“Valyuta ehtiyatlarımız 23 dəfə artıb” - İlham Əliyev

İQTİSADİYYAT
15:40 29.01.2018
1621
Bu gün Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev çıxış edib. 

AZXEBER.COM-un məlumatına görə, 2003-cü ildən Azərbaycanın böyük uğurlara imza atdığını, ölkəmizdə hərtərəfli inkişafın təmin olunduğunu vurğulayan dövlət başçısı bildirib ki, ölkədə aparılan islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanda sabitliyin təmin edildiyini, bunun mənbəyində isə xalqın iradəsinin, xalq-iqtidar birliyinin durduğunu deyən prezident ölkəmizin təhlükəsizlik, əmin-amanlıq şəraitində uğurla inkişaf etdiyini deyib. Xalqın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışan dövlət başçısı əsas məqsədin dövlətin qüdrətini artırmaqdan və müstəqilliyimizi möhkəmləndirməkdən ibarət olduğunu vurğulayıb: 

"Son 14 ildə ölkədə 30 elektrik stansiyası tikilib. Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Ölkə üzrə qazlaşdırma 93 faizə çatıb. İçməli su və kanalizasiya problemləri uğurla həll olunub. Kənd təsərrüfatının inkişafı üçün 4 su anbarı tikilib, 12 min 300 kilometr yol çəkilib və bu il bu rəqəm 15 min kilometrə çatdırılacaq. Bundan əlavə ölkədə 7 aeroport, Ələt dəniz ticarət limanı, gəmiqayırma zavodu inşa olunub. Son 14 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb. Qeyri-neft iqtisadiyyatı, sənaye, kənd təsərrüfatı sahələrində də ciddi artım əldə olunub. Valyuta ehtiyatlarımız 23 dəfə artaraq 42 milyard dollara çatıb. Son 14 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub. 

Bu dövr ərzində maaş və pensiyalar dəfələrlə artırılıb. Minlərlə məktəb, yüzlərlə tibb müəssisəsi inşa olunub". 

Dövlət başçısı yekun nitqində yeni avtomobil yollarının çəkiləcəyini, 6 rayon mərkəzi xəstəxanasının, 130 məktəbin, xalça fabriklərinin, yeni sənaye müəssisələrinin fəaliyyətə başlayacağını diqqətə çatdırıb. 

OXŞAR XƏBƏRLƏR