Mahir Emrelinin Xorvatiyanın dəyişməz çempionu "Dinamo”da çıxış edəcəyi vaxt bilinib.
Mahir artıq 3 gün sonra – fevralın 6-da Xorvatiya çempionatında autsayderlərdən olan "İstra 1961”ə qarşı oynaya biləcək.
Lakin onun Pula şəhərindəki səfər matçına yollanması sual altındadır. Buna səbəb cəmi 3 gündür ki, Mahirin komandaya qoşulmasıdır. Üstəlik, Emreli 1 aydan çoxdur ki, heç bir komanda ilə birgə məşq keçməyib. Bu səbəbdən də baş məşqçi Jelko Kopiçin onu start heyətə daxil etməsi gözlənilmir.
Mahirin meydana çıxmaq ehtimalı böyük olan matç isə fevralın 12-də olacaq. Burada "Dinamo” məşhur "Maksimir” stadionunda "Qoritsa” komandasını qəbul edəcək. Fevralın 18-də "Sevilya” ilə UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk görüşünə çıxacaq Zaqreb komandası iki gün sonra çempionatda "Lokomotiva”nı qəbul edəcək. Fevralın 24-də isə məşhur "Sevilya” ilə Zaqrebdə cavab görüşü olacaq.
Qeyd edək ki, Mahir Emreli "Dinamo” ilə 2025/26 mövsümünün sonunadək müqavilə bağlayıb.