Vyetnamın paytaxtı Hanoyda 150 nəfərin yaşadığı 9 mərtəbəli yaşayış binasında baş verən yanğında aralarında uşaqların da olduğu 30 nəfər ölüb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Hanoyda təxminən 150 nəfərin yaşadığı 9 mərtəbəli yaşayış binasının mənzilində yerli vaxtla saat 23:00 radələrində yanğın baş verib.
Tezliklə alov bütün binanı əhatə edib. Bölgəyə 15 yanğınsöndürmə maşını, təcili yardım və polis qrupları sövq edilib. Binanın yerləşdiyi küçə dar olduğundan yanğınsöndürənlər yanğına yaxından müdaxilə edə bilməsə də, alov 3 saatdan sonra söndürülüb.
Yanğın zamanı aralarında uşaqların da olduğu 30 nəfər həyatını itirib, 70 nəfər isə xilas edilib. Xilas edilənlərdən 54-ü yanıq və tənəffüs yolları xəstəlikləri səbəbindən xəstəxanaya yerləşdirilib.
Külə dönən binada axtarış-xilasetmə işləri gün ərzində davam edərkən, polis hadisə ilə bağlı araşdırma başladıb.