Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Rusiyanın “Lukoil” şirkətinin törəmə müəssisəsi olan və şirkətin “Şahdəniz” yatağındakı öhdəliklərini yerinə yetirən “Lukoil Overseas Shah Deniz Ltd” (LSD) şirkətinə kredit verilməsini təsdiqləyib.
AYİB-dən AZXEBER.COM-a verilən məlumata görə, bu barədə yanvarın 12-də qərar qəbul edilib.
Şirkət “Şahdəniz” layihəsinin birinci mərhələsinin genişləndirilməsi çərçivəsində layihədəki payının maliyyələşdirilməsi üçün kredit almaq üçün müraciət etmişdi.
Layihədə LSD-nin payı 10% təşkil edir. Kreditin məbləği 200 milyon dollar həcmindədir.
“Şahdəniz” layihəsinin birinci mərhələsinin genişləndirilməsi üçün investisiya 2,128 milyard dollar təşkil edir ki, LSD-nin payı 212,8 milyon dollardır.
Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurası şirkətə kredit verilməsinə dekabrın 10-da baxmalı idi, lakin təxirə salınmışdı.
“Şahdəniz” yatağının işlənməsi üzrə saziş 1996-ci il iyunun 4-də imzalanıb.