Mehriban Əliyeva və Leyla Əliyevaya medal verildi

MƏDƏNİYYƏT
16:33 10.04.2015
2548
AMEA-nın İnsan Hüquqları İnstitutu tərəfindən bu gün “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda beynəlxalq konfrans keçirilib.Tədbirin əsas məqsədi ermənilərin əzəli Azərbaycan torplaqlarında dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq olub.Konfransı giriş sözü ilə açıq elan edən AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri doktoru Aytən Mustafayeva Avropa insan hüquqları təşkilatlarının təsis etdikləri beynəlxalq Rövşən Mustafayev adına Fondun və AMEA İnsan hüquqları İnstitutunun birgə təşəbbüsü və təşkilatçılığı ilə insan hüquqları sahəsində olan fəaliyyəti dəstəkləmək və bu fəaliyyəti stimullaşdırmaq məqsədi ilə hazırlanmış prof. Rövşən Mustafayev adına Beynəlxalq Fondun və AMEA İnsan Hüquqları İnstitutunun “Prof. Rövşən Mustafayev” medalı və sertifikatının təsis olunduğunu bildirib.O, çıxışı zamanı ilk belə medalı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfəsini verən Heydər Əliyev Fondu tərəfindən milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanmasında, ölkəmizin dünya miqyasında daha geniş təbliğ olunmasında, qədim və zəngin mədəniyyətə malik xalqımızın milli mənəvi dəyərlərinin qorunmasında və təbliğində, təhsil, səhiyyə və ekologiya sahəsində həyata keçirilən layihələrdə əldə olunan uğurlara, torelantlıq və multikulturalizm mühitinin formalaşmasında göstərdiyi müstəsna xidmətlərə, eləcə də, Heydər Əliyev Fondunun 10 illik fəaliyəti dövründə əldə etdiyi nəaliyyətlərə görə Azərbaycanın Birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təqdim edib.Sonra isə medalı Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılmasında, beynəlxalq erməni terrorunun törətdiyi cinayətlər haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılmasında, beynəlxalq aləmdə Xocalı soyqırımının siyasi, mənəvi, hüquqi müstəvidə tanınmasına nail olmaq məqsədi ilə başladığı “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma və təbliğat kompaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin təbliğində müstəsna xidmətlərinə və kompaniyanın 7 illik fəaliyyəti dövründə əldə etdikləri nəaliyyətlərə görə isə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Baş koordinatoru Leyla xanım Əliyevaya təqdim edib.O deyib ki, Rövşən Mustafayev Qafqazda ilk siyasi elmlər doktoru, eyni zamanda Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı Sərəncamla yaradılmış İnsan Hüquqları İnstitutunun qurucusudur.Daha sonra ermənilərin tarix boyu Azərbaycan xalqından xoş münasibət görmələrinə baxmayaraq, onların bizə qarşı daim qərəzli mövqeyindən əl çəkmədiyini vurğulayıb, bu “qonşuluğun” mütəmadi olaraq soyqırımı, terror, kütləvi qətllərlə müşayiət olunduğunu söyləyib.A.Mustafayeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq Xocalı soyqırımının insanlığa qarşı həyata keçirilən ən ağır cinayət olduğunu bildirmiş və bu cinayət hadisəsi haqqında obyektiv məlumatların bütün dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.Tədbirdə iştirak edən Türkiyəli qonaq Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri Alev Kılıç deyib ki, aparılan araşdırmalara əsasən, beynəlxalq terrorizmin ayrılmaz hissəsi olan erməni terrorizmi yüz ildən çoxdur ki, mövcuddur. Belə ki, 1885-ci ildə Osmanlı İmperiyasının ərazisində terror və gərginlik strategiyasının köməyi ilə türk dövlətinin süqutuna nail olmaq məqsədi daşıyan “Armenakan” partiyası yaradılmışdı. “Qnçaq” və “Daşnaksütyun” partiyalarının silahlı dəstələri I Dünya müharibəsindən sonra Azərbaycan və Şərqi Anadolu ərazilərində şəhər və kəndləri yandırmış, qarət edib, insanları kütləvi şəkildə məhv ediblər.Müzakirələr zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzü və beynəlxalq təşkilatlar, soyqırımın pislənməsində qeyri-hökumət təşkilatlarının rolu ilə əlaqədar problemlərin bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparılmış, iştirakçılar müzakirə olunan məsələ ilə bağlı təklif və mülahizələrini bildiriblər.Konfransın gedişatı boyunca ermənilərin onlara qarşı törədildiyini iddia etdikləri qondarma soyqırımı cəfəngiyyatının heç bir tarixi sənədlərə əsaslanmadığı faktlarla sübut olunmuş, iştirakçılar müzakirə olunan məsələ ilə bağlı təklif və mülahizələrini söyləyiblər.Tədbirdə həmçinin Milli Məclisin deputatları, nazirlik və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər, Türkiyə, Almaniya, Gürcüstan və Moldavadan olan elm xadimləri, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR