Flavinyo danışdı: “Salam, qardaş! Nətərsən?”

İDMAN
11:18 28.04.2011
2505

28 yaşlı oyunçu flaqmanın düşərgəsinə gəldiyi ilk gündən fərqlənməyə başlayıb. Özü də bütün mənalarda. Həm sadəliyi, həm oyunu, həm də şəxsi həyatı ilə. Yəqin, əksər oxucularımız bilmirlər ki, Flavinyo Azərbaycana həyat yoldaşı Marisa və bacısı Edianeslə birgə köçüb. 

Sambaçıların evində qonaq olduq, onların həyat tərzləri ilə yaxından maraqlandıq. Futbolçunun Bakıya bacısı ilə birgə köçməsinin səbəbini də öyrəndik. Əgər təkcə Flavinyo barədə danışmalı olsaq, qeyd etmək lazımdır ki, onun ilk klubu Braziliyada CENE klubu olub. Ardından Koreya "Seonqnam"ına keçən istedadlı yarımmüdafiəçi qısa fasilədən sonra vətəninə qayıdıb və A seriyasında mübarizə aparan klubların - "Araçatuba", "Mineyros", "Qama" və "Qremio Prudente"nin şərəfini qoruyub.

Ötən ilin yayında "Neftçi"yə transfer olunan braziliyalı indiyədək ölkəmizə gələn ən səviyyəli legionerlərdəndir. Valensio ailəsi ilə görüşüb, onları daha yaxından sizlərə təqdim etməyə çalışdıq. Müsahibə zamanı onlardan ən çox danışanı elə Flavinyo oldu. Marisa və Edianes isə aradabir söhbətə qoşulurdu.

- Karyeranızı Azərbaycanda davam etdirmək variantı necə yarandı?
Flavinyo: Artıq 8 aydır burdayam. Azərbaycandan öncə Koreyada 4 ay legioner həyatı yaşamışam. Amma orada tək qalmışam, yəni nə Marisa, nə də Edianes mənimlə birgə olub. Düzünü deyim ki, bura mənim xoşuma gəlir.

- Azərbaycanda oynamaq qərarını yaxınlarınız necə qarşıladılar?
- Birinci dəfə bu varianta şübhəli yanaşdılar, narahat oldular. Çünki burada çoxlu braziliyalı olduğundan xəbərsiz idilər. Onlar tək qalacaqlarını düşünürdülər. Bura gələndən sonra isə ailəvi braziliyalıları gördük və narahatçılığa son qoyuldu.

-Həyat yoldaşınız, bacınız nə ilə məşğul olur?
- İşləmir. İndi evdar xanımdır. Braziliyada olarkən, zərgərliklə məşğul olurdu, sırğa, bəzək işləri düzəldirdi. Bacım isə tələbədir, Bakıya köçdüyünə görə, təhsilini hələlik dayandırıb.

- İndi də zəhmət olmasa, Marisa xanımla tanışlığın barədə danış.
- Biz artıq 10 ildir evliyik. Tanış olanda mənim 17, onun isə 16 yaşı var idi. Eyni şəhərdə yaşayırdıq. Balaca şəhər idi, cəmi 33 min əhalisi var idi. Demək olar, qonşu idik. Tanışlığımız da asan alındı və ailə həyatı qurduq.

- Digər legionerlər də Azərbaycana ailələrini və övladlarını gətirirlər. Lakin birinci dəfədir ki, futbolçu öz bacısı ilə Bakıya təşrif buyurduğunu görürük. Maraqlıdır, niyə həyat yoldaşınızla bərabər bacınızı da bura gətirmisiniz?
- Bizim övladımız yoxdur. Bura gələndə fikirləşdim ki, ailə üzvlərindən kimisə gətirim ki, burada darıxdırıcı olmasın. Onu da deyim ki, Braziliya çox böyükdür, orada da evdən çox uzaqda oynayırdım. Ailə üzvlərimi il ərzində cəmi 2-3 dəfə görürdüm. Bu səbəbdən qərara gəldim ki, Azərbaycanda darıxdırıcı olmaması üçün bacım da bizimlə gəlsin.

- Azərbaycan sizin üçün yad ölkədir. Bizim adət-ənənələrə uyğunlaşa bilmisinizmi?
Marisa: Mən Bakıda fitneslə məşğul oluram. Burada qadınlarla kişilərin ayrı-ayrı yerlərdə məşq etməsi mənə qəribə gəldi.
Flavinyo: Mənə isə buranın nəqliyyat sistemi xoş gəlir. Hardan istəyirsənsə, keçə bilərsən (gülür).
Edianes: Mənim üçün hər şey fərqlidir. Braziliyada futbol matçları zamanı stadiona çoxlu qadınlar gəlir. Təxminən tamaşaçıların yarısı xanımlar olur. Azərbaycanda isə stadionlarda yalnız kişilərə rast gəlmək mümkündür. Oyunlarda cəmi 2-3 qadın gözə dəyir.

- Braziliyadakı karnavallar olduqca məşhurdur. Azərbaycanda isə ən geniş qeyd olunan bayram Novruzdur. Sizə artıq burada belə bir bayramı görmək nəsib olub.
Flavinyo: Təəssüf ki, son illərdə karnavala qatıla bilmirəm. Sizin keçirdiyiniz Novruz bayramı həqiqətən də geniş qeyd olunur. Bayram günlərində biz də şəhərə gəzməyə çıxmışdıq. Küçələrdə maşınlar elə az idi ki... Kaş, həmişə belə olaydı (gülür). Üstəlik, 3-4 gün evdə qalıb, istirahət etdik. Biz gördük ki, Novruz bayramında ocaq qalayıb, üstündən tullanırlar. Biz də buna oxşar qaydalar var.

- Bizim mətbəxə də uyğunlaşmaq sizin üçün vacibdir. Bilmək istərdik ki, yeməklərimizlə aranız necədir?
Flavinyo: Yeməklə bağlı böyük çətinliyimiz var. Braziliyada ət çeşidi çoxdur. Burada məsələn, yalnız mal əti var, vəssalam. Bizdə isə təkcə mal ətinin xeyli növü mövcuddur. Eyni zamanda, lobyanın bir sıra növləri var. Kofe çox fərqlidir.

- Sualım xanımlaradır: Azərbaycan yeməklərini bişirə bilirsinizmi, ümumiyyətlə, bu yeməklərin hazırlanma qaydaları ilə maraqlanmısınızmı?
Marisa: Bundan ötrü bizə müəllim lazımdır.

- Flavinyonun oyununu, meydandakı hərəkətlərini hamımız izləmişik. Ancaq onun adi həyatda necə olduğunu bilmirik. Flavinyonu bir insan kimi necə xarakterizə edərdiniz?
Marisa: O, çox diqqətlidir, zarafatcıldır, şəndir.
Edianes: Bacısı olaraq, Flavinyodan şikayət edə bilmərəm. O, həmişə bizə yardım göstərir. Zarafatcıl olmaqla yanaşı, videooyunlar oynamağı da xoşlayır.

- Flavinyo, Bakıda boş vaxtlarınızı necə keçirirsiniz?
- Əsasən alış-veriş etməyə gedirik. Həmçinin, boulinq oynayırıq. Mərkəzdə gəzmək, şəkil çəkdirmək xoşumuza gəlir. Braziliyalılarla tez-tez bir araya gəlib, əylənirik.

- Paytaxt küçələrində gəzərkən insanların sizə münasibəti necə olur?
Flavinyo: Qadınlar Marisa ilə Edianesə baxıb gülürlər, mənə isə yalnız baxmaqla kifayətlənirlər.

Marisa: İndi bizim yanımızdan ötüb keçəndə, danışığımıza görə braziliyalı olduğumuzu başa düşürlər.

- Azərbaycana köçdükdən sonra həyatınızda nələr dəyişib?
Flavinyo: İndi Braziliyaya sanki turist kimi gedirəm. Bura artıq mənim evimə çevrilib. Azərbaycanda yaşamağa öyrəşmişik.
Edianes: Həqiqətən də həyatımızda çoxlu dəyişikliklər var. Axı, biz adət-ənənələri, mədəniyyəti tam fərqli ölkədəyik.

- Təbii ki, futbolçuların həyat tərzləri başqa cür olur. Daima səfərlərə, məşqlərə, oyunlara gedirlər. Flavinyonun da qrafiki belə gərgindir. Bəs sizə darıxdırıcı deyil?
Milesa: Flavinyo evdə olmayanda, fitnesə gedirəm. Hazırda ingilis dilində daha yaxşı danışmaq üçün kurslara yazılmışam. Daha sonra növbədə Azərbaycan dilidir. Düzdür, sizin diliniz çox mürəkkəbdir. Bundan başqa, gəzməyə gedirəm. Boş vaxtımdan səmərəli istifadə etməyə çalışıram.
Edianes: Mən isə dərslərimlə məşğul oluram. Milesa ilə birgə fitnesə gedirəm.

- Azərbaycanlı xanımlar barədə fikirləriniz nədir?
Milesa: Azərbaycanlı xanımlar daha çox qadına uyğun paltar geyinirlər. Yəni, onlar bizimkilərlə müqayisədə, qapalı, örtülü geyimlərə üstünlük verirlər. Braziliyada isə xanımlar açıq-saçıq geyimdə olurlar.

- Braziliyaya gedəndə dostlarınıza, tanışlarınıza Azərbaycan haqqında nə danışırsınız?
Flavinyo: Onlara Azərbaycanın çox sürətlə inkişaf etdiyini söyləyirəm. Bu gün şəhərin bir yerindən keçirsən, orada heç nə yoxdur, sabah isə həmin məkanda yeni bina ucaldığını görürsən.

- Flavinyo, sən Braziliyanın məşhur komandalarında oynamısan. "Neftçi" isə sənin üçün yeni, fərqli klubdur. Bu komanda haqqında nə deyə bilərsən?
- "Neftçi" peşəkar klubdur. Rəhbərlik komanda üzvlərinin bütün üzvlərinə diqqət göstərir. Başda prezident olmaqla, "Neftçi" rəhbərliyinə minnətdarlığımı bildirirəm. Gələcəkdə daha yaxşı olacaq. Fikrimcə, Azərbaycan futbolunun inkişafında "Neftçi"nin böyük rolu olacaq.

- Flaqmanın çempionatdakı əsas rəqiblərindən biri "Xəzər Lənkəran"dır. Bu komanda ilə oyunlara özünü necə hazırlaşırdırırsan?
- "Xəzər Lənkəran"la oyundan öncə hirsli oluruq. Matça bir həftə qalmış narahat oluruq, əsəblərimizi girovlaya bilmirik. Bu da rəqibi məğlub etmək istəyimizdən irəli gəlir. Yəni, "Xəzər Lənkəran"a qarşı oyunumuz normal keçmir. Ancaq düşünürəm ki, onlarla son görüşümüz yaxşı alındı. Hətta səfər meydançasında qələbə qazan bilərdik.

- "Neftçi"nin çempionluq şansını necə dəyərləndirirsən?
- Ən yaxın izləyicilərimiz olan "Xəzər Lənkəran" və "Qarabağ"la qarşılaşmalarımız var. Bu oyunlarda qətiyyən uduzmaq olmaz. Ən azı heç-heçəyə nail olmaq lazımdır.

- Klubumuzun fanatlarına - "Neftçi"sevərlərə sözün nədir?
- Oyunlarımızı izlədiklərinə, bizi dəstəklədiklərinə görə, onlara minnətdarlığımı bildirirəm. Azarkeşlərimizin qarşısında oynamaq çox rahatdır. 6 saat yol qət edib, Zaqatalaya gedirlər və bizi "Simurq"la matçda dəstəklədilər. Bu, həqiqətən də xoş mənzərədir. 100 faiz əminəm ki, "Neftçi" çempion olacaq.

 

OXŞAR XƏBƏRLƏR