“Qəzetlərin ayrı-ayrı mənfəətləri var. Ona görə də, hansısa şərtlərin ya bu, ya da başqa vasitələrlə təsir göstərmə imkanları var. Erməni lobbisinə aid olan insanlar tərəfindən “Sabah” qəzetində bu tip məlumatlar birinci dəfə deyil ki, dərc olunur. Biz çalışmalıyıq ki, Türkiyə cəmiyyətini məlumatlandırmaq üçün öz vasitələrimizdən istifadə edək”.
Bu fikirləri millət vəkili Fazil Mustafa AZXEBER.COM-a Türkiyənin məşhur “Sabah” qəzetində dərc olunan məlumatda müstəqil dövlətlərin siyahısında Azərbaycanın ayrılmaz hissəsi olan, ermənilər tərəfindən işğal edilən Dağlıq Qarabağın müstəqil dövlət kimi göstərilməsinə münasibətini açıqlayarkən söyləyib.
Xatırladaq ki, Türkiyənin “Sabah” qəzetində müstəqil dövlətlərin siyahısı dərc olunub. Burada Azərbaycanın ayrılmaz hissəsi olan, ermənilər tərəfindən işğal edilən Dağlıq Qarabağ müstəqil dövlət kimi göstərilib.
Millət vəkili daha sonra deyib ki, qonşu Türkiyə dövlətinin mediasında bu baş verən ilk hal deyil: “Qəzetlərin ayrı-ayrı mənfəətləri var. Ona görə də, hansısa şərtlərin ya bu, ya da başqa vasitələrlə təsir göstərmə imkanları da var. Erməni lobbisinə aid olan insanlar tərəfindən “Sabah” qəzetində bu tip məlumatlar birinci dəfə deyil ki, dərc olunur. Biz çalışmalıyıq ki, Türkiyə cəmiyyətini məlumatlandırmaq üçün öz vasitələrimizdən istifadə edək. Türkiyə mətbuatında çıxışlar edək, mövqelərin daha doğru anlaşılkmasına çalışaq. Doğruları Türkiyə cəmiyyətinə çatdıraq ki, kimsə yalan danışanda inanılmasın və bu cür halların ortaya qoyulmasına zamanında qarşı çıxmış olaq”.
Müsahibim eyni zamanda, qonşu ölkənin mediasında Azərbaycanla bağlı həqiqətlərin çatdırılması istiqamətində fəaliyyət göstərməklə yanaşı, parallel olaraq hüquqi addımları da atmağın lazım olduğunu qeyd etdi.
“Türkiyə mətbuatında Azərbaycanla bağlı məlumatlar niyə az dərc olunur?” sualına millət vəkilinin cavabı belə oldu: “Söhbət maraqlar məsələsindən gedir. Özəl qurumlara təsir etmək imkanları məhduddur”.