Fransa şirkəti Azərbaycanın ikinci peykinin hazırlanmasında maraqlıdır

İQTİSADİYYAT
17:05 01.02.2014
1390
Fransanın “Airbus Defence and Space” şirkəti Azərbaycanın Yerüstü müşahidə və ikinci telekommunikasiya peykinin hazırlanması üçün tenderdə iştirak edəcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə şirkətin Yerüstü Müşahidə Naviqasiya və Elm üzrə İxracat direktoru Gi Limuzən bildirib.
O qeyd edib ki, şirkət Azərbaycan tərəfindən tender elan olunmasını gözləyir. Şirkət nümayəndəsi həmçinin “Azərkosmos” ilə əməkdaşlıq etmək istədiklərini, Azərbaycan mütəxəssislərinə təcrübə keçirilməsində maraqlı olduqlarını bildirib.
G.Limuzənin sözlərinə görə, şirkət dünyanın 100-dən artıq ölkəsi üçün peyk hazırlayıb, 2013-cü ildə peyk hazırlanması sahəsində dünyada birinci yerdə olub.
O, qeyd edib ki, şirkət hazırda Qazaxıstan üçün Yer Səthinin Müşahidə peykini hazırlayır ki, bu peykin bu ilin aprel ayında orbitə buraxılması gözlənilir.
Eyni zamanda, peykin orbitə çıxarılması üzrə ixtisaslaşan və Azərbaycanın ilk telekommunikasiya peykini orbitə çıxaran “Arianspace” şirkəti əməkdaşlığı davam etdirmək niyyətindədir.
Şirkətin direktoru Stefan İsrael bildirib ki, növbəti peykin orbitə buraxılması üçün Azərbaycan tərəfindən tender elan olunanda tenderdə iştirak edəcəklər.
O, Azərbaycanla birinci peykin orbitə çıxarılması üçün uğurlu əməkdaşlıq etdiklərini, bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirib:
“Şirkət Azərbaycan mütəxəssisləri üçün təcrübə keçə bilər”.
Şirkətin rəhbəri, həmçinin Azərbaycanın region üçün nümunə olduğunu da əlavə edib:
“Azərbaycan bununla fəxr edə bilər”.
Qeyd edək ki, ötən ilin fevralın 8-də Fransa Qvianasından Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace 1” orbitə çıxarılıb. Peyki Amerika şirkəti hazırlayıb, orbitə isə Fransa şirkəti buraxıb.

OXŞAR XƏBƏRLƏR