Mitinqdə insanları döyən futbolçu deputat olacaq?

MARAQLI
06:32 23.04.2011
2062


- Özünüzü bir neçə cümlə ilə təqdim edin.

- Mən Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Əvvəllər futbolla məşğul olmuşam. Daha sonra futbola meylim azalandan sonra, ölkənin iqtisadi inkişafına töhfələrimi verməyə başlamışam. Azad vətəndaş kimi bizneslə məşğul olub, çalışmışam dövlətimə kömək edim.

- Hazırda nə işlə məşğulsuz?

- Hər mənada dövlətimə, dövlətçiliyimə xidmət edirəm. Özümün biznesim var...

- Bilmək olar nə biznesidir?

- Mənə məxsus obyektlər var. Atamdan qalıbdır. Onları təmir etdirib, biznes yoluna gətirib, onlarla məşğul oluram.

- İcarə veribsiniz?

- İcarəyə də verirəm, özüm də istifadə edirəm.

- Siz harada anadan olubsunuz?

- Bakı şəhərinin Nəsimi rayonunda.

- Hansı məktəbi bitiribsiniz?

- 7 nömrəli məktəbi bitirmişəm, 1999-cu ildə.

- Ailəlisiniz?
- Gəlin belə məsələlərə toxunmayaq.

- Deməli, 27 yaşınız var...

- Bəli, özüm 34 ölkədə olmuşam.

- Nə gəzirdiniz?

- Gəzirəm, xoşum gəlir. Ölkə gəzmək mənim hobbimdir. Ərəbistanda, İtaliyada, Küveyt, Dubay, İngiltərə, Almaniyada və digər ölkələrdə olmuşam. 14 dəfə İngiltərədə olmuşam. Devid Bekhemin oyundan sonra maykasını əlindən alıb 4 min dollara satmışam. Əli Kərimli heç onun stadionun içinə girə bilməz. Mən girmişəm o stadiona. Azərbaycan yığma komandasının orada olan bütün futbolçuları bunu təsdiq edə bilər.

- Futbolla nə əlaqəniz var?

- Mən futbolu sevirdim, futbola can yandırırdım, Sonradan futbolda olan problemlərə görə uzaqlaşdım.

- Nə problemi?

- Fuad Musayevin dövründə alternativ futbol qurumları var idi. O zaman futbolçularımız çayxanada oturub çay içməklə məşğul olurdular. Ondan sonra futbola meylim azaldı.

- Hansı komandada idiniz?

- “Qarabağ”da sağ yarımmüdafiədə oynamışam.

- Komandanın baş məşqçisi kim idi?

- Şahin Diniyev. Sonra bu karyeramı bitirmişəm. Mən bura qısa qol köynək geyinib gəlmişəm ki, bəzi-bəzi müxalifətdə olan insanlar məni narkoman adlandırılar. Lazım olsa həkimdən də arayış gətirərəm. Mən hər zaman narkotikdən uzaq olmuşam. Məni tanıyanlar hər biri təsdiq edə bilər ki, mən indiyədək içki də içməmişəm. Mən öz sağlamlığımla məşğul olmağı və ölkə gəzməyi özümə hobbi sayıram.

- Sizin polislə nə əlaqəniz var?

- Onların yanında gəzmək ayıb bir şeydir? Ölkənin sabitliyini qoruyan insanlardır. Mən həmişə özümdən böyük adamlarla gəzmək istəmişəm.

- Siz hüquq-mühafizə orqanının əməkdaşı deyilsiniz?

- Mən İctimai Şuranın üzvüyəm.

- Nə vaxtdan?
- Beş ildir.

- Axı İctimai Şura heç iki il deyil yaradılıb.

- Nə olsun ki, yaranıb. 5 il bundan qabaq könüllü xidmət etmişəm. Mən polisin, neftçinin də yanında, fəhlənin də yanında olmuşam. Mən universal bir insanam.

- İctimai Şuradan qabaq polisdə xidmət edibsiniz?

- Xidmət etməmişəm. Könüllü kömək etmişəm. Məsələn, 2009-cu ildə Neft Akademiyasındakı hadisəsi baş verəndə dönər aparatımın qabını doldurmaq üçün taksi çağırmışdım. Atəş səsi eşitdim. Dərhal rayon polis idarəsinin rəisi Məmməd Mikayılova və Respublika Cinayət axtarış Şöbəsinin rəisi Emin Şəkiniskiyə zəng edib, hadisə ilə bağlı məlumat verdim. Yollar tıxac idi. 50 yaşlı rayon polis rəisinin 30 yaşlı bir insan kimi necə sürətlə qaçıb hadisə yerinə gəldiyini gördüm.

- Daxili işlər naziri ilə şəxsi əlaqələriniz varmı?

- Bu hadisənin baş verməsi barədə nazirə ilkin şahid kimi ifadə verdim. Şəxsən Ramil Usubovla tanışlığım yoxdur. Amma nazir məni o ifadədən tanıyır. Rüstəm Usubovun da qabağında məruzə etmişəm. Məni respublikada çox adam tanıyır.

- Son günlər aktivliyinizdən sonra sizə hər hansı bir təşəkkür-filan edilibmi?

- Mənim heç kəsin təşəkkürünə ehtiyacım yoxdur. Mən bunu könüllü etmişəm. Etməmişəm ki, kimsə mənə təşəkkür etsin.

- Sizin mülki geyimdə aksiya keçirən bir qadını xoşagəlməz bir formada uzaqlaşdırmağınız düz deyil axı...

- Mən qadını qıçından tutub aparmamışam. Onu sakitləşdirmək üçün polisə kömək etmişəm. Onu yaxınlıqda olan maşına əyləşdirmişik. Mən nə qadını söymüşəm, nə vurmuşam, nə təhqir etmişəm.

- Bu işə görə gəliriniz varmı?

- Xeyr, heç pul almıram. Əksinə, bütün xərcləri - yol pulu, yeməyimi, gəzməyimi özüm ödəyirəm. Öz gücümlə. Heç kəsin də puluna ehtiyacım yoxdur. Demokratik ölkəmiz var, iş yerlərimiz bol.

- Nazim Quliyevlə qohumluğunuz barədə danışardınız?

- Mənim onunla qohumluğum yoxdur. Sadəcə bir ədavətimiz olub. O da bitmiş bir mövzudur. Nazim Quliyev öz yolunda, mən öz yolumda. Qardaşımla onun ədavəti olub. İndi qardaşım da rəhmətə gedib. Ailəvi ədavətimiz olmuşdu.

- Ədavətiniz nə ilə bağlı olub?

- 2001-ci ildə Nazim Quliyev qonşuluqda olub. Onun işi ayrıdır, mənim işim ayrı. Neçə ildir ondan heç bir xəbər də eşitmirəm.

- Bilirsiniz həbsdədir?

- Xeyr, bilmirəm. Sizdən eşidirəm.

- Axı siz onu polisə veribsiniz vaxtı ilə?

- Mən onunla maraqlanmamışam. Bəyəm mən Azərbaycanda hər tutulanla maraqlanmalıyam? Mənim şikayətim onunla bağlı 2002-ci ilə olub. Onu izləməli deyildim ki...

- Biz eşitdiyimizə görə onunla sizin aranızda şəxsi məsələ olub, sadəcə yazmaq istəmirik...

- Heç bir şəxsi məsələ olmayıb. Ailəvi söz-söhbətimiz olub. O da mənim qardaşımla olan ədavətidir. İndi qardaşım bu dünyada yoxdur. Ona görə də, bu məsələyə çox toxunmaq istəmirəm.

- Sizin Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə əlaqələriniz haqqında da yazırlar.

- Mən MTN-də 6 ay İstintaq altında olmuşam. Mən ora təqsirləndirilən şəxs kimi çağırılmışam, ifadəmi də vermişəm. İstədikləri vaxtı çağırıblar, gedib gəlmişəm. Onlara hörmətlə yanaşmışam. Səhvimi də başa düşmüşəm. Səmimi etiraf etmişəm, cinayətin açılmasında böyük köməklik göstərmişəm.

- Hərbi xidmətdə olubsunuz?

- Mən hər yerdə olmuşam... Əgər bugünki gündə...

- Bir dəqiqə, deməli, hərbi xidmətdə olmayıbsınız?..
- Siz elə şeylər soruşursunuz ki... Olmuşam, olmamışam?.. Mən də deyirəm ki, olmuşam.

- Harada xidmət edibsiniz?
- Siz soruşdunuz mən də dedim olmuşam.

- Həm də internet klubunuz var?

- İnternet klubum da var. Ora bir maarifləndirici klubdur. İnsanları elmə çağırıram.

- Siz indi nəyin davasını edirsiniz?

- Mən Əli Kərimlinin davasını edirəm. Hamı istirahət günü gəzməyə çıxır. Mən özüm, qohumlarım, xaricdən qonaqlarım olur. Çıxırıq gəzməyə. Mənə deyirlər bax bu niyə qışqırır? Hər şeyimiz var. Mən də deyirəm ki, bunlara yer verirlər, ancaq bunlar mərkəzdə qışqırırlar. Mənə xoş deyil bu ictimai yerlərdə...

- Neçə dil bilirsiniz?
- Kürd, ərəb, ingilis, rus, türk, Azərbaycan.

- Milliyyətiniz haqda məlumat verə bilərsiniz?

- Azərbaycanlıyam. Bununla da qürur duyuram.

- Siz türksünüz?

- Mən azərbaycanlıyam, bakılıyam.

- Kürd dilini harada öyrənibsiniz? Axı beynəlxalq dil deyil?

- Mənim üçün beynəlxalq dildir. İbrahim Tatlısəs də kürd dilini bilir. O deməkdir ki, asılmalıdır.
Kürd dilini bilmək günah deyil. Prezidentimiz ingilis dilini bilir. Heç ingilis o dili elə bilmir. Mənə başucalığıdır. Əgər bu gün rəhbər şəxs, ulu öndərin oğlu dillərə etimad göstərib, dil öyrənirsə, mən niyə öyrənməməliyəm? Mən elə prezidentimə baxıb güc almışam.

- Bir sözlə, özünüzü Azərbaycan hakimiyyətinə və dövlətinə həsr edibsiniz də...

- Bəli öz mübarizəmə. Müxalifəti də sevmirəm. Niyə sevməliyəm ki?

- Niyə nifrət etməlisən ki?

- Onlar ölkənin qanunlarına uyğun hərəkət etmirlər. Yaxşı ki, parlament seçkiləri-zad olur. O yumşaq kresloları onlar görürlər.

- Gələcəkdə namizədliyinizi vermək fikriniz varmı?

- İnşallah növbəti çağırışda namizədliyimi verəcəyəm. Ümid edirəm ki, Yeni Azərbaycan Partiyasını sevən gənclər məni dəstəkləyəcəklər.

- Siz YAP-ın üzvüsünüz?

- Mən bitərəfəm. Amma istəyirəm ki, bu həftə ora müraciət edim. Könüllü bir vətəndaş kimi müraciət edəcəyəm. Əgər müraciətim qəbul olunarsa, fəxr duyaram. Mənim üçün ikinci bir fəxr olar. Hətta “Şöhrət” ordeni kimi bir şey olar. Mənim 2001-ci ildə oktyabrın 7-də Ulu Öndərlə də görüşüm olub. Ulu Öndər gəzinti zamanı bizim yaşadığımız məhəllənin qabağından keçirdi. Mən prezidentin çiyninə əlimi qoyub şəkil çəkdirmişəm.

- Sizin davanız Əli Kərimli ilədir?

- Yox, İsa Qəmbərlə də var. Əli Kərimlinin övladı Oksfordda oxuyur. Bilirsiniz, o, Azərbaycan müəlliminə etibar etmir. Bilir ki, Azərbaycan müəllimi İlham Əliyev hakimiyyətini, gördüyü işləri tələbəyə danışacaq. Uşaqlar da gəlib deyəcəklər ki, ay ata bəs deyirsən ki, mən etmişəm hər şeyi. Ona görə də, xarici universitetlərdə oxudur, xeyri də ingilisə verir. O qədər müasir məktəblər var. Bir millət, iki dövlət deyirik. Getsin Türkiyədə oxutsun da. Nə yaxşı Metyu Brayzaları var. İstədiyi vaxt qapısını açıb içəri girir. Heç kim Azərbaycanın daxili işlərinə qarışa bilməz. Əli Kərimli ilə İsa Qəmbər İlham Əliyevin ayaqqabısını geyinə bilərlər, ancaq onun yerişini yeriyə bilməzlər.

- Başqa nə sözün?
- Hə, bir də mənim adımı işdən çıxarılan MTN-nin generalı Əli Nağıyevlə hallandırırlar. Onunla heç bir əlaqəm yoxdur, bu düzgün deyil.

Qafqazinfo.az

 

OXŞAR XƏBƏRLƏR