Mehman Cavadoğluna ithaf

KÖŞƏ
14:56 15.12.2010
3560

 

Qapılarını küləklərə bağlamış həyətin

Yelkənlərini tufana açmış gəminin

Bir də qalın divarları

Düşmənə dayanmış şəhərin

Arxayınlığı var içimdə

Səbrim bu qədər sonsuz

Kinim bu qədər dərindi…

Sənsə başını burax, dost

qoy qadınların

Döşləri arasında ehtiras əvəzinə

Dərman şüşəsi saxlayacağı

Vaxtlara qalsın bütün sevişmələr


 
qoy atalarını

Bir parça çörək dərdinə yox

Böyük savaşlara səsləyən

Çoçuqlar doğmasın ölkəmin qadınları

qoy sevgini, sevgilini

Hamıdan, hər şeydən sonraya

Saxlasın kişilər

Biz onsuz da bilirik

O qədər uzun deyil bu həyat


 
İndi mənim başıma

Od ələnən yaşımdı

Söykənib bir divara

Güllələnən yaşımdı.

Sərxoş ayılmalıyam

Özgə yataqlarında

Özümü asmalıyam

Otel otaqlarında

Bir sevgili uduzub

Dost itirən yaşdayam

Geçə küçədən evə

it gətirən yaşdayam

Mənsə hər səhər evdən

Yorğun, əzik çıxıram

Ayaqqabım narahat

Əynim nazik çıxıram.

Boğazımı göynədən

Qəhər yox, soyuq olur

İt yerinə əlimdə

Bir buzlu toyuq olur…

Salam, şair, darıxıram, bu təklik

Yenə məni üzüyumşaq tanıdı.

Yenə payız, yenə soyuq, yenə mən

Yenə yerim sobaların yanıdı

Hələ sənə demədiyim bir gerçək

Hələ sənə açmadığım yalan var

Düz bir ildi yuxu yata bilmirəm

Qorxuram ki, yastığımda ilan var

Ağ tük tapdım arasından saçımın

Qoparmadım, saxlamışam, çoxalsın

Otuz ildə cavan qalıb neynədim?

Canı çıxsın, saçlarımın, qocalsın.

Gəl, bir gün oturaq qədəh-qədəhə

Görək, göz yaşından nə qalır, şair?

İçimdə ən məsum mələklər ölür,

Ən gözəl qadınlar qoçalır, şair!

mənbə abzas.net

OXŞAR XƏBƏRLƏR