Sabah Unibank Premyer Liqasında final mərhələsinin 2-ci dövrəsinə start veriləcək.
AZXEBER.COM-un məlumatına görə, XXVIII turun oyunları üz-üzə gələn rəqiblərin mövsümdə 4-cü qarşılaşmaları olacaq. Peşəkar Futbol Liqasının rəsmi internet saytı bu dəfə XXVIII turun cütlərinin əvvəlki çempionatlardakı oyunlarının balansını təqdim edib. XXVIII tur, 14 aprel (şənbə) 1-6-cı yerlər uğrunda “Neftçi” (Bakı) – “İnter” (Bakı) +14=10-6, top fərqi – 45:26 Paytaxt təmsilçilərinin 31-ci dueli ərəfəsində “Neftçi”nin üstünlüyü aşkardır. Lakin son matçda da qalib gələn “ağ-qarlar” son 3 ev oyununda “İnter”i məğlub edə bilməyib. “Bakı” (Bakı) – “Xəzər Lənkəran” (Lənkəran) +5=10-6, top fərqi – 14:22 “Bakı” 22-ci dəfə qarşılaşacağı “Xəzər Lənkəran”la duellərdə balansı bərabərləşdirmək imkanı əldə edib. Qələbə sayında tarazlıq yaratmağa çalışacaq bakılılar son matçda rəqibini məğlub etsə də öz meydanındakı son 3 görüşdə 1 xalla kifayətlənib. “Qəbələ” (Qəbələ) – “Qarabağ” (Ağdam) +3=6-6, top fərqi – 14:19 “Qarabağ” 16-cı dəfə qarşılaşacağı “Qəbələ” ilə oyunlarda rəqibindən iki dəfə çox qələbə qazanıb. Lakin son 4 səfər oyununda qələbəyə həsrət qalan Ağdam təmsilçisi 1302 gündür ki, Qəbələdə qələbə qazana bilmir. AZAL (Bakı) –“Rəvan” (Bakı) +0=0-3, top fərqi – 2:7 Bütün oyunları cari mövsüm baş tutan paytaxt təmsilçilərinin derbisində 1 qalib var. Bu da Premyer Liqanın debütantı “Rəvan”dır. Onlar AZAL-la oyunlarda rəqibinə hələ də xal verməyib. 15 aprel (bazar) “Turan” (Tovuz) – “Simurq” (Zaqatala) +4=5-8, top fərqi – 17:23 “Turan” 18-ci duel ərəfəsində “Simurq”dan geri qalır. Lakin 4 ev oyununda rəqibinə uduzmayan tovuzlular son 2 matçda da qələbə qazanıb. “Sumqayıt” (Sumqayıt) – “Kəpəz” (Gəncə) +1=1-1, top fərqi – 6:6 Premyer Liqanın debütantı ilə ölkənin ən köklü klublarından biri yalnız cari mövsümdə qarşılaşıblar. Lakin baş tutan oyunlarda 12 qol vurulub ki, bu da kifayət qədər yüksək məhsuldarlıqdan xəbər verir.