2020-ci il sentyabrın 27-də düşmənin təxribatlarına qarşı əks-hücum əməliyyatları ilə başlayan və şanlı qələbə ilə başa çatan Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, qazilərimizin, müharibədən zərər çəkən mülki şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən bir sıra mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyevin bununla əlaqədar imzaladığı Fərman və sərəncamların, bu istiqamətdə həyata keçirilən siyasətin prioritet istiqamətini müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Vətən Müharibəsində möhtəşəm Zəfərimizin qazanılmasında müstəsna rol oynayan Vətən Müharibəsi Qəhrəmanlarının sosial müdafiəsinin təmin edilməsi məqsədilə Vətən Müharibəsi Qəhrəmanı üçün Prezidentin aylıq təqaüdü (2 000 manat) təsis olunmuş, eyni zamanda Azərbaycanın Milli Qəhrəmanına Prezidentin aylıq təqaüdü artırılaraq 1500 manatdan 1800 manata çatdırılmışdır.
Ölkə başçısının tapşırığına əsasən, şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatı proqramı da geniş miqyas almışdır. Bu proqramların həyata keçirlməsi nəticəsində indiyə qədər minlərlə şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib, minlərlə şəxsə avtomobillər verilib.
Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT” Fondu) yaradılması dövlətin bu kateqoriyadan olan vətəndaşlara həssas münasibətini bir daha əks etdirir. Fondun idarə edilməsi prosesinə qazilərin və şəhid ailələrinin üzvlərinin cəlb edilməsi də cəmiyyət tərfindən böyük rəğbətlə qarşılanmışdır. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə fonda bir sıra dövlət təşkilatları, ali təhsil müəssisələri, ictimai təşkilatlar tərəfindən vəsait köçürülmüşdür. Fond tərəfindən şəhid ailələri və qazilərin məişət şəraitinin yaxşılaşdırılması, onların borc öhdəliklərinin qarşılanması, tibbi və təhsil xərclərinin ödənilməsi kimi xeyirxah addımlar atılır.
Dövlətin bu sahəyə diqqət və qaygısının daha bir təzahürü kimi cənab Prezident İlham Əliyevin imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmana əsasən Azərbaycanda rayon və şəhər icra hakimiyyətlərində "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılmasını da xüsusi qeyd etmək lazımdır. Şöbə müdiri və böyük məsləhətçi ştatlarından ibarət olmaqla yaradılan şöbənin demək olar ki, bütün şəhər və rayonlarda Vətən Müharibəsində iştirak edən qazilərdən formalaşdırılması da olduqca təqdirəlayiq haldır. Bütün bu cür həssas məqamların, incəliklərin nəzərə alınması bir daha dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə qayğısını əks etdirir. Dövlət başısının tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi də Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərini, yaralanmış hərbçilərin ailə üzvlərini, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkən vətəndaşları özünüməşğulluq proqramına cəlb etmiş, onların rifah halının yaxşılaşdırılması istiqamətində səmərəli addımlar atmışdır.
Dövlətimiz tərəfindən əhalinin həssas təbəqəsi olan Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə, qazilərə və onların ailələrinə, əlillərə və müharibə veteranlarına göstərilən hərtərəfli diqqət və qayğının miqyası günü-gündən artır, bu kateqoriyadan olan vətəndaşlara ən müxtəlif proqramlar çərçivəsində sosial dəstək göstərilir. Bütün bunlar qalib və qüdrətli Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin hər zaman öz vətəndaşının yanında olmasını, eyni zamanda xalq-iqtidar birliyinin sarsılmazlığını ifadə edir.
Esmira Zərbaliyeva
BDU-nun Kitabxanaçılıq-informasiya
fakültəsinin əməkdaşı