"Hesabda üstünlüyümüz olsa da, bu heç kimi aldatmamalıdır"

"Hesabda üstünlüyümüz olsa da, bu heç kimi aldatmamalıdır"
İDMAN
02:22 20.08.2025
341
"Ferentsvaroş"a qarşı hesabdakı üstünlük heç kimi aldatmamalıdır.

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirdikləri ilk oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis səfərdə qazanılan qələbənin vacibliyindən danışıb:

"Möhtəşəm qələbə münasibəti ilə futbolçularımı təbrik edirəm. Baxmayaqraq ki, gərgin oyuna şahidlik etdik. Futbolçularımız bu qədər azarkeş önündə sona qədər mübarizə apardılar, əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Öz azarkeşlərimizə də təşəkkür etmək istəyirəm, bizləri yalnız buraxmadılar. Stadionda çox gözəl ab-hava var idi. Üstünlüyümüz olsa da, hesab heç kimi aldatmamalıdır. Bakıdakı qarşılaşmada daha ciddi oynamalıyıq. Qətiyyən arxayınlaşmaq olmaz. Çünki rəqibin heyətində elə futbolçular var ki, adi vəziyyətdə qol vura bilirlər".

O, rəqib komandanın ilk qolu vurmasından sonra həvəsdən düşmədiklərini söyləyib:

"Deməzdim ki, ilk qoldan sonra həvəsdən düşdük. Sadəcə səfərdə qol buraxırsansa, istər-istəməz həyəcan çoxalır. Buraxılan qoldan sonra üzərimizdə təzyiq bir qədər də artdı. Lakin get-gedə qarşılaşmada nəzarəti ələ ala bildik. Xüsusi ilə ikinci hissədə riskə getdik. Çünki hesabda geridə idik. Fasilədən sonra çox qol vurmaq istəyirdik".

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
OXŞAR XƏBƏRLƏR