“İşsiz çox, maaş az” – Mütəxəssis real vəziyyəti AÇIQLADI

“İşsiz çox, maaş az” – Mütəxəssis real vəziyyəti AÇIQLADI
ÖZƏL
16:18 21.11.2025
881

 

Azərbaycanda işsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyasını gücləndirmək üçün hökumət yeni dəstək mexanizmlərini genişləndirir. Milli Məclisdə büdcə müzakirələri zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev bildirib ki, işəgötürənlərlə əməkhaqqının birgə maliyyələşdirilməsi mexanizmi 2026-cı ildə daha geniş tətbiq olunacaq və bu çərçivəyə min nəfərdən artıq şəxsin cəlb edilməsi planlaşdırılır. Nazir həmçinin qeyd edib ki, gələn il işədüzəlməni sürətləndirmək məqsədilə ölkə üzrə 180 əmək yarmarkası keçiriləcək.

İqtisadçı Xalid Kərimli AZXEBER.COM-a açıqlamasında deyib ki, hazırda işsizlik səviyyəsi ilə bağlı rəsmi statistikaya görə, təxminən 230 min nəfər işsiz kimi qeydiyyata alınıb:


"İşsiz sayılmaq üçün mütləq şəkildə gedib məşğulluq orqanlarında qeydiyyata düşmək tələb olunur. Yəni sadəcə evdə oturub ‘işim yoxdur’ deməklə dövlət səni işsiz hesab etmir. Bunun üçün rəsmi müraciət edib qeydiyyata alınmalısan. Qeydiyyata düşdükdən sonra artıq işsiz kimi tanınırsan”.

Ekspert bildirib ki, rəsmi rəqəmlərdə göstərilən 230 min nəfər işsiz, əslində yalnız qeydiyyatda olan şəxsləri əhatə edir:

"Bu rəqəm ölkədəki iqtisadi fəal əhalinin təxminən 5 fazini təşkil edir. Ümumi iqtisadi fəal əhali 5 milyondan bir qədər çoxdur. Hökumət deyir ki, sosial həssas qruplara aid bu şəxslərin məşğulluğunun artırılması üçün işəgötürənlər stimullaşdırılmalıdır. Yəni işəgötürən işsiz şəxsi işə götürdükdə müəyyən müddət ərzində onun əməkhaqqının bir hissəsini dövlət qarşılayacaq. Bu, həmin şəxsin adaptasiyası və öyrədilməsi üçün dəstək mexanizmidir”.

X.Kərimli əlavə edib ki, proqram bütün işsizləri əhatə edə bilməyəcək:

"Söhbət məhdud sayda — təxminən min nəfərə yaxın işsizdən gedir. Ölkədə isə il ərzində iş yerini itirən 8 mindən çox şəxs var. Buna baxmayaraq, hökumətin bu addımı sosial dəstək tədbiri kimi qiymətləndirilir və ayrılan büdcə çərçivəsində həyata keçirilir. Ölkədə iqtisadi artımın zəifləməsi yeni iş yerlərinin yaradılmasını ləngidib”.

Ekspertin sözlərinə görə, əməkhaqların səviyyəsi region ölkələri ilə müqayisədə aşağıdır:

"Orta aylıq əməkhaqqını qonşu ölkələrlə müqayisə etdikdə, Azərbaycan geri qalır. Əmək bazarının əsas qaydası isə belədir: işçi çatışmayan yerdə əməkhaqqı artır, işçi çox olduqda maaşlar aşağı olur. Azərbaycanda iş axtaranların sayı daha çox olduğundan əmək bazarında maaşlar nisbətən aşağı formalaşır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR