Livanda vəziyyət necədir? - İsrailin bombardmanlarına Hizbullahdan ağır cavab

DÜNYA
13:59 24.09.2024
135
İsrail ilə Livan arasında davam edən qarşıdurmalar dünən pik həddə çatıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ötən gün Hizbullah İsraildə bir bələdiyyə binasını vurub.

Livandan atılan raketlərin İsrailin şimalındakı Kiryat Şimona bələdiyyəsinin binalarına düşməsi nəticəsində böyük dağıntılar baş verib. İsrail yanğınsöndürmə qrupları bölgədə yanğını söndürməyə başlayıb.
 
BMT-nin Beynəlxalq Uşaqlara Yardım Fondu UNICEF dünən İsrailin Livanı bombalaması nəticəsində azı 35 uşağın öldüyünü açıqlayıb. Məlumata görə, dağıntılar altında qalan çoxlu uşaq itkin düşüb.
 
İsrailin intensiv bombardmanları altında olan Livanda insanlar bombalardan xilas olmaq üçün yer axtarır. Bölgədəki böhranı koordinasiya edən Livanın ətraf mühit naziri Nasser Yassin Reuters agentliyinə bildirib ki, məktəblərdə və digər obyektlərdə 89 müvəqqəti sığınacaq yaradılıb.
 
İsrail döyüş təyyarələri Livanın cənubunda bir çox bölgəyə çoxsaylı hava zərbələri endirib. İsrail Livanın cənubundakı Humin əl-Favka qəsəbəsini ağır bombardman edib. Bombardman nəticəsində bölgədə bir çox evin xarab olduğu görülüb.

2023-cü il oktyabrın 8-dən İsrail-Livan sərhədində tərəflər arasında zaman-zaman şiddətlənən qarşıdurmalar yaşanır.
 
Qeyd edək ki, Hizbullahın İsrailə mümkün hücumlarıyla bağlı Azərbaycan Hava Yolları (AZAL) təhlükəsizlik məqsədilə Bakı-Təl-Əviv reyslərini dayandırıb. 
 
Açıqlamada qeyd olunub ki, Təl-Əviv sərnişinləri biletlərini geri qaytara bilərlər.
 
Bildirilib ki, göstərilən marşrut üzrə uçuşların bərpası ilə bağlı qərar şərtlər əsasında elan olunacaq.

Mikayıl
OXŞAR XƏBƏRLƏR