Qadınlarımızın olimpiyada oyunlarında iştirak etmək üçün son şansı

İDMAN
15:02 19.04.2012
1455

Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası Yaponiyanın Kakamigahara şəhərində keçiriləcək London Yay Olimpiya Oyunlarının təsnifat yarışında mübarizə aparmaq üçün səfərə yola düşüb.

Trend Azərbaycan Otüstü Hokkey Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, artıq 11 ölkənin hokkeyçiləri Londona vəsiqəni özlərinə təmin edib və olimpiadanın qayğıları ilə yaşayırlar. Sonuncu lisenziyanın sahibi isə aprelin 25-dən mayın 6-dək "gündoğar" ölkədə keçirilən seçmə turnirdə müəyyənləşəcək.

Otüstü hokkeyçilərin Olimpiya Oyunlarında 12 milli komanda mübarizə aparır ki, onların da biri yarış sahibi və 8-i vakant yer kimi qitələr üzrə müəyyənləşdirilir. Qalan 3 iştirakçı isə dünya reytinqində yüksək xalı olan 18 komanda arasında təşkil edilən 3 turnirdə aşkar olunur. Bu il fevralın 18-dən 26-dək Hindistanın paytaxtı Dehli şəhərində baş tutan təsnifat yarışında Cənubi Afrika Respublikasının hokkeyçiləri 5 rəqibini arxada qoyaraq Londona vəsiqəyə sahib olmuşdular. Martın 17-dən 25-dək Belçikada keçirilən digər turnirdə isə meydan sahibləri bütün rəqiblərindən üstün olaraq adlarını London olimpiadasının iştirakçıları sırasına yazdıra bildilər. Son vəsiqənin sahibi isə mayın 6-da final qarşılaşmasından sonra məlum olacaq. Kakamigahara şəhərində milli komandamızla yanaşı, Malaziya, Belarus, Avstrya, Yaponiya və Çili hokkeyçiləri mübarizə aparacaq.

Qeyd edək ki, hokkeyçilərimiz Kakamigahara şəhərində ilk oyunlarını aprelin 25-də Malaziya komandasına qarşı keçirəcəklər. Millimiz Belarus yığması ilə aprelin 27-də qarşılaşacaq. Hokkeyçilərimiz aprelin 29-da Avstriya təmsilçilərini sınağa cəkəcəklər. Mayın 1-də rəqibimiz meydan sahiləri - Yaponiya komandası olacaq.

İdmançılarımız ilkin mərhələdə sonuncu - 5-ci oyunda isə Çili yığması ilə qarşılaşacaq. Yekunda dairəvi sistemlə keçirilən yarışda 1-ci və 2-ci yeri tutan komandalar (toplanılan xallardan asılı olmayaraq) final görüşündə London Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ verən sonuncu vəsiqənin sahibinə aydınlıq gətirəcəklər.

OXŞAR XƏBƏRLƏR