab verdi.
Həmən axşam Axundovun "Müsyö Jordan" tamaşasının yekununda teatrın bütün
yaradıcı kollektivi direktor Mopassan Mirələmovun kabinetinə yığılmışdı. Nuvariş tamaşada dərviş Məstəli şah rolunu oynayırdı və Allahın böyüklüyündən oyun Birincinin xoşuna gəlmişdi. O, dedi "Sən "Ölülər"də Şeyx Əhmədi də yaxşı oynamısan. İki dəfə televizorda baxmışam. Belə rolların sayını çoxalt".