Salyanda ağır yol qəzası olub, avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin xilas edilib

Salyanda ağır yol qəzası olub, avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin xilas edilib
HADİSƏ
22:37 31.12.2024
634
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Salyan rayonunun Kürsəngi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

"Report"un Aran bürosu xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Muğan Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Hyundai Tucson” markalı minik avtomobilinin, ilkin ehtimala görə, yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirirək çevrilməsi nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sərnişinin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalması müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi alətlərin köməyi ilə yol-nəqliyyat qəzası zamanı nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Əhmədov Rafət Hilal oğlu avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Qeyd edək ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Kürsəngi kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR