TIR gərginliyinin gizli qalan PƏRDƏARXASI - "Belə davam etsələr, Xankəndiyə hərbi yolla..."

TIR gərginliyinin gizli qalan PƏRDƏARXASI - "Belə davam etsələr, Xankəndiyə hərbi yolla..."
SİYASƏT
15:41 30.08.2023
2549
Xəbər verdiyimiz kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır.  Ancaq Xankəndidəki qondarma rejimin təzyiqi ilə Bakıdan göndərilən humanitar yüklər buraxılmır.

İçərisində 40 ton un məmulatları olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Eyni zamanda Fransadan Qarabağdakı ermənilər üçün göndərilən 10 ədəd "humanitar yardım” TIR-ı bu gün İrəvandan Laçına doğru yola düşüb. Bildirilir ki, Fransanın Qarabağda yaşayan ermənilərə göndərdiyi 10 yük maşınından ibarət "humanitar” yardım karvanı artıq Azərbaycanla Ermənistanın şərti sərhədindədir. 

Bölgədə "humanitar yük” adı altında gedən siyasi gərginlik ən üst səviyyəyə çıxıb. Bəs, bu proseslərin sonunda hərbi toqquşmayla qarşılaşa bilərikmi?
 


AZXEBER.COM-a danışan politoloq Elxan Şahinoğlu düşünür ki, Qarabağ separatçıları Bakıdan göndərilən humanitar yükü bir müddət qəbul etməyəcək:

"Separatçılar Fransanın erməni lobbisinin təsiri ilə Ermənistana gələcək Paris meri Ann Hidalqonun "aksiyasının” nəticəsini gözləyəcəklər. Paris meri "humanitar yüklə” Azərbaycan sərhədinə gəlməyi planlaşdırır. Erməni lobbisi Parisin merini zərbə altında qoyacaq. Çünki həmin mer Azərbaycan ərazisinə daxil ola bilməyəcək və bir neçə gün sonra geri qayıtmalı olacaq. Ermənistan hakimiyyəti Qarabağ separatçılarıyla birgə bu səfərdən də nəticə əldə etmədikdən sonra yenə eyni sualla üzləşəcək”.

Politoloqun fikrincə, Fransanın planının fiaskoya uğramasından sonra Qarabağ erməniləri arasında "Bakıdan göndərilən yükləri qəbul edək, yoxsa etməyək?" sualı ətrafında diskussiya başlayacaq:

"Aralarında fikir ixtilafı yaranacaq. Biz bir gediş də edə bilərik. Yüklərimizin qəbul edilməsi tərəfdarı olan ermənilərlə təmasa keçməli və yükləri qəbul etmək məqsədilə onlara çağırış etməliyik. Seperatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə bölgədə yaşayan ermənilər üçün gətirdiyi 40 ton un məmulatının qəbuluna əngəl yaradarsa geriyə "Azərbaycan bizi mühasirədə saxlayır”, "Bakı Qarabağ ermənilərinin sosial problemlərini dərinləşdirir”, "acından ölürük” kimi bəhanələri qalmayacaq. Sadəcə bu prosesdə ən önəmli iş diplomatiyamızın üzərinə düşür”.

Elxan Şahinoğlunun sözlərinə görə, diplomatiyamız beynəlxalq aləmi inandırmalıdır ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin sosial problemlərini həll etməyə çalışır:

"Məsələlərin həllinə imkan vermək istəməyən separatçılardır. Bu təbliğatı genişləndirə bilsək, BMT və digər təşkilatlarda "Laçın yolunu açın” kimi çağırışların effekti qalmayacaq, Fransa da oyundankənar vəziyyətə düşəcək”.
 


AZXEBER.COM-a danışan politoloq Qabil Hüseynli isə düşünür ki, hazırki proseslərə yön verən, onu idarə edən Rusiyadır:

"Yolu Rusiya bağlayır. Yola tikanlı məftilləri Rusiya döşüyüb. Necə olur ki, Laçın yolunda dayanan digər karvanın yüklərini  buraxa bilir, Bakıdan gətirilən yükləri Xankəndinə buraxa bilmir? Açıq-aydın görünür ki, prosesləri qızışdıran, proseslərə təhriki yön verən Rusiya sülhməramlılarıdır.  Hətta deyərdim ki, Rusiya siyasi rəhbərliyidir. Sosial şəbəkələrdə ermənilər tərəfindən yayılan maşınlar yandıracağıq çıxışlar isə boş-boş sözlərdir. Cəsarəti çatıb bu maşınlara yaxınlaşa, hər hansı sui-qəsd edə bilməzlər. Maşınların  təhlükəsizliyini Azərbaycan təmin edir. Deyirlər acından ölürük, biz də yardım edirik. Onlar bizim dediklərimizə əməl etməli, Azərbaycanla  rentiqrasiya olunmalıdırlar. Başqa yolları yoxdur”.

Politoloq hesab edir ki, Fransanın prosesə daxil olması işi biraz da qəlizləşdirir:

"Fransanın bu proseslərə qatılması vəziyyəti gərginləşdirdi. Fransa Prezidenti hökümətin iclasında bildirib ki, Xankəndindəki  bacı, qardaşlarımıza 10 maşından ibarət humanitar yardım göndərəcəklər. Üstəlik bu maşınlar Paris, Marsel kimi iri şəhərlərin merlərinin  iştirakı ilə sərhəd buraxlış məntəqəsindən keçməyə çalışacaq. Tamam başlarını itiriblər. Bunlar bilmir ki, bir ölkənin sərhədindən digər ölkənin sərhədinə keçmək necə olur? Müstəqil  dövlətlərin sərhədlərini keçməyin  beynəlxalq normalara əsaslanan proseduru var. Suveren  dövlətin haqqı var ki, pozulmuş hüquqlarını bərpa etsin. Elə Azərbaycan XİN-də Emmanuel Markona xəbərdarlıq edib ki, proseslərə belə məsuliyyətsiz yanaşmasın. Bu baxımdan görünür məsələ güc tətbiq edilməsinə qədər gedib çıxacaq. Hərhalda ümidimi itirmirəm ki, kompramis də əldə edilə bilər". 

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR