Martın ayında İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının yeni sədri seçiləcək.
AZXEBER.COM xəbər verir ki, Mətbuat Şurası şuraya yeni namizədlərin adını açıqlayıb. Şuranın sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Mətbuat Şurası da İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına namizədlərini irəli sürmək hüququna malikdir. Azərbaycan Respublikasının Milli Məclisinin 15 mart 2005-ci il və 18 mart 2011-ci il tarixli qərarları ilə Şuranın namizədi olan Bakı Dövlət Universitetinin dekanı Cahangir Məmmədli Yayım Şurasında təmsil olunub. Onun səlahiyyət müddəti 18 mart 2017-ci il tarixdə başa çatır. Şuranın yayım şurası üçün yeni namizədləri tanınmış jurnalistlər Azər Həsrət və Yadigar Məmmədlidir.

İTV Yayım Şurasının hazırki sədri Cahangir Məmmədli məsələylə bağlı AZXEBER.COM-a açıqlamasında deyib ki, hər iki şəxs dövlətini sevən və peşəkar jurnalistdirlər: "Bildiyiniz kimi eyni şəxs 2 dəfə ard-arda yayım şurasının sədri ola bilər. Mən də 2006 və 2011-ci illərdə Mətbuat Şurası tərəfindən namizəd olmuşam və yayım şurasının sədri seçilmişəm. Mart ayında isə vaxt bitir və yeni sədr seçiləcək. Mətbuat Şurasının namizədliyini irəli sürdüyü hər iki şəxs mənim üçün dəyərlidir. Bu iki qələm adamı həm xalq içində sevilir, həm də işinin peşəkarıdır. Ən əsas da istər Yadigar Məmmədli, istərsə də Azər Həsrət dövlətə və dövlətçiliyə bağlı, sadiq şəxslərdir. Onlardan kim seçilsə, kim sədr olsa, əminəm ki, işlərinin öhdəsindən layiqincə gələcəklər. Hər iki dostuma uğurlar arzulayıram".

Mətbuat Şurası tərəfindən namizəd göstərilən Azər Həsrət AZXEBER.COM-a məsələylə bağlı fikirlərini bildirib: "Bildiyiniz kimi, Mətbuat Şurası tərəfindən mən və həmkarım Yadigar Məmmədli yayım şurasına namizəd göstərilmişik. İlk olaraq qeyd edim ki, bu işdə Cahangir Məmmədlini əvəz etmək heç də asan olmayacaq. Çünki Cahangir müəllim işinin peşəkarı eyni zamanda hər birimizin ağsaqqalıdır. Onun yerinə keçmək çox böyük məsuliyyət tələb edir. Nəticədən asılı olmayaraq biz bir-birimizə dəstək olmağa hazırıq. Əminəm və heç şübhəm yoxdur ki, Yadigar Məmmədli də mənim kimi düşünür. Qarşıdan gələn seçkilərdə hər kəsə uğurlar arzulayıram.
Qeyd edək ki, Cahangir Məmmədli ilə yanaşı Aqil Dadaşov (namizədliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası) da yeni seçkilərdə iştirak edə bilməyəcək. Ancaq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hələ ki, yeni namizədlərini açıqlamayıb.