Düzdür, Azərbaycan kiçik bir ölkədir, bu qədər çox tanışlıq və sosial tipli saytların çoxluğu xalqın rifahına xidmət edəcək kimi fikirlər tam mənasızdır. Xalqın yarısı Kompüterinə “internet” deyirsə, internetimi ustaya apardım tipli yanaşırsa, internetdən yalnız lazımsız məqsədlərlə, qız tutmaq, hansısa videolara baxmaq kimi istifadə edirsə bu saytların bolluqu nəyə lazım. Hər gün 10-larla belə sayt Azərbaycan internet sahəsində özünün ilk addımını atır. Elədə böyük xərc qarşılığında yaranmamasının nəticəsidir ki, hər gün həddən artıq belə reklamlarla rastlaşırıq. Xalqın da bekar hissəsinin əyləncə mənbəyidir bu tip saytlar.
Təki Toy olsun…
İkinci bir məsələ isə, axır vaxtlar insanların, gənclərin onsuz da dağıdılmış zövqlərinin daha da dağıdılmasına, yerlə yeksan edilməsinə hesablanıb. Hər zaman Azərbaycan xalqını mentalitet keşikçiləri kimi qələmə verir yerli KİV də, digər ziyalılar da, amma indi isə sanki yerin dibinə giriblər. Özünü xalqın güzgüsü elan edən iki televiziyada açılmış verilişlər nəyə hesablanıb? Pul güdmək məsələsini qoyuram bir qırağa, Azərbaycanlı sonunda pul olmayan heç bir layihəyə yardım əlini uzatmaz. Lap o layihə bəşəriyyətə lazımlı olsa da. Amma bizim iki televiziyanın subayları evləndirmək layihələri, onsuz da tükənməkdə olan TV mədəniyyətinin sonuncu akkordları kimi keçdi tariximizə. Xalqın itməkdə olan namus qeyrətinin daha da sürətli şəkildə itməsinə münbit zəmin hazırlayırlar…
Avropanı mədəniyyətsizlikdə günahlandıran “ziyalı”larımız hardadır, hara baxırlar? Yoxsa öz oğul-qızlarını onlar da o verilişlərə yollayacaqlar? Sonra gedib studiyada gələcək “Gəlin” ya da “Kürəkən”lərini tənqid ya da tərif atəşinə tutacaqlar?
Hansı çərçivəyə sığır bu verilişlərin ssenarisi? Dünən “Qızlar Bulağından” həyat yoldaşını seçmiş Mamed kişinin nəvəsi gəlib TV-dən seçir öz həyat yoldaşını. Zəng eləyir ki, mən filankəs xanım üçün gələcəyəm studiyaya. Hansı məntiqlə dəstəklənir bu veriliş, hələdə anlaya bilmiş deyiləm.
Hər zaman Avropa və Amerikanın ailə qurumunu, onların mədəniyyətini, etika-estetikasını tənqid edirik. Bu gün amma sakit oturub efirdə gedən mədəniyyətsizliyə tamaşa edirik və tamaşa etməklə də qalmayıb, rəğbətlə yanaşıb orda olanları tərif də edirik…
Bu verilişlər tam imkansız olanlara toy eləmək kimi missiya boynuna götürsə idi, bir nəfər də olsun çıxıb tənqid eləməyəcəkdi. Amma artıq verilişlərdən birinin şüarı “Evlənmək istəyirsiz? Nə durmusuz geyinin-kecinin gəlin bura” olanda cəmiyyətdə az olan düşüncə sahibləri artıq etiraz səslərini ucaldmağa başladı. Bu millət bu gedişlə namussuzluğu, qeyrətsizliyi, fahişəliyi bütün növ mənfi halları qanun çərçivəsinə salıb efirə layihə kimi çıxardacaq…Arada da ki, sms də istəyəcək…İlin ən “Erotik Gəlini” , İlin ən “Seksual” Kürəkəni, İlin ən maraqlı “Baldızı” üçün…
P.S. Bu yazını yazarkən bir sevindirici xəbər eşitdim kanalların birində yayımlanan bu verilişlərdən biri artıq bağlanıb…Deyəsən bizim tənqidlərimiz artıq kiminsə ünvanına çatır. İnşAllah bu yaxınlarda zövqü dağıtmaq kimi missiyası olan digər veriliş də bağlanar və camaat da bu əzab-əziyyətdən qurtular…
Etibar Salmanlı,
etibarli.wordpress.com