'Təbii ki, onlar yavaş-yavaş öz sözlərini deyirlər.'- MÜSAHİBƏ

İDMAN
08:36 07.05.2012
1391

AZXEBER.COM portalı Gənclər və İdman nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın yunan-roma güləşi üzrə yığma komandanın baş məşqçisi Saleh Boradan aldığı müsahibəni təqdim edir...

(Səmayə Məmmədova)- S.M: Saleh müəllim, əgər Azərbaycanın yunan-roma güləşi üzrə yığma komandasının London Yay Olimpiya oyunlarına hazırlığını 10 ballıq şkala ilə ölçsək, komandaya neçə bal vermək olar?

(Saleh Bora)- S.B: Demək belə, yunan roma güləşində 7 çəki var. Onlardan 5-i artıq lisenziya ilə təmin olunub. Bunlar 55, 60, 74, 84 və 96-dır. Vitaliy Rəhimovun məğlubiyyəti 66 kq-da lisenziyasız qalmamıza səbəb oldu. Bu gün 120 kq çəki dərəcəsində yarışacaq Məsud Həşimzadə yunan-roma güləşi üzrə lisenziya uğrunda mübarizə aparan son idmançımız olacaq.

S.M: Saleh müəllim, Vitaliy Rəhimov hər iki hissədə (2, 3) yarışın bitməsinə son saniyələr qalmış rəqibinə xal verdi. Bunu necə izah etmək olar?

S.B: Mənim fikrimcə bu bəxsizlik idi. Vitalinin rəqibi Pekin Yay Olimpiya oyunlarında məğlub olduğu Rusiya güləşçisi İslam-Beka Albiyev idi. Özünüz də gördüyünüz kimi ilk hissə Rəhimovun xeyrinə qurtardı. 2-ci hissənin sonuna 2, 3-cü hissənin isə sonuna 1 saniyə qalmış Vitaliy xalları rəqibə verdi.

S.M Əgər Vitaliy rəqibinə Pekində, olimpiya oyunlarında məğlub olmuşdusa, burada uğursuzluq Olimpiadanın bir addımlığında yaşandı.

S.B: Pekində Vitaliy də İslam da 60 kq çəki dərəcəsində yarışırdılar. Artıq hər ikisi 66 kq-da mübarizə aparır. Özünüz gördüyünüz kimi İslam da olimpiadaya vəsiqə qazana bilmədi. Bilirsiniz, gənc, yeni nəsil gəlir. Təbii ki, onlar yavaş-yavaş öz sözlərini deyirlər.

S.M: Saleh müəllim, Pekin Yay Olimpiya oyunları ilə müqayisədə, London Yay Olimpiya oyunlarına hazırlığı necə qiymətləndirmək olar? Ümumiyyətlə siz komandaya bəş məşqçi təyin olunduqdan sonra hansı güclü idmançını “mən yetişdirdim” - deyə bilərsiniz?

S.B: Düzü mənə bu barədə danışmaq çox çətindir. Mən yunan-roma güləşi üzrə yığma komandaya cəmi 7 aydır ki, baş məşqçilik edirəm. Hansısa idmançını yetişdirməyim haqda danışmağa ixtiyarım da yoxdur. Mən, yaxşı idmançıları daha güclü vəziyyətə gətirməyə çalışmışam. Amma, bir məqam var ki, 2011-ci ildə komandanın cəmi iki lisenziyası var di, artıq lisenziyaların sayı bu günə 5-dir. Bir də mənim üçün önəmli olan fakt lisenziyaların yox, medalların sayıdır.

S .M: London Yay Olimpiya oyunlarına çox az qalır. Amma siz hələ də yunan-roma güləşi üzrə Azərbaycanı təmsil edəcək idmançıların adlarını söyləmirsiniz. Bəlkə indi onların adlarını bizə deyəsiniz?

S.B (gülür). Deyə bilmərəm. Artıq hər çəki üçün 2 idmançı ayırmışam. Təbii ki, onlardan biri gedəcək. Mən bunu onların rahatlanmaması üçün edirəm. Ancaq bir məqamı diqqətə çatdırım ki, dünya kubokuna qatılmayacaq güləşçilər, Londona gedənlər olacaq.

Finlyandiya. Helsinki.

OXŞAR XƏBƏRLƏR