Sevil Nuriyeva: “İddiam çox böyükdür” – MÜSAHİBƏ

MARAQLI
19:29 28.03.2011
1710
Tanınmış jurnalist, televiziya aparıcısı, “Asiya dialoqu” İctimai Birliyinin həmtəsisçisi və sədri Sevil Nuriyeva Türkiyənin məşhur “Star” qəzetində köşə yazarı kimi çıxış etməyə başlayıb. Yeni fəaliyyəti ilə əlaqədar Sevil Nuriyeva Lent.az-ın suallarını cavablandırıb.

- Sevil xanım, bildiyimiz kimi ,Türkiyənin məşhur “Star” qəzetində köşə yazılarınız işıq üzü görəcək. Bu təklif sizə kim tərəfindən gəldi? 

- “Star” qəzeti əvvəlki formatından çox fərqli şəkildə - yeni loqo və yeni stillə oxucularının qarşısına çıxıb. Hətta özünə “Yeni Türkiyənin qəzeti” adlı şüar seçib. Əvvəl “Star” qəzeti başqa qrupdaydı. Qəzeti başqa qrupun almasına baxmayaraq, formatda dəyişiklik etməmişdi. Amma martın 16-dan etibarən “Star” qəzeti yeni standartlarla, şüar və loqo ilə oxuculara təqdim olundu. Qəzetdə bir çox dəyişikliklərlə yanaşı, dünya çapında tanınan insanlarla, məsələn, Yaxın Şərqin Kissincer səviyyəsində analitiki sayılan Fehmi Hüveydi və digər ingilis, ərəb dünyasının məşhur yazarları ilə müqavilələr bağlandı. Türkiyə xarici siyasəti son bir neçə ildə kifayət qədər dəyişməyə, daha geniş miqyaslı düşünməyə başladı. Ona görə “Star” qəzeti də özünün yayım siyasətini Türkiyənin bu imicinə uyğunlaşdırmaq istədi. O baxımdan Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq, Avrasiya məkanı, Afrika və digər bölgələrlə bağlı yerli oxucularına analizlər verməyi özünə yeni siyasət olaraq müəyyənləşdirdi. Və təbii ki, Yaxın Şərq, Mərkəzi Asiya, Balkanlar, Afrika kimi bölgələrlə yanaşı, Türkiyənin maraq obyekti olan türk dünyası, Orta Asiya, Qafqazlar, İran və Rusiya kimi bölgələr də bu siyasətin içində önəmli yerlədən birini tutmağa başladı. Bu konsept çərçivəsində qəzetin genel yayım yönetmeni Mustafa Karaalioğludan mənə təklif gəldi. Qafqazlar, İran, Rusiya, türk dünyası bölgəsi ilə bağlı mənim yazı yazmağımı istədilər. Təklif onlardan gəldi, mən də böyük məmnuniyyətlə qəbul etdim. Çünki bu istək mənim dünya görüşümə yaxın olduğuna, qəzetin yayım siyasətini bəyəndiyimə görə, orada köşə yazarı kimi fəaliyyətə başlamağıma razılıq verdim. 

- Tamaşaçılar sizi daha çox televiziya verilişlərinizdən tanıyır. Yeni layihəniz olacaqmı? 

- Bəli, olacaq. Həm Türkiyədə, həm də Azərbaycanda. Ümumiyyətlə, bu il jurnalistika sahəsində bir neçə layihəm gerçəkləşəcək. Yeni yayım dönəmində - sentyabrda Türkiyə üçün televiziya layihəsi həyata keçirmək arzusundayam. Hələ kanalın adını çəkmirəm, onsuz da ortaya çıxanda hər kəs biləcək. 

- Bəs Azərbaycandakı layihəniz necə olacaq? 

- Yeni yayım dönəmində yerli kanalda da fəaliyyətim olacaq. Yerli televiziya üçün yeni bir informasiya şousu hazırlayıram. Yeni standartda, yeni mahiyyətdə olacaq. İddiam çox böyükdür. İnşallah, iddiamla imkanlarım üst-üstə düşər. Təəssüf ki, indi Azərbaycanda əyləncə janrına daha çox yatırımlar edilir, əyləncə daha çox dəb halına gəlib. Mənim buna etirazım yoxdur. Sadəcə mən insanların, cəmiyyətin düşündüyü məsələlərin də populyarlıq qazanması arzusundayam. O səbəbdən də indiki teleməkanda sentyabrdan fərqli bir layihə ilə ortaya çıxacağıq. Layihə Türkiyə mütəxəssisləri ilə ortaq həyata keçiriləcək. Görüntü rejissoru Türkiyədən dəvət olunacaq. Mən iddia etmişdim ki, ciddi verilişlərin də reytinqi kifayət qədər yüksək ola bilər. Yetər ki, o ciddi verilişlərə ciddi yanaşılsın, baxış bir az fərqli olsun. Təəssüf ki, Azərbaycan televiziya məkanında ciddi verilişlərə münasibət birmənalı deyil. Mən də bu baxımdan öz layihəmin olmasını istədim. Layihədə yeni üslubda olacağım üçün yayda dünya miqyasında tanınan jurnalistinin yanında təcrübə keçmək niyyətindəyəm. O jurnalist model olaraq seçdiyim, sevdiyim biridir. Adını bilərəkdən indidən açıqlamıram. 

- Biz son illər sizi ancaq ANS-də görmüşük. Yeni layihəniz necə, yenə ANS-də yayımlanacaq, yoxsa başqa bir kanalda ? 

- Əlbəttə ki, ANS mənim üçün ailə dediyim bir yerdir. Harada olmağımdan asılı olmayaraq, ANS mənim üçün həmişə önəmlidir. Mən ANS-lə bağlı düşüncəmdə birmənalı olaraq qalıram. Orada mən çox şey öyrəndim. Buna görə xüsusilə Vahid Mustafayevə təşəkkür edirəm. Amma bu yeni layihənin ANS-də olub-olmayacağını öz üzərimə götürüb deyə bilmərəm. Çünki bu, istehsalçı şirkətin - “Pozitiv production”ın kiminlə razılaşacağına bağlıdır. Yəni, mənim iradəmdən kənar bir məsələdir. İnşallah, ANS olar. Mən buna ancaq sevinərəm. Ancaq yenə deyirəm, bu, “Pozitiv production”ın kiminlə və hansı şərtlərlə razılaşacağından asılıdır. 

- Siz eyni vaxtda həm Azərbaycanda, həm də Türkiyədə yeni layihələrə başlayacaqsınız. İkisini bir arada necə çatdıracaqsınız, çətin olmayacaq? 

- Mən bir çox layihələri bu cür həyata keçirmişəm. Ümid edirəm ki, yenə çatdıracağam. Çünki verilişlər də canlı yayımlanmayacaq, əvvəldən lentə alınacaq. Dolayısı ilə bunun üsulunu bilirəm və inşallah, yenə öhdəsindən gələrəm. 

- Bəs nə vaxtsa birdəfəlik Türkiyəyə köçüb fəaliyyətinizi ancaq orada davam etdirmək fikriniz yoxdur ki? 

- Yox, mən ora heç vaxt köçmərəm. Azərbaycan mənim doğulduğum yerdir. Azərbaycanı çox sevirəm. Əlbəttə ki, Türkiyəni də. Amma mənim ailəm, nəslim-köküm, atamın qəbri buradadır. Ona görə də heç yerə köçmək fikrim yoxdur. Amma Türkiyəni Azərbaycanla eyni gördüyümə görə, mənim üçün İstanbula getmək Gəncəyə getmək qədərdir. Ya Gəncədə olmuş, ya da İstanbulda heç bir əhəmiyyəti yoxdur. Zaman bizə elə bir anlayış gətirdi ki, artıq harasa köçməyə ehtiyac yoxdur. Amma açığını deyim, professional nöqteyi-nəzərdən daha inkişaf edim deyə mən Türkiyədəki layihəmi daha bir addım irəliləyiş hesab edirəm. Sözün düzü, bu təklif mənə keçən ildən irəli sürülmüşdü. Amma onda özümlə bağlı səbəblərə və burdakı işlərimə görə edə bilmədim. Amma tele layihəmə gəlincə, bircə onu deyə bilərəm ki, çox tanınan bir kanalda yayımlanacaq. 

- Belə gərgin iş qrafiki “Asiya Dialoqu” İctimai Birliyindəki işinizə mane olmayacaq? Bu təşkilatın fəaliyyəti necə davam etdiriləcək? 

- Təşkilatla bağlı bir çətinlik yoxdur. Mənim burada daim olmağımdan asılı olmayaraq o təşkilatda kifayət qədər mütəxəssislər var. Təşkilatın layihələri də həyata keçir. Son layihəmiz Xocalının işğal dönəmində oldu. Türkiyədə Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Qafqaz İslam ordusu 1918” sənədli filminin birinci bölümünün təqdimatı keçirildi. Yeri gəlmişkən, birinci bölüm ötən cümə axşamı “TRT xəbər” kanalında efirə getdi. Qalan 4 bölüm də eyni kanalda hər həftənin 4-cü günü yerli vaxtla saat 20:50-də yayımlanacaq. Filmin 4-cü hissəsi sırf Azərbaycanda baş verən qətliama həsr olunub. Bu il də üç iri layihə gerçəkləşdirəcəyik. Onlardan biri yenə də media sahəsi ilə bağlı olacaq. Aprel ayında baş tutacaq. Allah nəsib edərsə, hamısını çatdırmağa çalışacağam. İntensivlik və aktivlik təşkilatın fəaliyyətinə mane olmur. Çünki mən tək deyiləm, kömək edənlər, təşkilatın üzvləri var. İnşallah, bu səfər də öhdəsindən gələcəyəm. 

 

OXŞAR XƏBƏRLƏR