Əməkdar artist Cavanşir Məmmədov mədəniyyətdə, şou-biznesdə təsadüfi adamların çox olduğunu deyib.
Müğənni virtualaz.org saytına müsahibəsində şou-biznesin çılpaqlıqlarından söz açıb: "Bu sənətdə, bu sahədə çoxu təsadüfi adamlardır. Görün Faiq Sücəddinov, Ağadadaş Ağayev, Cavan Zeynallı, Baloğlan Əşrəfov və başqaları elə söz deyər?! Yalan-palanla, xahiş etməklə, administratorların əlinin altından keçməklə, tapşırılmaqla səhnəyə çıxanlar bu gün şou meydanında at oynadırlar. Kişi oxuyanlar işləri düşən adamlara özləri ilə qız aparır, qız oxuyanlar da oğlan. Elə olmasın ki, adlar çıxsın ortaya. Elə eləməsinlər ki, şou-biznesdə bu gün kim nə işlə məşğuldur, kim “mama Roza”lıq edir, kim “papa Roza”lıq edir, hamısını açıb deyim. Hamısından da yaxşı xəbərim var. Yıxıb sürüyərəm onları. Ad çəksəm, aləm dəyər bir-birinə. Özlərini yığışdırsınlar. Səviyyələri olsun. Bu sənətə bu qədər hörmətsizlik yetər, bəsdir, ayıbdır. Yanlarına salırlar üç-dörd qız oxuyanı, gedib camaatın gözü qarşısında mazaqlaşırlar. Nə olub? Nə xəbərdir? “Fanatımdır” deyib min hoqqadan çıxırlar. "