“Qlobal iqtisadi proqnozlar artıq dəyişir” – İqtisadçıdan açıqlama

“Qlobal iqtisadi proqnozlar artıq dəyişir” – İqtisadçıdan açıqlama
İQTİSADİYYAT
16:53 11.03.2026
237
Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard hazırkı geosiyasi vəziyyət səbəbindən əvvəlki iqtisadi proqnozların bir hissəsinin artıq aktuallığını itirdiyini bildirib. O qeyd edib ki, mart ayında keçiriləcək iclasda yeni iqtisadi ssenarilər hazırlanacaq.

İqtisadçı Eldəniz Əmirov AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu, çox vacib bir etirafdır:

"Bu, qlobal iqtisadiyyat üçün mühüm bir etirafdır. Normal şəraitdə iqtisadi proqnozlarda müəyyən xəta payı olur və bu, adətən ÜDM və ya inflyasiya göstəricilərində 1–3 faiz bəndi səviyyəsində dəyişir, bəzi hallarda isə 5 faiz bəndinə qədər çata bilər. Lakin hazırkı qlobal vəziyyətdə məsələ artıq sadəcə statistik xəta deyil, bütöv iqtisadi ssenarilərin dəyişməsi səviyyəsinə gəlib çatıb”.

İqtisadçı qeyd edib ki, bügünkü qlobal iqtisadiyyat əvvəlki kimi deyil: 

"Dünyada müharibələr, enerji şokları və siyasi qərarlar qısa müddətdə iqtisadi mənzərəni kökündən dəyişə bilir. Bu səbəbdən o, uzunmüddətli – 3 və ya 5 illik iqtisadi proqnozlara ehtiyatla yanaşmaq vacibdir. Əgər Avropa Mərkəzi Bankı kimi böyük maliyyə institutunun rəhbərliyi belə birillik proqnozların tez-tez yenilənməsinə ehtiyac yarandığını etiraf edirsə, bu, qlobal iqtisadiyyatın əvvəlki kimi sabit və proqnozlaşdırıla bilən sistem olmadığını göstərir”. 

E.Əmirov bildirib ki, qeyri-müəyyənliyin idarə olunması əsas iqtisadi gücə çevrilib:

"Hazırkı şəraitdə ən real yanaşma uzunmüddətli "dəqiq rəqəmlər”ə deyil, müxtəlif ssenarilər üzərində düşünməyə üstünlük verməkdir. Çünki müasir dövrdə əsas məsələ konkret rəqəmlərdən çox, qeyri-müəyyənliyin düzgün idarə olunmasıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR