Hər şeyin tərsi!

Hər şeyin tərsi!
KÖŞƏ
17:29 27.04.2023
216

Əfsələddin Ağalarov

 

Kaş dəxlisiz işlərdə, aidiyyatsız mövzularda arxadakı boşluğun vahiməsi olmaya. Biraz sıxıntı gələn kimi əlini telefona atıb zəng edirsən: "Böyrəyim ağrayır, tanış həkimin var?”, "Uşaq oxumur, tanış müəllimin var?", "Tam ciddi soruşuram, uşağı evləndirirəm, bəlkə ona arvadlıq etməyə tanış qız tanıyarsan? Vallah əvvəlki kimi deyil, daha toy kasetlərindən evlənməyə qız tapmaq olmur”.

Bu axtarışın psixoloji səbəbləri ilə yanaşı subyektiv səbəbləri də çoxdur... Amma səbəb nə olursa olsun, nəticədə bir bir-birimizdən qopmuş, bir-birimizdən intiqam alan adamlara çevrilmişik. Qəbullanaq deyə yox, təsəlli olsun deyə yazıram. Hamımızın bu cəmiyyətin "cəsədi” üzərində barmaq izləri var.

İndi əlinizi çənənizin altına, dirsəyinizi də masanın üstünə qoyub xəyal edin! Bir anda dünyamız tərsinə çevrilir. Hər şey baş-ayaqdır. Bu sürrealist ideyanın adı da belədir - TƏRS DÜNYA.

Gözlərinizi yumun, rahatlayın, lap dərinə enin və...

Bir bayram sabahında yetimlər evinə gedən ətin yağlı tikəsindən, imkansızlar üçün ayrılan dərmanların satışından milyonlar qazanan adamlar Ramazan bayramında fitrə vermək üçün kasıb ailə axtarmaqdan vaz keçirlər. Tərs dünyamızın ilk şərəfli vətəndaşı olmaq üçün bu iki qəhrəman əl qalıdırır. Bu səhər digər səhərlərdən tamam fərqlidir. Yetimlər evinin müdirəsi yuxudan durur və ilk iş olaraq dizini yerə qoyub ətini yediyi yetim uşaqlardan üzr istəyir, digəri də xəstələrin dərmanlarını qapı-qapı gəzib özlərinə qaytarır. Heç fitrəyə də ehtiyac qalmır. Qərara gəlinir ki, ehtiyac olmadığı üçün fitrə sözü leksikondan çıxarılsın. Hamı sevinir, ən başda da Allah!

Və ya zaman-zaman efirlərə çıxıb "qeyrətdən” danışan, amma qeyrətlə bağlı ən kiçik bir fikri belə olmayan aparıcılar, bloggerlər, müğənnilər bu səhər studiyada sıra ilə düzülüb kameraya baxırlar. Bir gözü dizinin üstünə qoyduğu qaba doğradığı lobyada, digər gözü də ekranda olan qadınlar da diqqətlə nə baş verəcəyini gözləyir, həyəcandan ürəkləri boğazlarında atır. Arxa fonda yenə türk seriallarından birinin vahiməli musiqisi səslənir. Həmin məşhurların arasından çıxan cəsur şəxs cəsarətini toplayaraq müraciətin mətnini oxuyur: "Əziz bizi izləyərkən dizinin üstündə lobya doğrayan qadınlar. Etiraf edirik, biz düşündüyünüz insanlar deyilik. Biz sizi illərdir gic yerinə qoymuşuq. Gerçək qadınlar sizlərsiniz. Qeyrət də sizdədir, namus da... "İnstagram"da gördükləriniz isə böyük bir ağ yalandan ibarətdir. Biz əslində sizlər kimi, sadə çay sözünə "chay" yox elə "çay" deyirik. Bəzən "cay" da deyə bilirik. Etiraf edək ki, "chay" deyərkən anadan əmdiyimiz burnumuzdan gəlir, mədəmiz sancır, gücənirik".

Tərsinə dünyamızın ilk səhəri daha bir fərqli yeniliklə açılır. Evdə lobya doğrayıb axşama dadlı yemək hazırlamağa çalışan qadınların telefonda nömrələri daha "Ev”, "Uşaqların anası" kimi qeyd edilmir. Kişilər də bu səhər inqilab edirlər. "Canım”, "Ürəyim” kimi yazılan çoxərli qadınların nömrələri telefonlardan silinir, evdəki qadının adı "Canım”, "Ürəyim” kimi qeyd edilir. Çoxərlilərin adı da "JEK", "Su filtri" kimi sözlərlə əvəzlənir. Hamı sevinir, hamı xoşbəxt olur!

Tərsinə dünyamızın gecələri də əvəzsizdir. Düşünün ki, bu günün axşamında bir toy məclisinə dəvətlisiniz. Məclisə gedirsiniz və evrika! Ömür boyu kasıbın çörəyini əlindən alan, fəhlələri bir qarın çörəyə işlədib iş yekunlaşanda da müxtəlif bəhanələrlə pulundan kəsən, haqqını verməyib, o pulu yeyən "müəllimi” bu dəfə məclisin başında otuzdurmurlar. O sevincək masaya yaxınlaşır, ev sahibi isə ona yaltaqlanmağın yerinə əməllərinə görə uşaq kimi danlayıb əliylə masanın axırını göstərir. O da boynunu aşağı salıb piylənmiş gövdəsini darta-darta yerinə tərəf gedir. Masanın axırında oturan otuz ilin tarix müəllimi də çox ayaq üstə gözlədilmir, gerçək yerinə - düz masanın başına dəvət edilir. Sonda "biznesmen müəllim" cəza kimi tarix müəlliminin yerinə nəmər də yazdırır. Müəllimin də pulu cibində qalır. O da sevincək evə gedib hal-qaziyyəni arvadına danışır. Elə o gecə də pulunu tutub əlindən alırlar. Bu səhnədə də hamı xoşbəxt, hamı şad-xürrəm yaşayır.

Barmaq şaqqıltısının səsini eşitdiniz?!

Yoruldunuz, "qarışqalar" dirsəyinizdə qaçışır. Onu masadan, əlinizi də çənənizdən götürün. Üzünüzə su vurun, sonra əlinizi boynunuza aparıb yaxşıca ovuşdurun. Tərs dünya nağılı bitdi. Çöldə güclülər zəifləri yemək üçün dişlərini qamaşdırır. Tapşırıq isə belədir: göydən düşən üç almadan biri olmamaq üçün düz dünyada ehtiyatlı olun!

OXŞAR XƏBƏRLƏR