"Rəqib sonuncu yerdə olsa da, təhlükəli komandadır".
"Report" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Səbail"ə evdə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XVI tur oyunundan sonra mətbuat konfrasında deyib.
42 yaşlı mütəxəssis oyunun çətin keçəcəyini bildiklərini söyləyib: "Rəqib meydanda sürpriz edə biləcək gücdədir. Komandanı ağır matça hazırlamışdıq. Bilirdik ki, qələbə qazanmaq üçün görüşə maksimum köklənməliyik. Oyunçular verilən tapşırığı yerinə yetirdilər və layiqli qələbə qazandıq. Birinci hissədə 4-5 qol şansımız oldu. Onları dəyərləndirə bilmədik. Futbolda belə hallar olur. Komandadan istədiyimi meydanda görürdüm".
Baxşıyev kapitan Asif Məmmədovun onun üçün önəmli oyunçulardan biri olduğunu diqqətə çatdırıb: "O, bütün matçlarda iştirak edib. Sadəcə, bu gün istirahət etməsi üçün ehtiyatdan oyuna daxil etdik. Zədəsi çox ciddi deyil. İnanırıq ki, qarşıdakı günlərdə komandaya qoşulacaq".