Mobil operatorun sponsorluğu ilə məşhur xanəndə Fərqanə Qasımovanın ilk CD-diskinin təqdimat mərasimi keçirildi.
AZXEBER.COM-un məlumatına görə, Azərbaycan xalqının mədəni irsinə bağlılığı ilə fərqlənən “Nar Mobile” mobil operatoru milli musiqiyə dəstək verməyə davam edir. Milli mədəniyyət nümunələrini hər zaman diqqət mərkəzində saxlayan mobil operator bu dəfə məşhur xanəndə və əməkdar artist Fərqanə Qasımovanın ilk solo-diskinin təqdimat mərasiminin sponsorluğunu öz üzərinə götürdü.
“Nar Mobile” mobil operatoru və “SS Production” reklam agentliyinin dəstəyi ilə Avstriyanın “Sony DADC” şirkətində istehsal edilən “Yalnız ona doğru” adlı 11 mahnıdan ibarət musiqi albomunun təqdimat mərasimi fevral ayının 11-də “Four Seasons Baku” otelində keçirildi. Tanınmış incəsənət xadimlərinin, ziyalıların və KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edənlər arasında olan “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai məşhur xanəndənin ilk albomunun təqdimat mərasiminin sponsorluğunu üstlənməkdən böyük qürur hissi duyduqlarını və “Nar Mobile” mobil operatorunun gələcəkdə də bu kimi milli-mənəvi əhəmiyyəti olan layihələrə dəstək verməyə davam edəcəyini bildirdi.
Xatırladaq ki, xanəndə Fərqanə Qasımova 20 ilə yaxındır ki, atası – dünya şöhrətli ifaçı Alim Qasımovla birgə Azərbaycan musiqisini ən yüksək səviyyədə təmsil etməkdədir. Bu dövr ərzində Fərqanə Qasımova yalnız Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da böyük rəğbət qazanmağa müvəffəq olmuşdur.