Metroda gediş haqqı niyə artdı?

MARAQLI
00:57 29.11.2011
1858

Əli Məsimli: “Bu, yaşayış minimumunun 108 manata çatdırılması ilə bağlıdır”

Dekabrın 1-dən etibarən Bakı metropolitenində gediş haqqının 15 qəpikdən 20 qəpiyə qədər artırılması bu yaxınlarda yaşayış minimumunun 108 manata çatdırılması ilə bağlıdır. Bu fikri ANS-ə bu gün Tarif (Qiymət) Şurasının keçirdiyi iclasda qəbul edilmiş qərara münasibət bildirərkən iqtisadçı, millət vəkili Əli Məsimli söyləyib. Millət vəkili hesab edir ki, 108 manat yaşayış minimumu istehlak mallarının qiymətinin artması və nəqliyyat tariflərinin qaldırılması fonunda çox azdır. Parlament üzvü vəziyyətdən çıxış yolunu tapmaq üçün bir sıra təkliflər irəli sürür. “Əgər əhalinin böyük qismi ay ərzində 100-150 manat gəlir əldə edirsə, bilmir bu pulla bir aylıq ərzaq tələbatını ödəsin, yoxsa özünün pal-paltarını alsın. Bu vəziyyətdən çıxışın ən optimal yolu xüsusən aztəminatlı təbəqənin maaşlarının, pensiyalarının və onlara verilən müavinətlərin artırılmasıdır. Məhz bu artımla onların ailə büdcəsinə son qiymət artımı mənfi təsir göstərməyəcək”. Xatırladaq ki, 2009-cu ilə qədər Azərbaycanda metropoliten tarifləri 5 qəpik idi. 2009-cu ilin oktyabrında Tarif Şurasının qərarı ilə gediş haqqı 3 dəfə artırılaraq 15 qəpiyə qaldırıldı. Həmin vaxt bu qərar insanlar arasında böyük narazılığa səbəb olmuşdu. Qeyd edək ki, Tarif Şurası Azərbaycanda metro tariflərini MDB ölkələrindəki tariflərlə müqayisə edib. Belə ki, Moskvada metroda bir gediş 71 qəpik, Sankt-Peterburqda 63 qəpik, Kazanda 38 qəpik, İstanbulda 74 qəpik, Kiyev və Tiflisdə 20 qəpikdir. Bunu əsas gətirən Tarif Şurası Azərbaycanda metro ilə gediş haqqının aşağı olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR