"Problem bugünkü məğlubiyyətdə deyil, "Qarabağ"a uduzmaqdadır. Bu gün də üç xalımız olmalı idi. Ancaq bunu başqa yerdə qazanmalıyıq. Hesab edirəm ki, bu gün heç olmasa bir xal almaq üçün kifayət qədər çalışdıq, amma alınmadı".
Bunu Portuqaliya təmsilçisi "Benfika"nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Çelsi"yə 0:1 hesabı ilə məğlubiyyətdən sonra mətbuat konfransında deyib.
Mourinyo debüt matçında məğlubiyyətin səbəbini əvvəlki oyuna bağlayıb.
"Biz təşkilatlanmış oynadıq, "Çelsi"ni yaxşı öyrənmişdik və onun meydandakı sxemlərinə qarşı uğurla mübarizə apardıq. Müdafiədə əla təsir bağışladıq, amma sonradan çətinliklər yarandı. Üç mərkəz yarımmüdafiəçimiz sarı vərəqə aldı və çoxsaylı dəyişikliklər etməli olduq. Bunun öhdəsindən də yaxşı gəldik. Çalışdıq, amma kifayət etmədi. Yenə də təəssürat müsbətdir", - o bildirib.
Qeyd edək ki, əvvəlki turda "Benfika" doğma meydanda Azərbaycan təmsilçisi "Qarabağ"a 2:3 hesabı ilə uduzmuşdu. Həmin məğlubiyyətdən sonra baş məşqçi Brunu Laje istefaya göndərilmiş, onun yerinə Joze Mourinyo təyin olunmuşdu.
\Oxu.Az