"Əyani tədris prosesinin bərpası yoluxma dinamikasına birmənalı şəkildə təsirini göstərəcək”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, məktəblərin açılması ilə yolxuma dinamikasının artması gözləniləndir:
"Məlum olduğu kimi, bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris qismən bərpa edildi. Əyani tədris prosesinin bərpası yoluxma dinamikasına birmənalı şəkildə təsir edəcək. Çünki bərpa nəticəsində 1 milyon 300 minə yaxın insanın aktiv hərəkəti olacaq. Düzdür, 5 apreldən sonra bölgələrdə əyani dərslər davam edirdi. Amma bu gündən etibarən fəaliyyəti bərpa edilən məktəblərdə ümumi şagirdlərin 45 faizə qədəri təhsil alır. Buradakı təhsil işçiləri və şagirdlərin sayı yoluxma dinamikasına da təsir edir, buna görə də yoluxmanın artması qaçılmazdır”.
Kamran Əsədov onu da qeyd edib ki, vaksinasiya prosesi səbəbindən yoluxmanın pik həddə çatması gözlənilmir:
"Hazırda orta ümumtəhsil məktəblərində çalışan təhsil işçilərinin 70 faizə qədəri vaksinasiya prosesindən keçib. Eyni zamanda valideynlər arasında da bu proses sürətlə davam edir. Bütün bunların hər biri bizi ümidləndirir ki, tədris prosesi bərpa olunduqdan sonra yoluxma sayı kəskin şəkildə artmayacaq. Əgər hansısa məktəblərdə yenidən yolxuma halları geniş yayılarsa, həmin məktəblər 14 günlük bağlana bilər. Hər bir halda yoluxmanın pik həddə çatmaması üçün bütün lazımi tədbirlər görülməlidir”.
Aydın Nuri