Məktəb kitabxanaları – düşünən gəncliyin təməl beşiyi

Məktəb kitabxanaları – düşünən gəncliyin təməl beşiyi
SOSİAL
12:56 29.10.2025
153

Tariximizin və mənəvi dəyərlərimizin qorunub gələcək nəsillərə ötürülməsində mühüm rol oynayan mədəniyyət ocaqlarından biri də kitabxanalardır. Təhsil prosesinin vacib tərkib hissəsi olan, insanlara bilik və maarif yolunda bələdçilik edən kitabxanalar zəngin mədəni irsimizin yaşadılmasında və gələcək nəsillərə ötürülməsində əvəzsiz əhəmiyyət daşıyır.

Bu baxımdan məktəb kitabxanalarının rolu danılmazdır. Oxuma vərdişinin formalaşması, diqqətin inkişafı, müstəqil düşünmə və analiz bacarığı kitabla başlanır. Araşdırmalar göstərir ki, kitabxanadan mütəmadi istifadə edən şagirdlərdə təfəkkür çevikliyi, yaradıcılıq və tənqidi baxış daha güclü olur. Kitab insanın ən sadiq dostu, ən səssiz, amma ən dəyərli müəllimidir. O, bizə həyatı, insanlığı, sevgini, səbr və müdrikliyi öyrədir. Hər bir kitab bizə yeni bir dünyanın qapılarını açır, düşüncə və təxəyyül aləmimizi genişləndirir, yeni ideyalar və üfüqlər qazandırır.

Kitabxana isə bu bilik xəzinəsinin qorunduğu, toplanaraq gələcək nəsillərə ötürüldüyü müqəddəs bir məkandır. O, təkcə kitabların saxlandığı yer deyil, həm də elm, tərbiyə, mənəvi zənginlik və yaradıcılıq ocağıdır. Məhz məktəb kitabxanaları da şagirdlərin elmə, ədəbiyyata, tarixə və dünyanı dərk etməyə olan marağını artırır, onları düşünən, araşdıran, mütaliə edən fərdlərə çevirir. Kitabxanada hər kitab bir müəllim, hər oxucu isə yeni bir öyrənəndir.
Hər il 22 oktyabr – Beynəlxalq Məktəb Kitabxanaları Günü dünyanın əksər ölkələrində qeyd olunur. Bu əlamətdar gün 1999-cu ildə YUNESKO-nun təşəbbüsü ilə təsis edilib, 2005-ci ildən isə Beynəlxalq Məktəb Kitabxanaları Assosiasiyası tərəfindən rəsmiləşdirilib. Hazırda bu gün dünyanın bir çox ölkəsində olduğu kimi, ölkəmizin məktəblərində də xüsusi olaraq qeyd olunur. Bu gün sadəcə bir tarix deyil, həm də bilik, maarif və oxu mədəniyyətinin bayramıdır. Onun qeyd olunması kitabın və kitabxananın elmin inkişafında, insan şəxsiyyətinin formalaşmasındakı rolunu bir daha təsdiq edir.

Məktəb kitabxanalarında keçirilən "Oxu saatı”, "Müəlliflə tanışlıq”, "Kitab müzakirəsi”, təqvim günləri, şəhidlərimizin qəhrəmanlığı və klassiklərimizin yaradıcılığı mövzularında təşkil olunan dəyirmi masalar kitabxanaların fəaliyyətində mühüm yer tutur. Belə tədbirlər şagirdlərdə yalnız bilik deyil, həm də emosional zəka və ünsiyyət bacarığını formalaşdırır. Bu gün məktəb kitabxanası həm də tədqiqat, yaradıcılıq və müstəqil öyrənmə mərkəzi kimi fəaliyyət göstərir. Təsadüfi deyil ki, UNESCO məktəb kitabxanalarını "öyrənmənin hər mərhələsində dayaq nöqtəsi” adlandırır. Çünki burada şagirdlər öz təfəkkürlərini formalaşdırır, intellektual sərvətə çevrilirlər.

Şagirdlərin mütəmadi olaraq dərsliklərlə təmin olunmasını əsaslı şəkildə həyata keçirən məktəb kitabxanaları həm də milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayır. Burada vətənpərvərlik mövzusunda kitablar, klassik ədəbiyyat nümunələri, Azərbaycan tarixi və mədəni irsi ilə bağlı nəşrlər, müxtəlif sahələri əhatə edən nəfis nəşrlər xüsusi yer tutur. Şübhəsiz ki, bu kitablar yeniyetmə və gənclərdə dövlətçilik ruhunu, vətənpərvərlik, milli kimlik və məsuliyyət hissini formalaşdırır.

Azərbaycan qanunvericiliyində və dövlət siyasətində kitabxanalar

Ölkəmizdə gənclərin sağlam, savadlı və vətənpərvər formalaşması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Gənclərin savadlı formalaşması üçün orta məktəblər baza rolunu oynayır. Kitabxanalar isə bu prosesdə mühüm yer tutur. Buna görə də kitabxana fondlarının zənginləşməsi hər zaman diqqət mərkəzində olub.
Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsi məsələsi xüsusi yer tutub. Kitabxananı xalq, millət və cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik və zəka mənbəyi hesab edən Ümummilli Liderin bu sahəyə göstərdiyi qayğı nəticəsində ölkənin kitabxana sistemi və şəbəkələri qorunub saxlanılıb, ixtisaslı kitabxanaçıların sayı artıb.

1996-cı ildə "Kitabxana işi haqqında” qərarın, 1998-ci ildə isə "Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi, 29 dekabr 1998-ci ildə Prezident Heydər Əliyev tərəfindən imzalanmış və həmin gündən qüvvəyə minmiş Qanun, eləcə də 12 mart 1999-cu il tarixli Fərman bu sahədə sistemli fəaliyyətin əsasını qoydu.

Prezident İlham Əliyevin 12 yanvar 2004-cü ildə imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam və 6 oktyabr 2008-ci ildə imzaladığı "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” bu istiqamətdə mühüm hüquqi baza yaratdı. Bütün bu addımlar kitab nəşrinin artmasına, kitabxanaların zənginləşməsinə, o cümlədən məktəb kitabxanalarının formalaşmasına ciddi təkan verdi.

"Elektron kitab asandır, amma kağız kitab dəyərlidir”

İnformasiya axınının gücləndiyi, texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə kitabxanaların fəaliyyəti dəyişsə də, onların mahiyyəti eyni qalır. Müasir kitabxanalar həm ənənəvi çap resurslarını, həm də elektron bazaları bir arada təqdim edir. Elektron kitabxanalar axtarış və məlumat əldə etmə baxımından rahatlıq yaratsa da, kağız kitabla birbaşa təmasın verdiyi dərin hissi, düşüncə zövqünü və təxəyyül genişliyini əvəz edə bilmir. Məhz bu harmoniya müasir məktəblərin təhsil strategiyalarında "hibrid kitabxana” modelinin formalaşmasına səbəb olub. Lakin ənənəvi kitabxana sakitlik, diqqət və dəyərlərin qorunduğu məkan kimi öz üstünlüyünü qorumaqdadır.

Nümunə olaraq, Türkiyədə "Z-kitabxanalar” layihəsi çərçivəsində məktəblərdə rəngarəng, rahat və interaktiv oxu məkanları yaradılıb. Lakin paralel şəkildə ənənəvi kitab fondları da qorunur. Kitabxanaçıların sözləri ilə desək: "Elektron kitab asandır, amma kağız kitab dəyərlidir.”

Bu gün texnologiyanın geniş tətbiq olunduğu Yaponiyada məktəb kitabxanaları "ədəbiyyat mədəniyyətinin ocaqları” kimi fəaliyyət göstərir. Şagirdlər hər kitab təqdimatından əvvəl müəllifin həyatı və yaradıcılığı barədə təqdimatlar hazırlayır, bu da onların bilik, nitq və yaradıcılıq bacarıqlarını inkişaf etdirir. Bir çox Avropa ölkələrində məktəb kitabxanaları mahiyyətcə mərkəzi kitabxanalardan heç də geri qalmır. Bu kitabxanalar geniş ictimaiyyət üçün açıqdır. Valideynlər uşaqları ilə birlikdə kitab müzakirələrinə qatılır, oxu mədəniyyəti ailədən məktəbə, məktəbdən isə cəmiyyətə ötürülür.

Azərbaycan məktəb kitabxanaları da dünyada gedən müasir yanaşmaları tətbiq edir və bu istiqamətdə inkişafı diqqətdə saxlayır. Son illərdə kitabxana fondlarının yenilənməsi, elektron kataloqların yaradılması, oxu guşələrinin təşkili və ədəbi tədbirlərin keçirilməsi artıq xoş bir ənənəyə çevrilib. Müasir məktəb kitabxanası bu gün həm tədqiqat, həm müzakirə, həm də mənəvi inkişaf məkanı kimi fəaliyyət göstərir.

Bütün bu təşəbbüslər göstərir ki, məktəb kitabxanaları yalnız tədrisin deyil, həm də milli-mənəvi dəyərlərin, oxu mədəniyyətinin və düşünən gəncliyin formalaşmasının əsas dayaqlarıdır. Kitabxana bilik məbədi, hər zaman formalaşmaqda olan yaradıcı nəsillərin təməl beşiyidir. Odur ki, əziz oxucular, gəlin, kitab sevgisini daim yaşadaq, kitabı özümüzə ən yaxın dost, kitabxananı isə ikinci evimiz bilək!

186 nömrəli tam orta məktəbin 
Kitabxana müdiri Zəminə Quliyeva

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri