Astarada bir həftə əvvəl itkin düşmüş uşaq tapılıb.
AZXEBER.COM APA-ya istinadən bildirir ki, oktyabrın 26-da səhər saat 10 radələrində rayonun Rinə kəndində kənd sakini, 1999-cu il təvəllüdlü Şahid Kərəm oğlu Əzizov qoz yığmaq məqsədilə meşəyə gedib və bir daha geri qayıtmayıb.
Şahid Əzizov 10-cu sinif şagirdidir. Onun 3 bacısı var. Atası Kərəm Əzizovun sözlərinə görə, Şahid evdən çıxan zaman hava dumanlı olub.
Uzunmüddətli axtarış tədbirləri isə nəticə verməyib.
Milli.Az-ın əldə etdiyi məlumata görə isə meşədə itkin düşmüş 16 yaşlı Şahid Əzizov artıq tapılıb. Astara Rayon Polis Şöbəsindən Milli.Az-a bildiriblər ki, 10-cu sinif şagirdi Ş.Əzizovun itkin düşdüyü barədə məlumat daxil olandan sonra onun axtarılıb tapılması üçün tədbirlər həyata keçirilib, amma axtarışlar heç bir nəticə verməyib. Amma 2 gün əvvəl Şahid Əzizov tapılıb. İlkin ehtimala görə, hava dumanlı olduğundan uşaq meşədə azıb və geriyə qayıtmaq üçün yolu tapa bilməyib.
Rinə kənd icra nümayəndəliyindən Milli.Az-a bildiriblər ki, hazırda uşağın yanına kənar şəxslər buraxılmırlar. Onun hadisədən sonra güclü psixoloji sarsıntı keçirdiyi deyilir. Hazırda Ş.Əzizovun itkin düşməsi səbəbləri, həmçinin bir neçə gün ərzində soyuq havada meşədə tək-tənha harada və necə daldalandığı və nə ilə qidalandığı araşdırılır.