Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə marş bəstələyib.
Bu barədə AZXEBER.COM-a açıqlama verən Turan Manafzadə "Türkiyə 100” adlı əsərinin Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərini də tərənnüm etdiyini bildirib.
Azərbaycanın şanlı Qarabağ Zəfərindən sonra bəstələdiyi əsərlər barədə danışan Turan Manafzadə deyib: "Karyeramda mənə uğurlu qapılar açan, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz o tarixi Qələbəyə ithafən yazdığım "Azərbaycanım” və "Yüksəliş” adlı əsərlərim kimi, "Türkiyə 100” bəstəmin də bütün dünyanı dolaşacağına inanıram”.
Turan Manafzadə deyib ki, marş qısa zamanda Türkiyədə böyük populyarlıq qazanıb. Manafzadəninin bəstəsi Türkiyənin "X" sosial şəbəkəsi seqmentində trendə düşüb. Eyni zamanda qardaş ölkədə ən çox yüklənən mahnılardan olub. Azərbaycanlı bəstəkarın əsəri Samsun şəhərində keçirilən futbol yarışında da səslənib.
Qeyd edək ki, bu il oktyabrın 23-dən etibarən bütün musiqi platformalarında yayımlanacaq əsərin orkestrovkası Turan Manafzadə və beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadəyə aiddir.