Laçının yeni inkişaf üfüqləri

Laçının yeni inkişaf üfüqləri
SİYASƏT
13:02 29.08.2023
501
2020-ci il sentyabrın 27-də mənfur düşmənə qarşı Vətən müharibəsinə başlayan Azərbaycanın müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək 44 gün sonra hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad etdilər.
Dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, lakin bağlanan üçtərəfli müqavilənin şərtlərinə əsasən müvəqqəti olaraq Laçın şəhəri və Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Nəhayət ki, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri ordumuz tərəfindən nəzarətə götürüldü və həmin gündən etibarən burada geniş tikinti-quruculuq işlərinə başlandı. İndi Laçın böyük bir tikinti meydançasını xatırladır.
Bu gün Laçın Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam edir, mehmanxana kompleksinin təməli qoyulub, avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin, "Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, "Həkəri Balıq Təsərrüfatı”nın, "AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin "Mişni” və "Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib.
Cari ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri 234 ailəyə qucaq açıb və 904 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
26 avqust – azad, abad Laçının Şəhəri Günüdür, qürur günüdür. Belə ki, Laçın şəhəri günü Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində ötən ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır.
Dövlət başçısının ötən ilin bu günü paylaşdığı mətndə deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".
Dövlət başçısı ilk növbədə, laçınlıları Şəhər Günü münasibətilə ürəkdən təbrik edib: "İlk dəfədir ki, Laçında Şəhər Günü keçirilir, böyük təntənə ilə, böyük coşqu ilə keçirilir. Bildiyiniz kimi, azad edilmiş ərazilərdə bir müddət bundan əvvəl mənim Sərəncamımla şəhər günlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur, Şəhər Günləri təsis edilmişdir. Şəhər Günləri şəhərlərimizin azad edilməsi günləridir. Laçın şəhəri isə 26 avqust tarixində tamamilə azad edilmişdir".
Laçınlıların doğma torpaqlarına qayıdışına laçınlılar qədər sevinən, həyata keçirdiyi müqəddəs işdən zövq alan cənab Prezident İlham Əliyev bildirib ki, laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar mayın 28-dən etibarən artıq buradadırlar. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq.
Ermənistan və onun havadarları nə qədər şivən salıb "humanitar böhran” deyib bağırsalar da, dünya həqiqəti anlayır. Biz öz torpağımızda, öz Vətənimizdə qurub yaradırıq. 30 ildə ancaq söküb dağıtmaqla, xarabalıqlar yaratmaqla məşğul olan haylardan fərqli olaraq kimsənin torpağında gözümüz yoxdur. Sərhədimizi də torpağımızı da qorumaq iqtidarındayıq. İndi bizim güclü ordumuz, yenilməz sərkərdəmiz, ən əsası isə Vətən sevgimiz var.
Onu da qeyd edək ki, ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.


Naftalan şəhər sakini Elyar Cəfərov



OXŞAR XƏBƏRLƏR