Almaniyalı jurnalist olsaydım, işdi-şayət komandam 6 oyundan sonra 3 xalla 5-ci yerdə qərarlaşsaydı, son 4 oyuna 12 xal qazanmağın, deməli, ən azı qrup ikincisi kimi qitə birinciliyinə yollanmağın xəyallarını cızardım. Amma bir halda ki azərbaycanlıyam, onda gəlir-çıxarı minimumlarla hesablamalıyam. Reallıq hissi mənə qalan 4 oyunda maksimum elə bu sayda xal toplaya biləcəyimizi deyir. Yəni Belçika və Türkiyə ilə oyunlarda nəyəsə ümid etməyə dəyməz, odu ki, əvvəlcə Qazaxıstanı məğlub edib, qrup sonuncusu olmayacağımızı rəsmiləşdirməli, 1 xallıq nəzarət atəşini isə Avstriyanın başına çaxmalıyıq.
Foqts sonuncu mətbuat konfransında da istefa verməyəcəyini birmənalı şəkildə bildirdiyindən, belə çıxır ki, yığmanı tsiklin son oyunlarına məhz o çıxaracaq. Mümkün 3 və ya 4 xal isə alman mütəxəssisin postunda qalacağı deməkdi. Axı belədə Foqtsa dəstək qrupu nəticənin əvvəlki tsikllə müqayisədə daha yaxşı olduğuna dair dəlil qazanacaq. Bu başqa məsələ ki, hər tsikldə xal ehtiyatını 1 vahid artırmağın tərəfdarı olanların məntiqiylə, inşallah, yığmamızı böyük turnirlərin final mərhələsində yalnız çürüyən sümüklərimiz görəcək. Məsələn, bu artım tempi ilə AÇ-2024-ün seçmə mərhələsini 12 xalla bitirəcəyik ki, bu da heç 2-ci yeri tutmağa belə ümid vermir.
Zarafat bir yana, şəxsən mənə elə gəlir ki, nəinki istənilən yerli məşqçi, hətta istənilən jurnalist də son 4 oyunda 4 xal qazanmağı bacarar. Bu boyda söz-söhbətdən, Astana rüsvayçılığından sonra qazaxları Bakıda məğlub edə bilməsək, Mübariz Mənsimovun bir neçə il əvvəl açıqladığı plana uyğun olaraq, bütün stadionların yerində eşşək ferması tikməyə dəyər. Söhbət azərbaycanlıların zooloji dünyasında xüsusi yeri olan heyvana xüsusi sevgidən getmir ha. Sadəcə, dörd seçmə oyunda bir dəfə də qazaxlardan üstün ola bilməyən futbolçuların pul qazanmasındansa, eşşəklərin nəsil artımı millətin etnopsixoloji yaddaşının, təfəkkürünün formalaşmasında daha böyük rol oynayardı.
Foqtsu qovmağın bütün dərdlərimizə məlhəm olacağına da inanmıram. Ondan sonra gələnin hansısa qeyri-adi nəticəyə imza atacağını düşünmək sadəlövhlük olardı. İndiki qeyri-vətənpərvər, burnundan uzağı görə bilməyən, topla yox, pul kisəsi ilə yatıb-duran futbolçu nəsliylə böyük hədəflərin heç xəyallarını da qurmaq mümkün deyil. Amma bir önəmli məqam var ki, o da Foqtsun yüksək ödənişli məşqçi olmasından ibarətdi. Faktiki AFFA artıq heç bir hədəfi qalmayan yığmanın əcnəbi, bahalı çalışdırıcısına pul xərcləyir. Foqtsun qalmasının tərəfdarları olanlar belə məqamda adətən, gileylənib durur ki, AFFA məgər sənin pulunu xərcləyir? Yox, əşi, bir bu qalmışdı. Pul çox olanda israfçılıq etmək guya yaxşı əlamətdi ki? Digər tərəfdən, Foqtsu AFFA-ya sırıyan işbazlar müqaviləyə komanda hədəflərinə çatmayacağı halda baş məşqçinin maaşına baxılması haqda da maddə salmalıydı. Bu başqa məsələ ki, həmin işbazlar çox güman, yığmanın hədəfi kimi yalnız qrup sonuncusu olmamağı göstərib. Ötən seçmə mərhələdə Lixtenşteynin sayəsində buna nail olduq, bu dəfə də təki Allah sentyabra qədər qazaxların canına dəyməsin. Hərçənd iki seçmə mərhələnin müqayisəsi də nikbinlik üçün əlyeri qoymur. Məsələn, ötən dəfə 10 oyuna cəmi 14 top buraxmışdıqsa, bu dəfə 6 oyuna norma artıqlamasıyla dolub. Deməli, həyəcan təbili çalmağın vaxtıdı.
A-dan Z-yə hər kəsin qılafını qoruduğu Azərbaycan futbolunda Foqts məsələsinə birdəfəlik nöqtə qoyulmalıdı. Şəxsən mən son dörd oyun üçün Qazaxıstanı məğlub etməkdən başqa hədəfin qalmadığını nəzərə alıb, günü bu gün onu göndərərdim. Yox, kompensasiyadan qorxub göndərmirlərsə, onda maaşına yenidən baxsınlar. Açığı, "Foqts kompensasiya tələb edər, yoxsa etməz" mövzusunda da dəqiqlik yoxdu. Eşitdiyimə görə, o hardasa içdiyi kofenin çekini AFFA-ya təqdim edib pulunu istəməyi bacarır. Amma biz azərbaycanlılar da adamı halal pulundan imtinaya məcbur edən o qədər təxribat mexanizmləri bilirik ki...
Mahir RÜSTƏMLİ, Futbol+ qəzetinin baş redaktoru