Avropa Parlamentində (AP) “Etnik təmizləmə və insanlıq əleyhinə törədilmiş cinayətdən sonra cəzasızlıq və məsuliyyət” adlı beynəlxalq konfrans keçirilib.
AZXEBER.COM xəbər verir ki, konfrans İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə beynəlxalq ictimaiyyət tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi məqsədi daşıyan “Xocalıya Ədalət” Beynəlxalq Təbliğat Kampaniyası çərçivəsində, İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) və EMİSCO beynəlxalq təşkilatı və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil edilib.Avropa Parlamentinin Brüsseldəki mənzil qərargahında baş tutan konfransda AP-nin müxtəlif ölkələrdən olan deputatları, Belçikada akkreditə olunmuş xarici ölkələrin səfirləri, o cümlədən müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.Konfransın açılış mərasimində AP-nin Avstriyadan olan millət vəkili Karin Kadenbadic və Saccad Karim çıxış edərək bütün dövrlərdə, xüsusilə də Xocalıda insanlıq əleyhinə törədilən qətliamları pisləyib, bunun dünyada sülh və sabitliyin pozulmasına rəvac verdiyini bildirib.Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, İƏT-in Avropa Birliyi üzrə nümayəndəsi Arif Məmmədov çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın işğalı, o cümlədən bir milyondan artıq məcburi köçkünün olması barədə məlumat verib, xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımının günahkarlarının hələ də cəzasız qaldığını diqqətə çatdırıblar.Açılış mərasimindən sonra beynəlxalq konfrans öz işini panel müzakirəsi ilə davam etdirib. Müzakirələr zamanı səsləndirilmiş fikirlər sistemləşdirilərək birgə bəyannamə şəklində imzalanaraq beynəlxalq təşkilatlara təqdim edilib.Qeyd edək ki, “Xocalıya Ədalət” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası (“Justice for Khodjaly”) 2009-ci ildən həyata keçirilir. Kampaniya tərəfindən aparılan çoxsaylı fəaliyyət nəticəsində Xocalı qətliamı İƏT Dövlət başçıları Şurası və Parlament Assambleyası, həmçinin Pakistan və Meksika parlamentləri tərəfindən soyqırımı aktı kimi tanınıb.
Qeyd edək ki, bu Xocalı faciəsi ilə bağlı Avropa Parlamentində keçirilən ilk tədbirdir.