İki il də beləcə keçdi, Emil. Düz iki ildir, yoxsan. Bu iki ildə nələr olmadı… Sən gedərkən olanların da çoxusu qalmadı! Ümidlər ölüb getdi, arzular da… Bir mən ölmədim, Emil! Səndən fərqli, xilas ola bilmədim. Ruhumdan, qardaşım mənim! Ruhumdan…
… Var idin, Emil, sağ idin. Hamıdan sağ idin, hamıdan yaxın. Sən də uzaqlaşdın… Sən mənimlə olanda, uzaq olan dərd-bəla da, sən gedəndə fürsət qazandı sanki… Üstümə gəldi, Emil! Divarlar üstümə gəldi, tüstümə gələn olmadı, mən yandım… Özüm öz içimdə. Belə baxanda, heç nədən… Ruhumdan, sirdaşım mənim! Ruhumdan…
… O da var idi – sevgilim, Emil. Sənin sevgilindən fərqli, nisgilim. Hə, Emil! Sən sevincindən dərdi gizlədirdin, mən dərdə öz sevincimi fəda verirdim necə… Səndən sonra o məni anlayacaq, ruhumu rahlayacaq düşünürdüm… O isə mənə “aciz” dedi, Emil! Sənli yuxuları da, sənli anıları da… Mənə çox gördü, Emil!
Və mən səndən ancaq özümə danışdım, Emil! Doymadım, durmadım, susmadım! Səni ağlamaqdan usanmadım. Gilə-gilə göz yaşları… Yox, qəlpələr tökülməyə başladı. Ruhumdan, həmyaşım mənim! Ruhumdan…
… Masazıra köçərkən, heç mən səni tanımırdım, Emil! Masazırdan gedəndə yalnız səni düşündüm. Masazırda bir sən yad idin, Emil – Eyni cür düşünən, yox, əslində… Düşünməkdən üşənən həmyaşlarım içində. Və həm də ki… Masazırda doğma olan bir sən idin, Emil! İndi çox maraqsızdır… Bezmişəm, lap küsüb getməyim gəlir… Ruhumdan, yoldaşım mənim, ruhumdan!
Sənə görə xərçəngə çox qarğış etdim, Emil! Sənə görə, həm də vuruldum ona. Sənin dostunla dostlaşmaq istədim. Layiq bilmədi, Emil! Arada-bir gözə görünüb itdi… Ancaq bir fahişənin bürcü tək əziz oldu…
Qurdluq qalmadı, Emil! Xərçənglə bacarmadı. Yolbayımı aparmışdı, son silahdaşımı da oğurladı… Özümə dəymir, Emil! Qorxduğunu düşünmürəm, yəqin özünə rəqib görmür məni…
O vaxtdan, çox qəribələşib həyat. Mən qum saatına dönmüşəm, Emil! Tanrı gedən dərdləri yenə geri çevirir… Yox, məni çevirir. Mən yenə də… Mən hələ də, iki ildir, hər ili eyni başlayıb, eyni cür bitirirəm… Doluram, boşalıram – həm ümid, həm də qəmlə. Görəsən, niyə, Emil? Yəqin ki, boşalmağın dəyəri var… Yenidən dolacağın anları düşünmədən. İndi isə, süzülə-süzülə axıb gedirəm. Ruhumdan, mənim dərddaşım! Ruhuma.
Rüfət Əhmədzadə