“Mən də ona “belə də sənə 2 milyon verərəm, məhkəməyə niyə verirsən ki?” cavabını verdim”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında xalq artisti Ramiz Novruzov Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əli Nurla ANS telekanalının binasında aralarında düşən mübahisədən danışrakən söyləyib. O, Əli Nurun onu məhkəməyə verməsi xəbərinin doğru olmadığını bildirib:
“Mən o verilişdə çıxış edərkən də dedim. Dedim ki, bəzi aktyorlar efirlərdən elə fikirlər səsləndirirlər ki, bunların çoxu həqiqətə uyğun deyil. Məsələn, deyirlər ki, 80-ci illərdə mən Akademik Milli Dram teatrına gəlməsəydim teatr çökərdi. Mən bu fikri səsləndirdim. Daha sonra veriliş bitdi və mən studiyadan dəhlizə çıxdım. Bu zaman Əli Nur mənə yaxınlaşdı və məni məhkəməyə verəcəyini dedi. O mənə, “səni məhkəməyə verib 2 milyon təzminat alacam” dedi. Mən də ona “belə də sənə 2 milyon verərəm, məhkəməyə niyə verirsən ki?” cavabını verdim. Sonra mən bilən o kanal rəhbərliyinin yanına getdi. Sözün düzü, mən bu fikri ümumi demişdim. Niyəsə o bunu öz üzərinə götürüb. Qaldı ki, bizim əlbəyaxa olmağımıza. Onu deyə bilərəm ki, belə bir şey olmayıb. Birincisi mən o əxlaqın sahibi deyiləm ki, tamaşaçılarımın önündə kiminləsə vuruşum. İkincisi də mən elə aciz adam deyiləm ki, kimsə məni ANS-də döyməyə cəhd etsin. Belə bir cəhd olsa mən onun qarşılığını verməyə hazır gücdəyəm”.
Məsələ ilə bağlı aznews.az əməkdar artist Əli Nurla əlaqə saxlayıb. O, məlumatın tam həqiqətə uyğun olduğunu söyləyib: “Həmkarım Ramiz Novruzun ANS-də mənim haqqımda tənqidi və həqiqətə uyğun olmayan fikirləri səsləndirdiyini görən kimi dərhal kanala getdim. ANS rəhbərliyindən məni də canlı yayıma qoşmağını tələb etdim və əks tərəf isə bunun mümkünsüz olduğunu bildirdi. Mən səbr edib Ramiz Novruzun verilişdən çıxmasını gözlədim. O verilişdən çıxan kimi mənimlə üzləşdi və mən özüm barəmdə Ramiz Novruza "niyə yalan məlumatlar danışırsan" sualını verdim. Əks tərəf isə barəmdə danışmağın düzgün olduğunu mənə söylədi və aramızda dava düşdü ”.