Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib - Fotolar

Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib - Fotolar
İQTİSADİYYAT
15:14 28.02.2025
750
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunu təşviq etmək məqsədilə təlim keçirilib.

AZXEBER.COM xəbər verir ki, 60-a yaxın iştirakçının qatıldığı təlim "Bakcell” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə tərəfdaşlığı çərçivəsində baş tutub.

İl ərzində planlaşdırılan təlimlər silsiləsinin ilk sessiyasında media nümayəndələrinə rəqəmsal təhlükəsizlik sahəsində əsas risklər, kibertəhlükəsizlik insidentlərinə qarşı müdafiə üsulları və rəqəmsal medianın informasiya təhlükəsizliyindəki rolu barədə ətraflı məlumat verilib.

Təlim iştirakçıları, eyni zamanda süni intellektin kibertəhlükəsizlikdə tətbiqi, məlumatların məxfiliyi və kiberfırıldaqçılıq riskləri kimi vacib mövzular ətrafında müzakirələr aparıblar.

"Telekom sektorunda süni intellekt və innovasiyalar getdikcə daha böyük rol oynayır və biz media nümayəndələrinin bu trendləri yaxından izləməsinə kömək etməyi vacib hesab edirik. İnanırıq ki, təşkil etdiyimiz təlimlər iştirakçıların texnoloji yeniliklərə dair biliklərini artırmağa və rəqəmsal sahədəki dəyişiklikləri daha dolğun işıqlandırmalarına imkan yaradacaq”, - deyə, "Bakcell"in baş direktoru Klaus Müller bildirib.

İRİA-nin İdarə Heyətinin sədri Fərid Osmanov isə təlimin əhəmiyyətini vurğulayaraq bildirib: "Media cəmiyyətin yeniliklərə açıq olmasında və innovativ düşüncənin formalaşmasında mühüm rol oynayır. Son dövrlərdə kibertəhlükəsizlik və rəqəmsal ekosistemin qorunması xüsusilə aktual məsələyə çevrilib. Bu təlimlər media nümayəndələrinə yalnız rəqəmsal bacarıqlar qazandırmır, eyni zamanda, onları kibertəhlükəsizlik risklərinə qarşı daha hazırlıqlı edir. Rəqəmsallaşan dünyada medianın təhlükəsiz informasiya mühitini qoruması strateji əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, "Bakcell” 2012-ci ildən etibarən hər il media nümayəndələri üçün innovasiya və texnologiyalara dair təlimlər təşkil edir. Bu il isə ilk dəfə olaraq tədbirlərini daha geniş miqyasda keçirərək, İRİA ilə birgə reallaşdırıb.

Ölkədə innovasiya mövzusunda liderliyini qoruyan hər iki qurum il ərzində mütəmadi təlimlər təşkil edəcək. Süni İntellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik, innovasiya kimi mühüm mövzuları əhatə edən proqram iştirakçılara rəqəmsal transformasiya dövründə müasir media trendlərinə uyğunlaşmaq üçün praktik biliklər qazandıracaq.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR