Azərbaycan Tibb Universitetində (ATU) öz işinə başlayan XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar konqresi bölmə iclasları ilə davam edir.
AZXEBER.COM xəbər verir ki, konqresin davamı olaraq ATU-nun Tədris Cərrahiyyə Klinikasında ürək-damar cərrahiyyəsinə həsr edilmiş konfrans keçirilib. Konfransda çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev Avrasiya Beynəlxalq Cərrahiyyə Konqresinin artıq bir ənənəyə çevrildiyini deyib. O, ildən-ilə tədbirdə iştirak edən ölkələrin və qonaqların sayının artdığını diqqətə çatdırıb: "Bu dəfə ölkəmizdə keçirilən Avrasiya Beynəlxalq Konqresində 25-ə yaxın ölkədən 150-dən çox qonaq iştirak edir. Bu cür beynəlxalq konqreslərin ölkəmizdə təşkil olunması iki cəhətdən çox vacibdir. Birincisi, bizim dünyada olan inkişafdan, irəliləyişlərdən xəbərdar olmağımız üçün belə toplantılarda iştirakımız vacibdir. İkincisi isə, bu cür tədbirlərin keçirilməsi ölkəmizdə səhiyyənin inkişafının bir göstəricisidir”.
Tanınmış ürək cərrahı ölkə cərrahiyyəsində özünəməxsus yer tutan akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin həm böyüklərdə, həm də uşaqlarda ürək cərrahiyyəsini çox uğurla davam etdirdiyini, bundan sonra elmi və praktiki fəaliyyətlərində yeni-yeni nailiyyətlərə imza atacaqlarını söyləyib. O, beynəlxalq konqresdə tam bir günü ürək-damar cərrahiyyəsinə ayırdıqlarına görə proqramın təşkilatçılarına minnətdarlığını bildirib.
Bundan sonra yerli və xarici mütəxəssislərin ürək-damar cərrahiyyəsinin aktual problemlərinə dair məruzələri dinlənilib. Mütəxəssislər konfrans iştirakçılarının ayrı-ayrı mövzularla əlaqədar çoxsaylı suallarını da cavablandırıblar.
Tibb üzrə fəlsəfə doktoru, plastik cərrah Dilqəm Məhərrəmov isə öz təcrübəsinə əsaslanaraq süd vəzilərinin müxtəlif dəyişikliklərinə görə müraciət edən pasientlər üzərində aparılan uğurlu əməliyyatlardan geniş və əhatəli şəkildə danışıb, konqres iştirakçılarını bu sahədə əldə olunan nailiyyətlər barədə məlumatlandırıb. Plastik cərrah Dilqəm Məhərrəmov pasientlərin heç bir vasitədən istifadə etmədən, süd vəzilərinin toxumalarına toxunmadan həmin vəzilərin ideal bir şəklə gətirilməsi istəkləri barədə də qeyd edərək bildirib ki, onların istəyinə uyğun əməliyyatlar aparılıb və uğurla nəticələnib. Hətta xüsusilə vurğulayıb ki, əməliyyatlar magistral damarlarda zədələnmə olmadan, demək olar ki, qansız formada icra olunub və nəticəsi də qənaətbəxşdir.
D.Məhərrəmov qeyd edib ki, plastik cərrahiyyə ilə bağlı xarici ölkələrdən də bizə müraciət edirlər və onlar üzərində aparılan cərrahiyyə əməliyyatları uğurla nəticələnir.
Konqresdə qardaş ölkə Türkiyədən də həkimlər iştirak ediblər və öz çıxışlarında müsbət fikirlərini, təəssüratlarını gizlətməyiblər. Bir dəvətlə bu konqresə qatıldığını deyən, Türkiyədən, İstanbuldan olan konqres iştirakçısı plastik uzman olaraq fəaliyyət göstərən Doktor Osman Kələhməd oğlu qeyd etmişdir ki, bu konqresin olduqca uğurlu bir konqresdir. Türkiyəli doktor burada, Azərbaycanda gözəl, uğurlu əməliyyatlar icra edildiyini gördüyünü də dilə gətirib. Hətta gələcəkdə daha böyük uğurların və nailiyyətlərin əldə ediləcəyinə ümid etdiyini də bildirib.
Plastik və rekonstruktiv cərrahiyyə barədə nailiyyətlərdən danışan həkimlər tərəfindən xüsusən, diş-çənə, burun, qulaq, ətrafların, süd vəzilərinin rekonstruksiyası nümayiş etdirilib və onlar həkim həmkarlarının onlara ünvanladıqları suallarını cavablandırıblar.